Ana səhifə / Media / ABŞ və Avropa Birliyi jurnalistin qətlinə görə Səudiyyəyə sanksiya tələbləri qarşısında qaldı…

ABŞ və Avropa Birliyi jurnalistin qətlinə görə Səudiyyəyə sanksiya tələbləri qarşısında qaldı…

Azər Həsrət:Çox vəhşi yöntəmlə icra edilən bu qətl hadisəsinə ABŞ və Aİ-nin reaksiyası tam fərqli olmalı idi” 

Yadigar Məmmədli: “Verilən reaksiyalarda biz jurnalist qətli ilə bağlı olan fikirlərdən daha çox ölkələr arasında olan münasibətlərdən doğan yanaşmalara rast gəlirik”

 

Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) ABŞ və Avropa İttifaqı rəhbərliyini Səudiyyə Ərəbistanına qarşı Camal Xaşkacinin ölkənin İstanbuldakı Konsulluğunda qətlə yetirilməsinə görə sanksiya tətbiq etməyə çağırıb. Bu barədə Belçikanın paytaxtı Brüsseldə yerləşən BJF-nın bəyanatında bildirilir.

Bəyanatda deyilir: “Əgər Aİ və ABŞ Rusiya və Venesuelaya qarşı onları dövlət tərəfindən təşkil olunmuş qətllərdə ittiham edərək sanksiyalar tətbiq edirsə, niyə Səudiyyə Ərəbistanına qarşı heç bir addım atılmır? Bütün dünya üzrə insan haqları müdafiəçiləri çıxış edir, bir çox şirkət və təşkilatlar artıq sanksiyalar tətbiq ediblər və ya Səudiyyə Ərəbistanında keçirilən tədbirləri boykot ediblər. İndi isə hökumətlər hərəkət etməlidir, onların qatilləri və cinayətin sifarişçilərini tapıb məsuliyyətə cəlb etmək üçün iqtisadi təzyiq rıçaqları, diplomatik və beynəlxalq instrumentari var”.

Bəyanatda qeyd edilir ki, Ər-Riyad bu işdə həqiqəti gizlətmək üçün yalan toru toxuyur: “Səudiyyə Ərəbistanı rejiminin öz Baş Konsulluğunda baş verənləri müəyyən etməsi üçün çox sayda günə ehtiyacı olması fikri belə gülünc və əsassızdır”.

Göründüyü kimi, bütün dünyanı lərzəyə salan bu qətllə bağlı ABŞ və Aİ-dən Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq edilməsi tələb olunur. Azərbaycanın media cameəsinin Beynəlxalq Jurnalistlər Federasiyasının çağırışına münasibəti necədir?

Media eksperti Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, jurnalistin bu şəkildə öldürülməsi prosesindən sonra cərəyan edən hadisələr ABŞ və Qərbin insan haqlarına necə yanaşmasının bariz bir örnəyi kimi qəbul edilməlidir: “Yəni onların mövqeyi tələb etdiyi zaman hətta ən vəhşi yöntəmlə bir insanın qətl edilməsinə belə çox yumşaq yanaşa bilirlər. ABŞ-ın Səudiyyə Ərəbistanı ilə silah ticarəti var. Bu sövdələşmələr böyük rəqəmlərlə ifadə olunur. Çox güman ki, ABŞ həmin ticarətə zərər gəlməsini istəmir. Buna görə də hətta öz ölkəsinin tanınmış media orqanında çalışan bir dissident jurnalistin bu şəkildə məhv edilməsinə seyrçi qalır. Hadisə bütün dünyanın gözü qarşısında baş verib. Bu, gizlədilməsi imkansız olan hadisədir. Çox vəhşi yöntəmlə icra edilən bu qətl hadisəsinə ABŞ və Aİ-nin reaksiyası tam fərqli olmalı idi. Onların münasibəti araşdırmaya çağırışdan uzağa getmir. Halbuki, belə bir üsulla bir jurnalistin öldürülməsi ABŞ-ı yerindən oynatmalı idi. Müqayisə bəlkə də yerinə düşməz, amma deməliyəm ki, Azərbaycanda adi bir balaca hadisə baş verən kimi Dövlət Departamenti hadisədən bir necə dəqiqə keçməmiş bəyanat yayır. Nəticədə Departamentin dalınca sürünən beynəlxalq təşkilatlar yerindən oynayır və dərhal hərəkətə keçir, az qala bizi dünyadakı bütün günahlarda ittiham edirlər. Avropa İttifaqının bəzi ölkələrini də bura aid edə bilərik. Bu, bizim illərdir dediyimiz ikili standartın daha bir bariz nümunəsidir. Yəni Qərbin işinə yarıyanda bir nəfər deyil, hətta minlərlə adamın öldürülməsinə belə onlar loyal yanaşacaqlar. Onların işinə yarımayanda isə küçədə iki nəfər arasında baş verən insident belə şişirdilərək siyasiləşdiriləcək. Hesab edirəm ki, bu hadisədən bizim insanlar da dərs götürməlidirlər. Kor-koranə şəkildə Qərbin arxasınca sürünmək lazım deyil. İbrətamiz hadisə bizə onu deməyə əsas verir ki, hər hansı bir insan haqları ilə bağlı pozuntunun araşdırılması ünvanı Qərb və ABŞ yox, öz ölkəmiz olmalıdır”.

Digər media eksperti Yadigar Məmmədli də hesab edir ki, Səudiyyə Ərəbistanından olan jurnalistə qarşı olunan hərəkət sıradan bir hadisə deyil: “Ancaq təəssüflər olsun ki, biz bu məsələdə jurnalist təşkilatlarının əvvəlki illərdə olan aktivliyini görmürük. Bu hadisəni hansı ölkənin törətməsi ikinci dərəcəli müzakirə predmeti olmalıdır. Amma biz bu məsələdə daha çox  ölkələrin siyasi alveretmə cəhdlərinə rast gəlirik. Verilən reaksiyalarda biz jurnalist qətli ilə bağlı olan fikirlərdən daha çox ölkələr arasında olan münasibətlərdən doğan yanaşmalara rast gəlirik. Hətta nə qədər qəribə olsa da, ABŞ Prezidenti deyib ki, biz Səudiyyə Ərəbistanı ilə ciddi ticarət partnyoruyuq və elə etməliyik ki, bu hadisədən həmin əlaqələrə xələl gəlməsin. BJF-nin sanksiya tələbi də məhz həmin açıqlamadan sonra verilib. Bu yanaşmanı normal qəbul edirəm və hesab edirəm ki, bütün nüfuzlu insan haqları və media təşkilatları baş vermiş hadisə ilə bağlı daha fəal mövqe ortaya qoymalıdırlar”. (Bakı-Xəbər)

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …