Şənbə , Oktyabr 20 2018
Ana səhifə / Manşet / XOŞQƏDƏM HİDAYƏTQIZI  DAHA BİR AĞIR CİNAYƏTİN ÜSTÜNÜ AÇDI – VİDEO

XOŞQƏDƏM HİDAYƏTQIZI  DAHA BİR AĞIR CİNAYƏTİN ÜSTÜNÜ AÇDI – VİDEO

Dünən bəzi KİV-lərdə “Xoşqədəmin verilişindən çıxdı özünü öldürdü”, “Xoşqədəmin verilişindən sonra dəhşət: iki meyit tapıldı” başlıqlı yazılara rast gəldim. Tamamilə qərəzli və yanlış yanaşma olduğu üçün, bu məsələyə münasibət bildirmək qərarına gəldim. Tam səmimiyyəti ilə deyirəm ki, həmin yazılar “Xoşqədəm daha bir ağır cinayətin üstünü açdı” kimi başlıqlarla təqdim edilsəydi daha doğru və ədalətli yanaşma olardı. Bir qədər məsələnin mahiyyətini varmaq istəyirəm ki, izləyicilərin özləri obyekti qərar çıxara bilsinlər. Bir neçə gün əvvəl, Qazaxıstanda yaşayan şəxslər “Xəzər” televiziyasına müraciət edərək, ailə üzvləri, 1985-ci il təvəllüdü Atsubayeva Ayqul Almaz qızının may ayının sonlarında Bakıya gəldiyini, daha sonra ondan xəbər ala bilmədiklərini bildiriblər.

İyunun 7-də Xoşqədəm Hidayətqızının verilişində bu mövzu ilə bağlı anons verilib. İyunun 8-də isə sözügedən mövzu Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə müzakirə edilib və qızı Azərbaycana gətirən sevgilisi, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu verilişə dəvət olunub. Həmin verilişdə iştirak edən ekspertlərdən biri də mən olmuşam. Qeyd edim ki, verilişə itkin düşən qazaxıstanlı qızın qardaşı də təşrif buyurmuşdu. Məlumdur ki, əksər vaxtlarda “Səni axtarıram”da ekspertlərin fikirləri haçalanır, onların məsələlərə münasibəti birmənalı olmur. Ancaq iyunun 8-də efirə gedən verilişdə aparılan müzakirələrdə bütün ekspertlərin fikirləri üst-üstə düşdü və belə qənaətə gəlindi ki, qızın yoxa çıxmasında məhz Yolçu günahkardır.

Çünki  onun irəli sürdüyü arqumentlər tutarlı görünmürdü, hiss edilirdi ki, həmin uydurmalarla o, məsuliyyətdən yayınmağa çalışır. Mən həmin verilişin tam versiyasını da yazıma əlavə edirəm,  istəyənlər izləyə bilər. Verilişin gedişi zamanı müəyyən edildi ki, itkin düşən qazaxıstanlı qız imkanlı iş adamı olub. Yolçu onunla 10 ay birlikdə yaşayıb, sonra 4 aylıq hamilə olan xanımı valideynləri ilə tanış etmək adı ilə Azərbaycana gətirib və bundan sonra qız yoxa çıxıb. Yolçu iddia edirdi ki, o qızla Bakı aeroportunda ayrılıb və sonrakı proseslərdən xəbəri olmayıb. Qızın verilişdə iştirak edən qardaşı isə iddia edirdi ki, bacısının harda olduğunu Yolçudan başqa kimsə bilə bilməz. Sonra məlum olub ki, veriliş efirə gedəndən sonra Yolçu Yusifov polis idarəsinə çağırılıb və ondan qazaxıstanlı qızla bağlı ifadə alınıb. Bu zaman gənc oğlan özünü polis idarəsinin pəncərəsindən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib.

Aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qazaxıstanlı qızın Yolçu Yusifov tərəfindən öldürüldüyü təsdiqlənib və Aygül Atsubayevanın meyiti Pirşağı qəsəbəsində qamışlıq sahəsindən tapılıb.
İndi gəlin insafla danışaq, burada Xoşqədəm Hidayətqızının bir jurnalist kimi roluna necə qiymət verilməlidir? Bəlkə, bəziləri qərəzli olaraq iddia edəcək ki, “bu da Xoşqədəmin növbəti şousudu”. Yox, bu artıq şouya bənzəmir. Bunu iddia etmək üçün, gərək deyəsiniz ki, qazaxıstanlı qızı Azərbaycana gətirib öldürən, onun meytini gizlədən məhz Xoşqədəm olub. Bu da gülməli çıxar. Qeyd edim ki, bu, Xoşqədəm Hidayətqızının telelayiəsinin köməkliyi ilə üstü açılan ilk ağır cinayət hadisəsi deyil. Dəyərli həmkarımıza gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Könül Quliyeva Etimaddan yazdı- “Aramızda gəzən şəhid kimi baxırdım ona…”

Qarabağ işğalda qaldıqca Etimad Əsədovun ruhu rahat olmayacaq! Həyatımın hər dönəmində çox ağır itkilərim olub. …