Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Manşet / “VMR Estetik”in rəhbəri: “Bölgələrdə işlətməyə peşəkar kadr tapa bilmirəm”

“VMR Estetik”in rəhbəri: “Bölgələrdə işlətməyə peşəkar kadr tapa bilmirəm”

Qədim Gəncə şəhərinə səfərimiz çərçivəsində həm də regionda sabibkarlığın necə inkişaf etməsi və əhalinin həmin sektorda işlə təminatı ilə bağlı vəziyyətlə maraqlanmaq qərarına gəldik. Şəhərdə təsadüfən söhbət etdiyimiz bir neçə nəfərin işsizlikdən şikayət etdiyinin də şahidi olduq. Belə qərara gəldik ki, məsələni kökündən araşdıraq.

Axşam saatlarında Gəncə şəhərində olan restoranları müşahidə etdik. Nəticədə, qiymət siyasətindən asılı olmayaraq, adi çayxanalardan iri və bahalı restoranlara qədər hamısının gün ərzində dolu olduğunun birbaşa şahidi olduq. Bu da o deməkdir ki, əhalinin vəziyyəti pis deyil və az qala hamı əylənməyə vaxt və pul tapa bilir. Əlbəttə, bu çox xoş bir mənzərədi və niyə də olmasın? Ancaq ortaya belə bir sual da çıxır: əgər iş yoxdusa , restoranlarda əyləncələrə xərclənən pullar haradan qazanılır? Ertəsi gün isə Gəncə şəhərində olan dövlət və özəl iş yerləri ilə maraqlanmağa qərar verdik. Araşdırma zamanı təkcə Gəncə şəhərində hüquq-mühafizə orqanları, universitetlər, məktəblər və xəstəxanalar da daxil olmaqla 1000-dən çox dövlət müəssisələrinin, 5000 dən çox isə özəl (hüquqi və fiziki şəxslər) müəssisənin olması barədə məlumat aldıq. Özəl müəssisələr deyəndə, iri şirkətlərdən tutmuş, klinikaları, adi mağazaları, çayxanaları belə nəzərdə tuturuq ki, bu da adi rəqəm deyil. Gəncə şəhərində əhalinin işləmə qabiliyyəti olan hissəsi ilə iş yerlərinin sayını müqayisə etsək, hələ işçi çatışmazlığı görərik, nəinki iş yeri qıtlığını. Gəncənin sökülmüş yollarını dolaşa-dolaşa FHN-in Gəncə Regional İdarəsinin qarşısına çıxdıq. İşıqforun qırmızı işığı yandığından dayanmalı olduq. Bu arada tam qarşımızda möhtəşəm bir bina gördük, üstünə “VMR Estetik Gəncə” yazılmışdı. Düzü, binanın çölündəki səliqə-səhman çox diqqətimizi çəkdi. Həm də tam mövzuya uyğun araşdırma obyekti tapdığımıza sevindik. Çünki estetik xidmətlərdən elə-belə adamlar istifadə etmir. Hansısa yüngül bir estetik xidmət almaq istəyən şəxsin aylıq gəliri ən azı 300-500 manat civarında olmalıdır. Yaşıl işıq yanan kimi yolu keçib, həmin “VMR Estetik Gəncə” mərkəzinin qarşısında dayandıq. Öncə jurnalist olduğumuzu bildirməmək qərarına gəldik və sıradan bir vətəndaş kimi içəri girdik. Qeydiyyat bölümünün əməkdaşı yaxınlaşıb bizi qarşıladı və gülər üzlə: “xoş gəlmisiniz, buyurun”, dedi. Xidmətlərlə maraqlandığımızı dedikdə, qeydiyyatçı xanım çox mehriban və təbəssümlü baxışlarla məlumat verməyə başladı:” Bizim klinikamızda, demək olar ki, bütün estetik prosedurlar icra olunur”. Mən dialoqu çox uzatmaq istəmədim və özümü təqdim edib direktorla və ya baş həkimlə görüşmək istədiyimi bildirdim. Bu zaman xanım cavab verdi ki, bağışlayın, bir az gözləməli olacaqsınız. Çünki sahibkar Bakıdan gəlib, hər ikisi hazırda qəbuldadır. Bu çox əla fürsət idi. Biz dərhal sahibkarın özü ilə görüşmək istədiyimizi bildirdik. Çünki işləyənlə deyil, işi quranla söhbətin daha maraqlı olacağını təxmin etdik. Xanım “baş üstə” deyib, məlumat vermək üçün ikinci mərtəbəyə qalxdı. Bu zaman digər qeydiyyatçı xanım bizdən əyləşib gözləməyi xahiş etdi. İçəridə xeyli pasiyent də vardı. Diqqətimizi çəkən əsas məqam isə pasiyentlərə göstərilən xüsusi qulluq oldu. Maraq üçün soruşdum: “xanım, pasiyentlərə təkcə sahibkar burda olanda belə qulluq edirsiz, yoxsa həmişə?” Çünki hər pasiyentə çay, kofe və hətta istəyə görə xüsusi çaylar da təklif olunurdu. Həm də ödənişsiz. Bir az sonra bizi ilk qarşılayan xanım gəldi və “buyurun, Vüsal müəllim sizi gözləyir”, dedi. Həmin xanım bizi müşayiət edərək ikinci mərtəbəyə, sahibkarın otağına qaldırdı. Biz otağa daxil olan kimi, çox sadə geyimli, görünüşcə sahibkardan daha çox hərbçiyə oxşayan orta yaşlı bir şəxs kreslosundan qalxaraq gülər üzlə bizə yaxınlaşıb əl uzatdı və “xoş gəlmisiniz” dedi. Qarşılanma o qədər mehriban oldu ki, sanki bir-birimizi illərdir tanıyırıq təəssüratı yarandı . Biz suala keçmədən Vüsal müəllim bizi sual atəşinə tutdu: “Necəsiniz, necə gəldiniz, Gəncənin yolları sizi yormadı ki?” Mərkəzin rəhbəri Vüsal Həsənov bizimlə söhbətində bildirdi ki, əslən Gəncədən deyil:“ Belə bir təsəvvürlər vardı ki, estetika sahəsi ancaq paytaxtda uğur gətirə bilər. Ancaq biz işimizlə sübut etdik ki, hətta ən mühavizəkar sayılan regionlarımızda belə, buna tələbat var. Bizim hazırda, Bakı ilə yanaşı, Gəncədə, Lənkəranda filiallarımız fəaliyyət göstərir. Bu yaxınlarda Qəbələdə də filial amaq fikrimiz var. Düzdür, işin təşkili asan deyil. Qrafiki elə qurmuşam ki, həftənin müxtəlif günlərini müxtəlif filallarda oluram. İnsafən deyim ki, dövlət qurumları tərəfindən fəaliyyətimizə hər hansı maneçilik törədilmir. Ancaq işin təşkili zamanı digər problemlərlə üzləşməli oluruq. Biz regionlarda estetika sahəsində çalışdırmaq üçün kadr çatışmazlığı ilə üzləşirik. Hətta sizi inandırım ki, mən böyük mərkəzləri idarə etmək üçün peşəkar idarəçilər belə tapa bilmirəm. Əmək haqqı, klinikanın qazancından əlavə stimullaşdırıcı təkliflər irəli sürsək də, klinikanın idarəçiliyini tapşırdığımız şəxslərin fəaliyyətindən razı qalmıram. Bu sahə üzrə marketinqin təşkili üzrə kadrlar da, demək olar ki, yox səviyyəsindədir. Sizi inandırım ki, bəzən biz peşəkar tibb baçıları tapmaqda belə çətinlik çəkirik. Əlində tibb bacısı diplomu ilə bizə yaxınlaşır, amma maraqlandıqda görürsən ki, adi qaydada damara inyeksiya belə edə bilmir. Axı, yalnız əldə diplomun olması ilə işə düzəlmək kimi faktorlar keçmişdə qalıb. Özəl sektorda daha çox peşəkarlıq tələb edilir. Hazırda regionlar üzrə 20-yə yaxın vakansiya üzrə bizdə işçi axtarılır. Sonra da görürük ki, bəziləri regionlarda iş yerinin az olmasından şikayətlənir”.

Burdan bir nəticəyə gəldik ki, bölgələrdə iş var, sadəcə, yaxşı işçi tapmaq çətindi.

Məhəmmədəli QƏRİBLİ

Gəncə-Bakı “Bakı-Xəbər”

Həmçinin oxuyun

Məktəblərdə yaşıl rüşvət – Hər şagird 5 şam ağacı gətirməsə… SƏS YAZISI

Bakı şəhəri, Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Yaş dünya” adlı tədbirin keçirilməsi …