Ana səhifə / Manşet / Sürət qatarı, yoxsa tısbağa yerişli ekspress – Kim kimə nə sırıyır?

Sürət qatarı, yoxsa tısbağa yerişli ekspress – Kim kimə nə sırıyır?

Ötən ilin ən çox müzakirə edilən xəbərlərindən biri “Azərbaycan Dəmir Yolları”nın yenicə dövriyyəyə saldığı sürət qatarı oldu. Bakı-Gəncə, Gəncə-Bakı marşrtutu üzrə relsə buraxılan bu qatar 364 km məsafəni 4 saat yarıma gedəcək (artıq getməyə başlayıb), yəni orta hesabla 90 km/saat sürətlə. Qatarda səyahətin qiymətləri isə lap dodaquçuqladacaq həddədir: Standart qiymət – 15, Biznes klass – 50, Birinci klass – 100 manat.

Bəs, görəsən, bizim sürət qatarı dediyimiz və dünyanın pullarını ödədiyimiz bu nəqliyyat vasitəsi digər həmcinslərindən nə qədər geri qalır?

Ovqat.com dünyada mövcud olan sürət qatarlarından yalnız bir neçəsini seçib bizim dəmiryolçuların eyni adla ictimaiyyətimizə və ölkə başçımıza sırıdığı ortalama 90 km/saat sürətlə gedən “dəmirayaqlı araba” ilə müqayisə edib. Ortaya isə bu nəticə çıxıb.

Son bir neçə ilə qədər ən sürətli qatar ABŞ-ın “Hyperloop One” ekspressi hesab olunurdu. Bu ekspress saatda 321 km məsafə qət edirdi. Daha sonra Çində və Yaponiyada bir sıra qatarlar “Hyperloop One” yarıyolda qoyduğundan ABŞ şirkəti üstünlüyü yenidən bərpa etmək üçün sürəti artırmağa qərar verdi. Eksperssin son hədəfi 1200 km/saat elan edildi və bu sürət sınaqdan uğurla çıxarıldı. Sürəti daha aşağı hiss etdirən, adını da bundan alan hiperlup kapsullar içərisində sərnişinlərini və karqolar daşıyan qatar bu hədəfə çatmaq üçün 80 milyon dollarından keçməli oldu. Manyetik qaldırma texnologiyasına əsaslanan hərəkət tərziylə təyyarələrlə yarışan “Hyperloop One”ın yeni sürətilə müqayisədə bizim Bakı-Gəncə ekspressimiz nəinki sağlam, hətta çolaq tısbağadan belə ləng tərpənir.

Sürət qatarları ilə diqqəti cəlb edən ölkələrdən biri də Çindir. Çinin “Şanxay” qatarı saatda 429 km sürətlə gedir. Yəni Gəncədən Bakıya qədər məsafəni həmin qatarla 45-50 dəqiqə ərzində qət edə bilərsiniz. Sözügedən qatarda səyahət edən sərnişinlər isə 400 km-lik məsafə üçün cəmi 8 dollar ödəyirlər. Bizim hesabla, 13 manat 60 qəpik. 100 manatdan 86.40 qəpik ucuz qiymətə.

“Harmony CRH380A” adlı sürət qatarı da Çindədir. 2010-cu ildə relsə buraxılan bu qatar əvvəl Şanxayla Nanki şəhərlərini birləşdirirdi. Hazırda isə Şanxay-Hangzhou və Wuhan-Guangzhoua  marşrutları üzrə də hərəkət edən qatarın sürəti 379 km/saatdır. Gəncə ilə Bakı Çində yerləşsəydi, bu iki şəhər arasında səyahət üçün cəmi 1 saat vaxtınız gedərdi.

İtalyanlar qatarlarının sürətində çinlilərdən azacıq geri qalırlar. “Trenitalia Frecciarossa 1000” ekspressi təkcə İtaliyanın yox, həm də Avropanın ən sürətli quru nəqliyyat vasitəsi kimi tanınır. Milandan Florensiyaya və ya Romaya 3 saatdan az müddətdə gedən bu qatar saatda 354 km sürətlə hərəkət edir.

“Renfe AVE” sürət qatarı ilə ispanlar Avropada yalnız italyanlardan geri qalırlar. “Siemens”-in layihəsi olan bu Qatarla Barselona’dan Parisə 6 saat içərisində gedə bilərsiniz. Qatarın sürəti isə 349 km/saatdır.

Almaniyanın ən sürətli qatarı da İspaniyada olduğu kimi Siemens tərəfindən də hazırlanıb. “Velaro D” adlanan qatarın sürəti 329 km/saatdir.

“Eurostar e320” və “TGV” ən sürətli həmcinsləri arasında altıncı yerdədir. Əslində “TGV” da “Eurostar e320”-nin bir başqa marşrutudur. “Eurostar”lar müştərilərinə Brüssel, Paris və London arasındakı məsafəni təxminən 2 saata getməyi təklif edir.

Yaponiyanın “Hayabusa Shinkansen E5” ekspresi 321 km/saat sürətlə irəliləyir. Bu il 55-cü ildönümünü qeyd edəcək olan “Hayabusa Shinkansen” Tokio-Osaka marşrutu üzrə işləyir.

Yaponiyanın “Hokuriku Shinkansen E7” qatarı öz həmcinsləri arasında yoxuş qatarı kimi tanınır. Onun sürətinin 259 km/saat olması Sizi təəccübləndirməsin. Qatarın “tısbağasürətliliyi” dağlara, qayalara dırmanmasından qaynaqlanır. Yaponiyaya səyahətə getsəniz bu qatar sizi Tokiodan götürüb ən qısa zaman ərzində “yapon Alpları” kimi tanınan Toyama və Kanazawa kimi zirvələrə apara bilər. Məhz bu keyfiyyətindən dolayı “Hokuriku Shinkansen E7” Yaponiyanın ən rəğbət görən qatarlarından biridir.

Yaponiyalar maglev tipli, yəni manyetik qaldırma texnologiyasıyla işləyən qatarlarının sürətini 600 km/saata qaldırmağı planlaşdırırlar. Artıq ilk sınaqlar öz nəticəsini verib. Yapon istehsalı olan maglev qatarlardan biri iki il əvvəl 603 km-i bir saatda qət edərək yerli rekordu təzələyib. 2027-ci ilə qədər ölkədə əksər qatarların orta sürətinin 600 km/saat olacağı gözlənilir.

Biz isə hələ də 90 km/saatı ən yüksək qatar sürəti hesab edirik. Doğrusu, bu tısbağa yerişin sürət qatarı kimi təqdim olunması insanda bəzi şübhələrə yol açır. Görəsən, Azərbaycan dəmiryolçuları öz rəhbərləri olan hörmətli Cavid müəllimə, yoxsa Cavid müəllim ölkə rəhbərliyinə tısbağa sürətli məhsullarını sürət qatarı kimi sırıyıb? (Ovqat.com)

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …