Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bələdiyyələr ölüb, fətvasını verən tapılmır

Bələdiyyələr ölüb, fətvasını verən tapılmır

 

“Bələdiyyələrin inkişafı heç də ürəkaçan deyil. Prezident İlham Əliyev dəfələrlə bələdiyyələrin inkişaf etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Çünki belə olan halda bələdiyyələr ölkənin sosial həyatında daha yaxından iştirak edərlər. Onların səlahiyyətləri artırılarsa, insanların da etimadını qazanarlar”.

Bunu Modern.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib. O qeyd edib ki, kommunal xidmət, yaşıllaşdırma sahələrinin tədricən bələdiyyələrə verilməsi nəzərdə tutulub. Deputatın fikrincə, bununla bələdiyyələrin maliyyə bazası möhkəmlənə bilər:

“Bələdiyyələrin fəaliyyətində ciddi nöqsanlar olduğu da faktdır. Hətta ölkə başçısı da öz çıxışında bu nöqsanları bəyan edib. Təbii ki, bunun əsası var. Artıq 15 ildir bələdiyyələr yaradılıb, ancaq ciddi dönüş yoxdur. Bələdiyyələrin təşəbbüskarlığı hiss olunmur. Elə bələdiyyə var ki, işinin öhdəsindən gələ bilmir.

Əksəriyyəti maliyyə vəsaitinin çatışmazlığından, işlərin düzgün getməməsindən gileylənir, bir çox halda müəyyən strukturların əlaltısına çevrilirlər. Bəziləri hətta istəyir ki, dövlət onlara külli miqdarda vəsait ayırsın. Nəzərə almaq lazımdır ki, bələdiyyə seçilmiş orqandır və özləri maliyyələrini formalaşdırmağı bacarmalıdırlar”.

Tahir Rzayev deyib ki, qanunla bələdiyyələrə müəyyən səlahiyyətlər verilib: “Qanuna görə, bələdiyyələr xidmət sahəsi yarada, istehsalla məşğul ola bilərlər. Bu gün bələdiyyələr torpaqların icarəyə verilməsindən, satışından, mülkiyyətə verilməsindən gəlir götürürlər, bu da onlara kifayət etmir. Xarici ölkələrdə olduğu kimi, bələdiyyələr əhaliyə xidmət göstərmək üçün müəyyən sahələr yaratmalıdır. Orada həm vətəndaşlar çalışar, həm də gəlir əldə edərlər”.

Parlament üzvü bələdiyyələrin vergiləri yığa bilməmələrini də diqqətə çatdırıb: “Bu, əlbəttə, pis haldır ki, bələdiyyələrin təşəbbüskarlığı yoxdur. Bələdiyyə aparatı, qulluqçuları, üzvləri vətəndaşlar arasında təbliğat aparmalıdır ki, hər kəs vergini ödəsin. Açığı, hazırda bələdiyyələrin kifayət qədər səlahiyyətləri var.

Əgər bu səlahiyyətləri dolğun olaraq yerinə yetirə bilsələr, kifayət qədər iş görərlər. Ancaq təəssüflər olsun ki, bələdiyyələr səlahiyyətlərindən yetərincə istifadə edə bilmirlər. Bələdiyyə seçkilərindən sonra bu sahədə dönüş olmalı idi. Azərbaycan inkişaf edən ölkədir.

Özünüidarəetmə orqanları bu gün ölkənin ictimai-sosial həyatına daxil olubsa, inkişafı da olmalıdır. İnkişafı olmasa, getdikcə sıradan çıxmalıdır. Xarici təcrübəyə görə, funksiyasını yerinə yetirməyən bələdiyyə ya sıradan çıxmalıdır, ya da digər bir orqana birləşdirilməlidir”.

Deputat bildirib ki, hazırda bu proses gedir: “Nəzərə almaq lazımdır ki, mindən artıq bələdiyyə ləğv olunub və iri bələdiyyələr yaradılıb. İri bələdiyyələrin yaradılması faydasını verir.

Hazırda iri şəhər bələdiyyələri yaratmaq, bələdiyyələrə müstəsna səlahiyyətlər vermək və digər təkliflər səslənir. Nəzərə almaq lazımdır ki, hər şeyin bir vaxtı var. Onsuz da indi mövcud olan mənzil-istismar sahələrinin (“JEK”) bir çox funksiyalarını bələdiyyələr icra edir.

Bunlar bilavasitə “JEK”in funksiyasına daxil olan məsələdir. Amma insanları narahat etmək olmaz. Onların zəruri xidmətlər göstərilməlidir. “JEK”lər bələdiyyələrə birləşdirilməlidir”.

Biz bələdiyyələrlə bağlı yalnız onu deyə bilərik, bələdiyyələr ölüb, fətfasını verən isə tapılmır.

 

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın