Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Manşet / Şahbaz Xuduoğlu 5 saylı xəstəxananın bərbad durumundan yazdı: “25 ildə heç bir əşyası dəyişməyən otağın…”

Şahbaz Xuduoğlu 5 saylı xəstəxananın bərbad durumundan yazdı: “25 ildə heç bir əşyası dəyişməyən otağın…”

Son dəfə 5 saylı xəstəxananın əsas korpusunda düz 25 il əvvəl olmuşdum. Atam ağır əməliyyat olunmuşdu, orda yatırdı. Elə, o ağır əməliyyatdan sonra öldü. Xəstəxanadan çıxandan bir neçə gün sonra, evimizdə hamımızla xudahafizləşdi, əlini son dəfə göyə qaldırıb bizə yellədi.

Atam, Natiq Səfərov, Əmiş əmim, hər üçü bu xəstəxanaya nisbətən sağlam gəlsələr də, ya ölü, ya da ölümcül burdan ayrılıblar. Bu səbəbdən, həmin xəstəxana ilə məni bir dənə də olsun xoş xatirə bağlamır.

Üç gün əvvəl balıqdan zəhərləndim. Srağagün Bakı Sağlamlıq Mərkəzinə getdim. Günay həkim mənə sistem yazdı, bəxtimə ləng bir tibb bacısı düşmüşdü, bir sistemi taxmaq üçün mədəm iki dəfə qalxdı. Elə orda, soyuq bir otaqda iki saat sistem altında uzandım. Günay xanım hər yarım saatdan bir mənə baş çəkib kefimi soruşurdu. Birdən baş ağrımla maraqlandı və bir Baralgin də seruma qatdı. Allergiyalı olduğumu xatırlatdım, “bu, allergiya verməz”, deyə məni əmin etdi.

Serumdan sonra işə gəldim, halım daha da pisləşdi. Üz-gözüm şişməyə başladı. Yolumu daha bir klinikadan salıb Suprastin iynəsi vurdurdum. Evə çatanda artıq mürgüləyirdim.

İki saat sonra yuxudan qalxanda özümü tanımadım. Bədənim övrə olmuşdu, üz-gözüm şişmişdi. Amma əhvalım pis deyildi, bir Zaditen atdım. Düşündüm ki, yemərəm, yalnız su içərəm və beləcə şişlər əriyib gedər. Axşama yaxın başa düşdüm ki, deyəsən, keçənə oxşamır. Allergiyanın gətirdiyi o qəribə bir həyəcan bədənimə yayıldı. Oğluma dedim gedək klinikaya.

Köhnə Süren Osipyan, indiki Süleyman Rüstəm küçəsində olan Baku Medical Center-ə getdim. Orda bir neçə il əvvəl olmuşdum, allergiyam oyanmışdı, xidmət personalından çox razı qalmışdım. Kitaboxuyan idilər. Hətta öz nəşrlərimizdən də orda görməyim əhvalımı qaldırmışdı.

Gecə 12-dək orda sistemdə qaldım. Arada sistemə bir Diprospam da vurdular.

Evə dönəndə içimdəki həyəcanın yerində biganəlik əmələ gəldi. Həyata, ətrafa, dostlarıma, doğmalarıma – hər şeyə və hər kəsə qarşı. Səhərədək qonşu binanın buldozerlə dağıdılması, ordan qalxan o gurultu və o dəhşəti toz burulğanı (allergiyam toza qarşıdır), yollardan gələn şin səsləri, daha məni narahat etmədi. Beləcə, biganə halda yuxuya gedim.

Səhər bədənim çox sağlam idi, həyat eşqim də özümə dönmüşdü. Hətta parkda bir az yürümək, təmiz hava udmaq istədim… Amma güzgünün qarşısında dayananda üzümü tanımadım. Botoks etdirən adamlara oxşayırdım.

Həmin gün evdən çıxmadım. Baş verən bu ziddiyyəti təhlil etməyə çalışdım; niyə bədənim sağlam, bütün allergiyası keçib, üz-gözümün yumruları isə bir az da artıb?!

Yəqin keçər deyə özümə təsəlli verdim.

Əlavə bir Suprastin iynəsi vurdurdum və yuxuya gedim. Səhərə qədər əcaib yuxular gördüm. Belə yuxuları adətən uşaq vaxtları qızdırmalı olanda görərdim.

Evimizin şalbanı yerindən çıxıb məni də üstünə alıb dağlardan, təpələrdən sürətlə uçurdu. Şalban ata, atdan itə ötürülsə də, uçuşumun sürəti və sifətimə dəyən o xoşbəxtlik havası keçib getməzdi. İt ən hündür qayadan özünü atanda və yerə azca qalanda mən ayılardım…

Bu dəfə pambıq budağında uçurdum. Əl boyda bir pamıq çöpü məni üstünə alıb göylərə qaldırdı. Heç təyyarədən Bakı belə apaydın, hər tərəfli görünmürdü.

Binaların içinə, içindəki evlərə, evlərdəki insanlara qədər hamı yaxın və uzaq effektlərlə gözümə görünürdü. Bu balaca pambıq ağacından elə bərk-bərk yapışdım, dənizə, ucu şiş binaların üstünə düşəcəyimdən dəhşətli bir qorxu yaşadım.

Bu məqam qonşuluqda sökülən binanın bir parçası gurultu ilə yerə düşdü və mən ayıldım, o dəhşətli qorxu hissindən ayrıldım.

Bu gün də bədənim yaxşıydı. Möhkəm və sağlam. Uzun məsafəyə yürüş etmək qədər enerjili. Amma güzgü yenə əhvalımı korlayır…

5 saylı xəstəxanaya budəfəki gəlişimin də kökündə göründüyü kimi ürək açan bir səbəb yoxdur.

Qəbul hissənin döşəməsi dəyişsə də, mərtəbələr arası pilləkənlər, ən ağır, dərin yatan xəstəni belə yuxudan oyadan o səs-küylü lift, dəhliz, dəhlizin başındakı qapısı daim açıq olan tualet, həkimlərin otağındakı nimdaş stol və stullar eyni qalmışdı. Atamın vaxtındakı gənc, şux, cəld, gülərüz tibb bacıları öz yerlərini saçları ağarmış, dişləri tökülmüş, ilk baxışdan əldə-göz, sonra isə bu artıq iştahlarının xarakterlərinə hopduğu təbii görünən sadə qadınlara (bir müddət sonra adam onları olduğu kimi qəbul edir) vermişdilər.

Aynur xanım şöbə müdiridir, mehribandır, yanında iki assistenti xəstəliyimin detalları barədə danışdıqlarımı və onun tövsiyələrini qeyd edirdilər. Qərar belə oldu ki, yenə serum taxılsın, içinə Dekzametazon vurulsun. Tibb bacısını səslədi. Mən onu dərhal tanıdım, zənnim aldatmasa o vaxtdan qalma tibb bacısı idi, bir az beli bükülmüş, gözləri çuxura düşmüşdü. Amma cəldliyi, işə ürəkli yanaşması elə eynən 25 il əvvəl olduğu kimi qalmışdı.

Doktor öz dilində tibb bacısını təlimatlandırdı. Məni bir palataya gətirdilər. Bir vaxtlar orda atam yatıbdı – qapıdan girdikdə solda birinci çarpayıda. Yatağının ayaq tərəfində altı dağılmış əlüzyuyan qoyulmuşdu, üzdə olan dəmir sfonu da elə həminki idi, kranını açan kimi suyu döşəməyə çilənirdi.

Tibb bacısı üzümə baxdı, gözlərimdə narahatlığı hiss etdi, dərhal gülümsədi (bəlkə də, gülümsəmək narahatlığımı azaltmaq üçün deyil, yaxşı bir vərdişdən gəlirdi), yuxarı dişlərinin solda olan 3-ü qızıldan idi, yadıma düşdü ki, o vaxtlar yuxarı sol dişləri qızıl etmək dəb idi. Özü də o vaxt gülümsəyənlər ağızlarını tam açmazdılar, yuxarı sol dodağını azca qaldırardılar ki, qızılın xəfif parıltısı görünsün.

Tibb bacısı uzanmaq üçün atamın çarpayısını göstərdi, özümdən biixtiyar başqa birini, ortadakı çarpayını seçdim.

Çarpayıya uzanıb pəncərəyə baxdım, çinar ağacları daha da böyümüşdü. Çinar yarpaqlarının bir-birini döyəcləyən səsini eşidəndə Atamın yerindən başını qaldırıb, üzünü balkona tərəf tutaraq “deyəsən, hava qalxdı” sözlərini xatırladım. Eynən o vaxtkı kimi, çinar yarpaqlarını əsdirdi, otağa çölün həlim havası doldu.

Məni üşütmə tutdu, üzümü çevirdim, tavanın künclərində hörümçəklər tor qurmuşdu. Bəs milçək niyə yoxdur, deyə düşündüm. Pəncərənin düyünlənmiş pərdəsinə milçəklər oturmuşdu. Toxunmasan, uçana oxşamırdılar. Beynimin bir küncündə, lap nöqtə boyda olan yaddaşım mənə dedi ki, Atam burda yatanda da o milçəklər, o hörümçək torları indiki yerindəydi. Kürəyimdən soyuq tər axdı. Sağ əlimi alnıma sürtdüm, alnımın dərisi sızıldadı.

Tibb bacısı uzun iynəsini qol damarıma yeritdi. Serum asta damcılarla damarıma axmağa başladı. Sağ əlimlə çantamdan təsadüfü bir kitab çıxardım. Bu “İvan İliçin Ölümü” idi. Uzandığım bir saat ərzində kitabın sonuna gəldim. Oğlu ilə vidalaşma səhnəsində kövrəldim. Arvadına “Bağışla” demək əvəzinə “Burax” və bütün həyatı böyü (43 yaşı vardı), yanlış yaşadığı dünyadan “Ölüm qurtardı…” deməklə son nəfəsini aldı.

Serum bitmişdi. Belimin təri qurumuşdu. Gülümsəyən, mehriban tibb bacısı “bir az uzanın, sonra gedərsiz”, – qayğılı səslə dedi və 25 ildə heç bir əşyası dəyişməyən otağın qapısını üzümə örtdü.

VIPedu.BIZ

Həmçinin oxuyun

Abel Məhərrəmov özünü necə yandırdı? – Prezident rektoru bu səbəbdən qovdu / Sensasiya

Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə …