Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Azərbaycanda bilikdən çox diploma üstünlük verilirsə…” – NAZİR

“Azərbaycanda bilikdən çox diploma üstünlük verilirsə…” – NAZİR

“Sovet təhsil sistemi öz dövrü, öz sosial iqtisadi konteksti üçün fundamental və irəlidə gedən təhsil sistemi olub. Həmin sosial iqtisadi kontekst mövcud deyil. Buna görə də sovet təhsil sistemini yaratmaq qeyri-mümkündür”.

Bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil.TV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, ölkədə təhsil sistemi müasir rəqabətə əsaslanır: “Bazar iqtisadiyyatına uyğun təhsil sistemi qurmaq bir zərurətdir və bunu olduğu kimi qəbul edirik. Əmək bazarında nüfuzlu peşəyə sahib olmağın yolları təkcə ali təhsil müəssiəni bitirmək deyil. Bundan öncə peşə təhsil seçimi “akademik nailiyyətləri zəif olan uşaqların” aqibəti kimi təqdim olunurdu. Peşə təhsil sistemi həm ölkə iqtisadiyyatının durumunun dəstəklənməsi, həm digər təhsil pillərinə nisbətən şəxsin əmək bazarına buraxılması üçün daha qısa müddət tələb edir”.

Nazir vurğulayıb ki, peşə təhsili və təlimi böyüklər üçün də aktualdır. Belə ki, iqtisadi struktur dəyişdiyi dövründə, bir sahənin başqa sahə ilə əvəzlənməsi dövründə insanlar 2-3 peşəyə sahib olur: “ Bir çox ölkələrdə imtahanlar mərkəzləşdirilmiş şəkildə keçirilir, yəni qəbul imtahanı olmur. Bu gün ölkədə qəbul imtahanları elə formada həyata keçirilir ki, qalib gələnlər bir çox şey əldə edir. Tələbə adını qazanmayanlar isə hər hansı imkan əldə edə bilmir. Bu gün ölkədə ali təhsil almaq istəyənlərin sayı ildən-ilə artır. Bilikli insanlar cəlbedici işləri tutmaq şansına daha çox sahib olurlar. Əgər ölkədə biliyin qiymətləndirilməsi sistemi işləyirsə, qəbul imtahanın mərkəzləşdirilməsi zəruriliyi çox aşağıdır. Hansı ölkədə bilikdən daha çox diploma üstünlük verilirsə, orada mərkəzləşdirilmiş qəbul imtahanının olması vacib və zəruridir”.

M.Cabbarov qeyd edib ki, Azərbaycanda vahid imtahanın tətbiqinin kökündə duran səbəb təhsilin keyfiyyəti ilə bağlı olmayıb: “Biliyin qiymətləndirilməsinin keyfiyyəti ilə, yəni qəbul imtahanında yol verilən korrupsiya problemi ilə bağlı olub. Problemin aradan qaldırılması üçün belə alət təklif olunub ki, vahid imtahan keçirək. Müasir aparıcı təhsil sistemində yalnız müəyyən meyarlar olmalıdır ki, tələbə onların hansınasa cavab versin. Həmin minimal meyarlar toplanan balların sayı ola bilər. Yaxud məktəbdə neçə il təhsil alıbsan, o ola bilər”.

Nazir əlavə edib ki, bir ixtisasdan başqa ixtisasa olan köçürmədə baş verən pozuntu cəhdlərini görürük və bunun qarşısını alırıq: “Bizim ölkəmiz bu problemlə üz-üzə qalan yeganə dövlət deyil. Qonşu ölkələrin təhsil sistemində də eyni problem yaşanır. O ölkələrin təhsilində mərkəzləşdirilmiş imtahan olur ki, onların ali təhsil müəssisələri bu prosesi həyata keçirərkən pozuntulara yol verir”.

M. Cabbarov eyni zamanda qeyd edib ki, yeni məzmunun əsas fərqi mütləq biliyə əsaslanan tədris proqramının tədbiqi biliyə və tənqidi təfəkkürə əsaslan məzmun proqramı ilə əvəz olunmasıdır. O, əlavə edib ki, mütləq biliyin ölçülməsi alətləri ilə tədbiqi biliyin və tənqidi təfəkkürün ölçülməsi alətləri arasında fərq var. Bu məsələdə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin baxışı eynidir: “Bir sıra bacarıq və biliklər var ki, onları son illər ərzində imtahan etməmişik və bunun acı nəticələrini bu gün də görürük. Misal olaraq, mətbuat sahəsində işləmək istəyənlərin yazı keyfiyyəti əsas şərtlərdən biridir ki, buraxılış və qəbul imtahanlarında inşa, esse yazmırıq. Bu biliyi ölçmədikdə şagird-valideyn, müəllim və direktor üçün ikinci məsələ olur. Bunu şəxsi inanca buraxırıq. Valideyn bilirmi ki, onun övladı bu sahədə hansı biliyə malikdir? Universitet tələbəsinə seçim qoymamışıq ki, esse yazsınlar. Bir çox valideyn öz borcunu övladını qəbul imtahanına hazırlamaq kimi başa düşür. Biz nəyi soruşacağıqca, onu da öyrənəcəklər. Sosial şəbəkələr oxumaq üçün bir maneədir. Bunu inkar etmirəm. Mütaliə və oxunu dəstəkləyən alətlərimiz də var. Bu il nəhayət ki, 9-cu sinifdə esse yazılacaq. Ancaq təbii ki, bu ilin keyfiyyəti ilə 20 il sonra yazılan esselərin keyfiyyəti çox fərqli olacaq. Önəmlisi odur ki, biz vərdişi geri qaytarırıq. Biz şagirdlərə imkan verməliyik ki, onlar bizə elə cavab versinlər ki, təəccüblənək. Buraxılış imtahanlarının keçirilməsi qaydasının dəyişməsi zəruri idi. Bu il bizim üçün yeni baza yaranır. 100 ballıq sistem tədbiq olunacaq. Bu daha şaxələndirilmiş şəkildə tədbiq olunacaq sistem olacaq”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın