Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Media / Azərbaycanlı redaktorlar Mark Zukerberqin yeni dəyişikliyinə meydan oxudu

Azərbaycanlı redaktorlar Mark Zukerberqin yeni dəyişikliyinə meydan oxudu

Xalid Kazımlı: “Böyük tirajlı saytların geniş oxucu auditoriyası var və onların sosial şəbəkə üzərindən oxucuya çıxmaq zolağı dar cığırdır”

Elçin Zahiroğlu: “Saytların facebook asılılığından azad olunacağı günü səbirsizliklə gözləyirik” 

Vüsal Məmmədov: “Facebookdan ən çox səviyyəsiz, “qışqıran” başlıqlar qoyan “sarı” saytlar oxucu tuta bilirlər. Qoy, onlar narahat olsun”

“Facebook”un qurucusu və sahiblərindən biri Mark Zukerberq rəsmi səhifəsində “Facebook”da hər şeyin dəyişəcəyini yazıb.

Ən çox istifadəçiyə sahib olan “Facebook” sosial şəbəkəsində əsaslı dəyişikliklər aparılacaq. Mark Zukerberq bundan sonra “Facebook”da daha az xəbər, reklam və təqdimata yer veriləcəyini bildirib:

“İstifadəçilərdən ümumi paylaşımların – xəbər, reklam və təqdimatların şəxsi paylaşımları kölgədə qoyduğuna dair çoxsaylı şikayətlər gəlir. Göstərdiyimiz xidmət sadəcə, əyləncə istiqamətli deyil, istifadəçilərin məmnunluğu bizim üçün çox əhəmiyyətlidir”.
Qeyd edək ki, 2017-ci ildə “Facebook”da bir saxta xəbər linkləri ilə bağlı böyük skandallar yaranmışdı. Buna görə də şirkət bu ildən etibarən köklü dəyişikliklər üçün yeni plan hazırlayır.

Maraqlıdır, bəs bu qərar onlayn medianın işinə necə təsir göstərəcək? Yazılarını gündə bir neçə dəfə paylaşan və bir çox hallarda İP sayının artımına yardım edən sosial şəbəkə üzümüzə bağlanacaqsa… saytlar bundan hansı formada ziyan görəcək?

Картинки по запросу

Musavat.com portalının şef redaktoru Xalid Kazımlı dedi ki, bu yenilik aztirajlı və yeni yaranan xəbər portallarının işinə, tirajına, populyarlaşmasına mənfi təsir göstərəcək. Çünki böyük tirajlı saytların, portalların onsuz da kifayət qədər geniş oxucu auditoriyası var və onların sosial şəbəkə üzərindən oxucuya çıxmaq zolağı geniş deyil, dar cığırdır.

Müsahibimiz bu məqamda öz təcrübələrindən sitat gətirdi: “Məsələn, Musavat.com-un 50 min civarında İP-nin (bu təxminən 150-200 min oxucu deməkdir) 3-5 faizi sosial şəbəkə üzərindən gəlir. Ancaq elə saytlar var ki, onların oxusunun 90 faizi sosial şəbəklərdə paylaşdıqları sensasion, çağırıcı xəbər başlıqlarına görə “tutulmuş” oxuculardır. Onlara ziyan olacaq. Bundan başqa, bu yenilik medianın işini çətinə salacaq. İndi heç olmasa xeyli oxucu sırf sosial şəbəkdə qurdalandıqları zaman nəsə bir yazı oxuyurdu. Bundan sonra Facebook da əsl qeybətxanaya dönəcək”.

Картинки по запросу Elçin Zahiroğlu

BakuPost.az saytının baş redaktoru Elçin Zahiroğlu da düşünür ki, gözlənilən dəyişiklik oxucusu yalnız sosial şəbəkələrdən gələn, az tanınan və ya heç tanınmayan, sadəcə böyük qruplarda, səhifələrdə xəbər paylaşmaqla tiraj yığan saytlar üçün öldürücü zərbə olacaq: “Düzdür, indi əksər saytlar oxucusunun müəyyən hissəsini sosial şəbəkələr vasitəsi ilə toplayır, amma elə saytlar var ki, məhz sosial şəbəkələrdən asılıdır. Bu saytlarda çalışanlar, hardansa götürdükləri xəbərləri öz portallarında qoymaq və tez sosial şəbəkələrdə paylaşmaqla öz İP-lərini “formada saxlamaq”la məşğuldurlar. Yəni bu marofonda qalib gəlməyin əsas metodu yaradıcılıqla məşğul olmaq, material hazırlamaq yox, başqa saytlarda olan hazır materialları daha tez və sensasion təqdimatlarla facebookda paylaşmaqdır. Buna görə də hesab edirəm ki, belə halların ən çox baş verdiyi facebook-da qaydaların sərtləşməsi ciddi media ilə məşğul olanların işini çətinləşdirməyəcək, əksinə, yüngülləşdirəcək. Ən azından biz divarımızda hansısa əttökən başlıqlara, tüklərimizi biz-biz edən sayt adlarına rast gəlməyəcəyik”.

Müsahibimiz eyni zamanda hesab edir ki, intellektual kəsim, baş verən hadisələri izləmək istəyən insanlar bütün xəbərlərin FB-da yayımlanmadığına, xəbərləri sosial şəbəkələrdən deyil, saytlardan izləməyin vacibliyinə əmin olacaqlar: “Belə olanda isə insanlar öz saytlarını müəyyənləşdirə biləcək, yaxşını-pisdən ayırmaq məcburiyyətində qalacaq. Bu isə saytlar üçün daimi və etibarlı oxucu deməkdir. Onu da bildirim ki, biz heç vaxt sosial şəbəkələrə etibar etməmişik. Yəni hesab etmişik ki, hər bir saytın öz oxucusu olmalıdır. Oxucu yalnız istifadə etdiyi sosial şəbəkələrdə bizim xəbərimizi görüb, sayta daxil olmamalıdır. Zəhmət çəkib bir başa saytın adını yazıb, daxil olub, xəbərlərimizi izləməlidir. Buna görə də, heç vaxt böyük facebook səhifələrinin və ya qruplarının marağında olmamışıq. Saytların facebook asılılığından azad olunacağı günü səbirsizliklə gözləyirik. Çünki Azərbaycan mediasının bu asılılığı biabırçı hal alıb”.

Картинки по запросу Azvision.az saytının redaktoru Vüsal Məmmədov

Azvision.az saytının redaktoru Vüsal Məmmədov isə bildirdi ki, ideyaya görə, sosial şəbəkə sizin öz şəxsi fikirlərinizi, hisslərinizi, ovqatınızı, həyatınızda baş verən hadisələri tanıdığınız insanlarla paylaşmağınız üçündür.

Onun fikrincə, hazırkı Feysbuk bu ilkin ideyadan xeyli uzaqlaşıb: “İndi Feysbukda gizli və açıq siyasi və kommersiya xarakterli paylaşımlar fərdi fikirləri xeyli üstələyib. İnsanlar burada siyasi-ictimai mübarizə aparır, müxtəlif formalarda reklam aksiyaları həyata keçirirlər. Kimlərsə böyük səhifələr qurmağı bacarıb və indi orada pul ilə başqalarının materiallarını paylaşaraq, qazanc götürürlər. Halbuki, Feysbuk bunun üçün deyil və olmamalıdır. Şirkətin rəhbərliyinin yürütdüyü siyasət də o məntiqə dayanır ki, reklamı ancaq Feysbuka pul ödəyərək aparmaq qanunidir, əlində məsələn, 600.000-lik səhifəsi olan hansısa Əhmədə yox”.

Müsahibimiz xatırlatdı ki, bir müddətdir şirkət gizli kommersiya məqsədi güdən paylaşımları əngəlləmək üçün yollar axtarır.

Bu, çətin missiya olduğu üçün hələ ortada hiss edilən nəticə yoxdur: “Eksperiment kimi alternativ xəbər lenti (“Eksplore feed”) yaradılıb və səhifələrin paylaşımları orada cəmləşdirilir. Amma bu eksperiment özünü doğrultmur, çünki mən, məsələn, hələ bir dəfə də olsun, “Eksplore feed”-ə baxmamışam. Yəqin, yaxın vaxtlarda elə edəcəklər ki, ancaq prioritet (“see first”) kimi işarələdiyiniz səhifələrin materiallarını görəsiniz. Bu, böyük səhifələrin qazancını azaldacaq və onlardan istifadə edən medianın müəyyən qədər oxucu itirməsinə səbəb olacaq. Fəqət buna “pisdir” deməyə dilim gəlmir. Şəxsən mən özüm də facebook-a dostlarımın həyatında və fikirlərində nələrin baş verdiyini görmək üçün girirəm, gizli siyasi, yaxud kommersiya məqsədi daşıyan paylaşımları oxumaq üçün yox. Bir də, nəzərə alaq ki, feysbukdan ən çox səviyyəsiz, “qışqıran” başlıqlar qoyan “sarı” saytlar oxucu tuta bilirlər. Qoy, onlar narahat olsun”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Anar Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq – 8 ilədək azadlıqdan məhrum edilə bilər

“Criminalaz.com” saytına açılmış cinayət işinin istintaqı başa çatıb. Azinforum.az-ın  xəbərinə görə, bu haqda Anar Məmmədov …