Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Azərbaycanlı fəhlələri müdafiə edən 6 sex rəisi işdən qovuldu

Azərbaycanlı fəhlələri müdafiə edən 6 sex rəisi işdən qovuldu

“Bahar Energy” şirkətində ixtisarların növbəti mərhələsi başlayıb.
Bu barədə virtualaz.org saytına şirkətdən məlumat veriblər.
Xəbərdə deyilir ki, sex rəislərinə ixtisara düşəcək azərbaycanlı fəhlələrin siyahısını tərtib etmək tapşırılıb. Sex rəisləri isə yerli fəhlələrin ixtisarına etiraz ediblər. Nəticədə 6 sex rəisi işdən çıxarılıb.
“Aprelin 1-də işçilərlə bağlanan əmək müqavilələrinin vaxtı tamamlanır. Şirkətin istehsalat üzrə sex rəisi Azər Sarıyevlə yanaşı neft emalı sexinin və digər 4 sexin rəisləri də işdən uzaqlaşdırılıb. Azər Sarıyev yüksək ixtisaslı mütəxəsis olmaqla yerli işçiləri müdafiə edib. Sex rəislərinin fəhlələri müdafiə etmələri əcnəbi işçilərin narazılığına səbəb olub” – deyə şirkətdən bildirilib.
Məlumatda qeyd olunur ki, şirkət rəhbərlərinin aylıq məvacibi 35-50 min dollardır: “Mərkəzi ofisdə çalışan 12 əcnəbi isə ayda 16-20 min dollar əməkhaqqı alır. 20 işçinin məvacibi isə 5 min dollardır. Lakin iş həcminin azalması səbəbindən ayda 800-1000 manat alan azərbaycanlı mütəxəssis işdən uzaqlaşdırılır”.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev isə virtualaz.org saytına bildirib ki, şirkətdə yüksək əməkhaqqı alan əcnəbi işçilərin əvəzinə fəhlələrin ixtisara salınması mübahisələrə səbəb olur: “Biz ötən il də təklif etmişdik ki, 20-30 min manat alan əcnəbini ixtisara salmaq lazımdır. Amma onlar əcnəbiləri işdə saxlamaqla azərbaycanlı fəhlələri ixtisara salırlar. Şirkətin rəhbərliyi üçün işçinin peşəkarlığı deyil, azərbaycanlı fəhlə olub-olmadığı ödəmlidir. İşdən çıxarılanlar arasında şirkətə qarşı məhkəmə iddiası qaldıranlar da var”.
Qeyd edək ki, şirkət 100-ə yaxın yerli işçini ixtisara salıb. Ötən il ixtisara düşən şirkətin əməkdaşı – 40 yaşlı Kövsərov Etibar Nadir oğlu özünü asaraq intihar etmişdi. O, “Bahar Energy” əməliyyat şirkətində elektrik işləyib. İşini itirən elektrikin maddi durumu ağır olub.
Sex rəislərinin işdən çıxarılması və ixtisarlarla bağlı sualı şirkətdən cavablandırmaq istəməyiblər.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın