Bu saytlara maliyyə yardımı ayrıla bilər

İnternet medianın maliyyələşdirilməsi məsələsi bir müddət öncə Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bununla bağlı Milli Məclisdə çıxışlarından biri zamanı bildirib ki, reklam bazarının tam formalaşmadığı bir zamanda xəbər portallarının öz müstəqilliklərini saxlaya bilmələri üçün internet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir.

2018-ci ildə saytlara maliyyə yardımı olacaqmı? Olacaqsa, hansı kriteriyalar əsas götürüləcək?

Bununla bağlı Metbuat.az-a açıqlama verən “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, Mətbuat Şurası İdarə heyətinin üzvü, “Əməkdar jurnalist” Vüqar Rəhimzadə bildirib ki, bu məsələ müzakirə predmeti kimi bir neçə dəfə Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) müşahidə şurasında səslənib:

“Mətbuat Şurasında məsələ gündəmdə olub. Mətbuat Şurasının sədri parlamentdə çıxışı zamanı da bu fikirləri səsləndirib. Bu il fonda ayrılmış maliyyə büdcəsində elə bir dəyişiklik olmadı. Amma məsələ gündəmdə var. Hələ ki, konkret olaraq belə bir qərar yoxdur. Məsələ hazırda müzakirədə olduğu üçün konkret hansı şərtlərin burada keçərli olduğunu deyə bilmirəm”.

Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrət mövzu ilə bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, bizim özümüz də bu mövzunu aktiv şəkildə gümdəmə gətirməyə çalışırıq:

“Əsaslandırmamız onunla bağlıdır ki, hazırda ənənəvi medianın zamanı keçməkdədir. Onlayn mediaya daha çox vəsait ayrılması məsləhətdir. Çünki informasiya məsələlərində öndə gedən, gündəmi müəyyənləşdirən bir nömrəli media onlayn mediadır. Bu baxımdan, məsələ daim gündəmdə tutulur. Əflatun Amaşov bunu Parlamentin tribunasından da səsləndirib. 2018-ci ildə bununla bağlı ümidlərimiz var. Mətbuat Şurasında da bu məsələ deyilib. Vəsaitinin ayrılması üçün bu ildən müəyyən işıq ucu görünməkdədir. KİVDF-yə maliyyənin ayrılması üçün Sərəncam haqqı olan Cənab Prezidentin özünün qərar verməsi lazımdır. Biz də Cənab Prezidenti dostumuz hesab edirik. O, Azərbaycan mətbuatının qayğılarını öz qayğıları kimi yaxından bilən, həllində hər zaman hamıdan öndə gedən bir şəxsdir. O baxımdan ümidliyik ki, yaxın aylarda Cənab Prezident bu məsələ ilə bağlı duruma konkretlik gətirəcək. Gözləntimiz var. Yəqin ki, yaxın vaxtda o gözləntilər doğrulacaq.

Saytların kriteriyaları ədalətli seçimin edilməsində yardımçı olacaq. İstənilən halda, ölkədə çox sayda onlayn media qurumu var. Onların arasında seçim etmək çox çətin məsələdir. Düşünürəm ki, həm Mətbuat Şurası, həm KİVDF, həm bu məsələ ilə məşğul olan dövlət qurumları, həm də Cənab Prezidentin tövsiyə və təklifləri nəzərə alınmaqla, ümumilikdə kriteriyalar toplusu hazırlanmlı və həmin kriteriyalara cavab verən onlayn media qurumlarına dövlət maliyyəsi ayrılmalıdır. Bu, elə bir şeydir ki, dövlətin pulu optimal şəkildə xərclənməlidir. Biz, ucdantutma hamıya pul verilməsinin tərəfdarı deyilik. Kriteriyalar müəyyənləşdirilib pulun xərclənməsi üçün optimal variant təklif edilsə, o zaman real nəticə olacaq. Hardasa, 30-40 saytın maliyyə dəstəyi almağı daha məqsədəuyğun olardı”.

Zdrave universal kremi zdrave forte