Ana səhifə / Manşet / Türkiyədə açılan yeni telekanalın Ziya Məmmədovla nə əlaqəsi var?

Türkiyədə açılan yeni telekanalın Ziya Məmmədovla nə əlaqəsi var?

Dünən ölkənin bir sıra saytlarında “Azərbaycanın media holdinqi Türkiyədə xəbər kanalı açır” sərlövhəli yazı dərc olundu. Həmin məlumatda qeyd edilirdi ki, Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən “Global Media” şirkəti İstanbulda “Cine 5” və “Kanal 6” telekanallarının ofisinin yerləşdiyi binada bu istiqamətdə 3 aydır intensiv hazırlıq işləri aparır. Yeni açılan kanalın adı TR24 olacaq. Kanalın idarə heyəti rəhbərinin Elnur Abdullayev, baş direktorunun isə jurnalist, Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov olacağı qeyd edilir. Anonsu verilən bu işin qlobal bir layihə olduğuna şübhə yoxdur. Ən maraqlısı isə budur ki, “Global Media”nın 8 televiziya kanalına, 4 internet portala və 2 qəzetə nəzarət etdiyi vurğulanır. Sözügedən şirkətlə bağlı verdiyimiz axtarışlarda onun indiyə qədər Azərbaycanda hansısa bir işə imza atdığına dair məlumata rast gəlmədik. Türkiyədə telakanal açmağın asan bir iş olmadığını nəzərə alsaq, onda bu kanalın arxasında kimin durduğu və hansı maliyyə hesabına ərsəyə gəldiyi sual doğurmaya bilməz. Bir neçə gün əvvəl Virtualaz.org Türkiyədəki qaynaqlara istinadən bildirib ki, “Global Media” qrupu bu ölkədə açmağa hazırlaşdığı xəbər telekanalı üçün indiyə qədər azı 4 milyon dollar xərcləyib, daha bir neçə milyon dollar da xərclənməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, “Global Media”nın rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti Azərbaycan mediasına tanış isimlər olmasa da, baş direktor kimi təqdim olunan Məmməd Gülməmmədovun kim olduğunu müəyyənləşdirmək çətin olmadı. O, Ölkə.az saytının baş redaktorudur. Bu layihə ilə bağlı təqdim olunan adlar içində ən diqqət çəkəni isə idarə heyətinin rəhbəri kimi qeyd edilən Elnur Abdulayev oldu. Faktiki olaraq şirkətin başında dayanacaq bu soydaşımız kimdir? Azinforum.az bu xüsusda maraqlı detalları üzə çıxarıb. Məlum olub ki, Elnur Abdullayev sabiq nəqliyyat naziri Ziya Məmmədovla yaxın qohumluq əlaqələrinə malikdir – onun baldızı oğludur.

Elnur Abdullayev Ziya Məmmədovun nazir olduğu dönəmdə yüksək vəzifələrdə çalışıb. O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun 3 avqust 2015-ci il tarixli əmri ilə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl isə E.Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, yeni fəaliyyətə başlayan dövrlərdə Ölkə.az saytı da Ziya Məmmədova yaxın olan KİV kimi tanınırdı. Bizə o da məlumdur ki, indiyə kimi Tükiyədə media layihələrilə SOCAR və ona yaxın dairələr məşğul olub. Hətta yeni açılan telekanalın da SOCAR-a yaxın şəxslər tərəfindən ərsəyə gətirildiyinə dair məlumatlar var. Onda isə maraqlı sual yaranır: belə qlobal və əhəmiyyətli layihəyə rəhbərlik niyə məhz Ziya Məmmədova yaxın olan adamlara həvalə edilib? Mövzuya qayıdacağıq…

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …