Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Media / “Azərbaycanı dağıtmaq olar, Amerikanı yox” – “Facebook” rəhbərliyinin aşkar ikistandartlı blok qərarı…

“Azərbaycanı dağıtmaq olar, Amerikanı yox” – “Facebook” rəhbərliyinin aşkar ikistandartlı blok qərarı…

Bugünlərdə ABŞ Dövlət Departamenti “Facebook” sosial şəbəkəsinin həmin ölkədəki aralıq seçkiləri ərəfəsində şübhəli fəaliyyətlə məşğul olan bəzi sosial şəbəkə akkauntlarının bağlanması ilə bağlı qəbul etdiyi qərarı alqışlayıb.

Departament sözçüsü bildirib ki, onlar Rusiya və başqa ölkələrdən ABŞ vətəndaşları arasında sosial şəbəkələr vasitəsilə apardıqları pozucu fəaliyyətə son qoymağı tələb ediblər: “Biz Rusiyanın və başqa ölkələrin ABŞ-ın demokratik institutlarını bu üsulla sarsıtmasına seyrçi qala bilmərik”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Facebook” rəhbərliyi bu cür fəaliyyətlə məşğul olan 32 səhifə və akkauntu bağlayıb. Bildirilir ki, ləğv edilən hesablar ABŞ-dakı son seçkilər zamanı Rusiyadan qaynaqlanan fəaliyyətə bənzər işlərlə məşğul olublar.

Qeyd edək ki, oxşar situasiya ilə Azərbaycan da rastlaşıb. Xüsusilə də ölkədə keçirilən son Prezident seçkilərinin ərəfəsində Avropaya sığınan bir qrup Azərbaycan əsilli mühacir məhz sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı aktiv antikampaniya aparırdılar. Onlar hətta Azərbaycan dövlətinin simvolları və atributlarına qarşı qanunvericiliklə qadağan olunan çağırışlar edirdilər. Kifayət qədər dəlil və sübutların və “Facebook” rəhbərliyinə müraciətin olmasına baxmayaraq, sosial şəbəkə rəhbərliyi Azərbaycanın internet seqmentindəkı qanunazidd fəaliyyətlərin qarşısını almaq məqsədilə həmin profillərin bağlanmasına göstəriş vermir. Bu ikili yanaşmanı nə ilə izah edə bilərik?

Media eksperti Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, bu faktın özü ikili standartın bariz nümunəsidir: “Şəxsən mənim özümlə bağlı da belə bir hal yaşanıb. Davamlı olaraq təhqirlərə məruz qaldığım hesabların bağlanması ilə bağlı “Facebook” rəhbərliyinə ünvanladığım müraciətlərə məhəl qoyulmur. Şikayətlərimdə kifayət qədər dəlil və sübutlar ortaya qoysam da, həmin paylaşımlar silinmir. ABŞ Dövlət Departamentinin “Facebook”un addımlarını dəstəkləməsi, sadəcə, dəstək deyil, bu, eyni zamanda, rəsmi Vaşinqtonun yürütdüyü dövlət siyasətinə verilən dəstəkdir. Burada biz ikili standartları aydın sezirik. Çünki Azərbaycanla bağlı daha sərt və qanunlarla uzlaşmayan paylaşımlar edilən zaman biz “Facebook”dan belə addım görmədik. Bizim kimi ölkələrlə bağlı neqativ paylaşımlar olanda, tərəfimizdən edilən şikayətlərə məhəl qoyulmadı. Bu şikayətləri həm vətəndaş cəmiyyəti nümayəndələri, həm də dövlət qurumları edirdi. Təəssüf ki, həmin şikayətlər qulaqardına vurulurdu. Hətta onlar bizi başqa “sürprizlərlə” təəccübləndirməkdə davam edirlər. Bizim rusdilli jurnalistlərin çoxunun hesablarını bağladılar. Səbəb də bu göstərilirdi ki, onlar erməniləri tənqid edirlər. Amma, nədənsə, bu addımları ermənilərlə bağlı atmırlar. ABŞ-la bağlı məsələdə “Facebook”un ortaya qoyduğu mövqe bir daha sübut edir ki, həmin sosial şəbəkə heç də tam sərbəst və azad platforma deyil. Mən buna o qədər də təəccüblənmirəm. Çünki biz hər zaman demişik ki, Qərbdən qaynaqlanan istənilən xidmətin adı nə olursa-olsun, həmin dairələrin marağına qulluq edir”.

Məhəmmədəli QƏRİBLİ

VIPedu.BIZ

Həmçinin oxuyun

“Time” jurnalı ilin adamının adını açıqladı

Amerikanın “Time” jurnalı ilin adamı nominasiyasının qalibinin adını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, ilin adamı …