Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Azərbaycanda sürüşmə zonaları çoxalır

Azərbaycanda sürüşmə zonaları çoxalır

Azərbaycanda sürüşmə zolaqları miqyasca genişlənib və sayca çoxalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının rəsmisi Sadiq Əmiraslanov AzadlıqRadiosu-na müsahibəsində belə deyib. Onun sözlərinə görə, ilin əvvəlində 50 sürüşmə zonası müşahidə altında tutulurdusa, hazırda onların sayı 70-ə çatıb: “İlboyu 20 sürüşmə zonası artıb. Düzdür, bunlar lokal zonalardır, amma torpağın sürüşməsi müşahidə edilir”.

Nazirlik ölkənin müxtəlif yerlərində monitorinqlər aparır. Sadiq Əmiraslanov deyir ki, sürüşmə hallarına, əsasən, dağlıq bölgələrdə rast gəlinir: “Şamaxı, İsmayıllı, Quba, Qusar, Siyəzən, Gədəbəy və Daşkəsəndə. Cənub bölgəsindəsə Astara, Masallı və Lənkəranda belə zonalar var”.

Mütəxəssisin fikrincə, sürüşmə sahələrinin fəallaşması meteoroloji amillərdən qaynaqlanıb.

Sadiq Əmiraslanovun sözlərinə görə, sürüşmə zonaları yaşayış evlərini, faydalı torpaq sahələrini, örüşləri , yol-infrastruktur ərazilərini əhatə edir. O, kəndlərdə sürüşmə təhlükəsi olan yerlərdən sakinlərin köçürüldüyünü, Bakı kimi əhalinin sıx məskunlaşdığı yerlərdə isə qoruyucu tədbirlərin görüldüyünü bildirir: “Təbii yolla sürüşmənin qarşısını almaq mümkün deyil, əgər ağac əkilməyi nəzərdə tutursunuzsa, burda insan amili var. Yəni, müəyyən işlər aparmaq mümkündür”.

“Qurumların planı olmalıdır”

Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun ekologiya mütəxəssisi Müslüm Qurbanov deyir ki, gözlənən risklərin idarə edilməsi üçün aidiyyətli qurumların planı olmalıdır: “Bərkitmə işləri aparılmalı, yaşayış yeri varsa, əhali köçürülməlidir”.

Onun sözlərinə görə, belə bir planı yoxdursa, fəlakətin miqyası daha da böyük olar, insan itkisi baş verər.

Təbii ki, “aidiyyətli qurumlar” deyərkən, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi (FHN) ağla gəlir. Görəsən, həmin nazirliyin torpaq sürüşməsi ilə bağlı risk planı nədən ibarətdir? AzadlıqRadiosu günboyu nazirliyin mətbuat xidməti ilə əlaqə saxlaya və suala birbaşa cavab ala bilmədi, ancaq…

“Bayılda sürüşmə zonası sabitləşib”

Ancaq qurum rəsmi saytında yazır ki, iki il əvvəl Bayılın sürüşmə zonasında durumu sabitləşdirmək və ərazini dayanıqlı etmək üçün Yaponiyanın “Shinyei Kaisha Corporation” və Hollandiyanın “Witteveen Bos” şirkətlərindən ekspertlər cəlb edib: “Yerli mütəxəssislər və xarici ekspertlər 800 hektar ərazidə topogeodeziya işləri aparıb, 101 geoloji və hidroloji quyu qazıb, monitorinq şəbəkəsi yaradıb, 3 mərhələdən ibarət ardıcıl tədbirlər həyata keçiriblər”.

FHN bildirir ki, yeraltı su səviyyəsini 3 metr azaltmaqdan ötrü sürüşmə sahəsində drenaj quyusu da qazılıb. Rəsmi saytda dağlıq yerlərdə hansı bərkitmə tədbirlərinin gerçəkləşdirildiyinə dair məlumat yoxdur.

FHN-in tövsiyələri

FHN həmin saytda sürüşmə təhlükəsi barədə tövsiyələrini də diqqətə yetirərək bildirir ki, sürüşmə təhlükəli ərazidə yaşayanlar içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlamalı, həmin sahənin hüdudları barədə məlumatlı olmalıdırlar.

Nazirlik sürüşmənin ilkin əlamətlərini belə təsvir edir: “Evlərin qapı və pəncərələrinin öz çərçivələrində ilişməsi, çətin açılıb-örtülməsi, daxili və xarici divarlarda çatların yaranması, sürüşmə təhlükəli yamaclarda su sızması və s. Bu əlamətləri gördükdə, aidiyyəti qurumlara xəbər verin, onların göstərişlərinə uyğun davranın”.

“Təşvişə düşməyin, sağqalma ehtimalı çoxdur”

FHN torpaq sürüşməsi ehtimalına da toxunur və tövsiyələrini verir: “Sürüşmə qəflətən baş veribsə və dərhal həyətə çıxmaq mümkündürsə, evi tərk edin. Sürüşmə zamanı yuxarı mərtəbədəsinizsə və dərhal həyətə çıxmaq mümkün deyilsə, binanın yuxarı hissəsinə qalxın. Əgər sürüşmə sizi açıq havada yaxalayıbsa, əvvəl önünüzə daş, taxta parçası və ya ağır əşya atın, bunlar torpağa batırsa, hərəkət istiqamətinizi dəyişin. Sürüşmədən qaça bilmirsinizsə, əllərinizlə başınızı tutaraq zərbədən qorunun, sürüşmənin hərəkət istiqamətinə tabe olun və hər zaman üzə çıxmağa çalışın”.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, torpaq altında qalan şəxs təşvişə düşməsin, çünki sürüşmə nəticəsində uçqun altında qalan insanı bir neçə sutkadan sonra da sağ çıxarmaq mümkündür. Sadəcə, xilasetmə işlərində sükut dəqiqələri təyin olunduğundan, vaxtaşırı səs siqnalları vermək, yatmamaq lazımdır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın