Şənbə , Fevral 23 2019
Ana səhifə / Manşet / Sabiq məmurların xaricə qaçırdıqları milyonları ölkəyə necə qaytaraq?

Sabiq məmurların xaricə qaçırdıqları milyonları ölkəyə necə qaytaraq?

Son vaxtlar sosial şəbəkələrdə keçmiş nazirlər və digər yüksək ranqlı sabiq məmurların xarici ölkələrdə olan mülkləri və digər varidatlarının olması ilə bağlı məlumatlar yayılır. Yayılan məlumatlarda kifayət qədər ciddi dəlil və sənədlərin olması ölkədəki ciddi media quruluşlarının da diqqətindən yayınmır. İndiyə qədər sosial şəbəkələrdə yayılan həmin məlumatlara istinadən aparıcı KİV-lərdə çeşidli materiallar işıq üzü görüb. 

Ancaq marağımızı cəlb edən bu məsələdə xalqımız və dövlətimiz üçün ümdə olan əsas istiqamət nədənsə unudulur. Olduqca ciddi əhəmiyyətə malik olan bu mövzuda biz yalnız hansısa talançıların ifşa edilməsini hədəf kimi seçməməliyik, eyni zamanda, konkret faktlara əsasən oğurlandığı sübuta yetirilən həmin pulların ölkəyə qaytarılması barədə düşünməliyik. Çünki heç bir sabiq məmur dövlətdən aldığı məvaciblə həmin varidata sahib ola bilməz. Belə olan halda, ortaya sual çıxır: sabiq məmurların ölkədən oğurlayaraq çıxardığı milyonları dövlətimizin büdcəsinə hansı hüquqi prosedurları həyata keçirməklə qaytarmaq olar?

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, prinsipcə, həmin pulların ölkəyə qaytarılması mümkündür: “Bunun üçün bir sıra prosedurlara baş vurmaq lazımdır. İlkin olaraq Azərbaycanda həmin faktlarla bağlı cinayət işi açılaraq istintaq başlamalıdır. İstintaq daxilində həmin sabiq məmurlara, onların yaxın ətraflarına suallar yönləndiriləcək. Bu suallar əldə olunan əmlak və onların mənbələri barədə olacaq. Hazırda bizdə bunun edilməsinə müəyyən maneə törədən səbəblər var. Çünki “Korrupsiya ilə mübarizə haqqında” Qanunun 5-ci maddəsi ölkədə tətbiq edilə bilmir. Həmin maddəyə görə, bütün məmurlar öz əmlaklarını rəsmi qaydada bəyan etməlidirlər. Bizdə 2012-ci ildə Prezident fərman verərək, Nazirlər Kabinetinə tapşırdı ki, 3 ay ərzində həmin bəyannamə formasını hazırlasınlar. Üstündən 7 il keçməsinə baxmayaraq, hələ də həmin bəyannamə forması hazırlanmayıb. Deyilən istiqamətdə işin aparılmasını çətinləşdirən məhz bu məsələdir. Hesab edirəm qanunun bu maddəsi olmasa belə, siyasi iradə ortaya qoyulsa, bunu həyata keçirmək mümkün ola bilər. Tədqiqat başlamalı, həmin araşdırma daha sonra əmlakların aşkar olunduğu ölkəyə təqdim edilməlidir. Bilirsiniz ki, ölkələr arasında əməkdaşlıq olur. Əgər həmin ölkə Konvensiya üzvü olmayan ölkədirsə, ikili  görüşmələrlə belə təqdimatı etmək olar. Buna dair diplomatik protokol, memorandumlar imzalana bilər. Qarşılıqlı yardımlaşmanı özündə ehtiva edəcək həmin sənədlə gələcək hərəkətləri etmək olar”.

Hüquqşünasın sözlərinə görə, bu prosedurdan sonra əldə olunan dəqiq faktlar əmlakın aşkar edildiyi ölkənin müvafiq qurumlarına təqdim edilməlidir: “Həmin müraciətlə bağlı verilən sənədlərdə hansısa ölkədə aşkar olunan əmlakla əlaqəli ağlabatan dəlillər ortaya qoyulmadığı halda, konkret tələblər irəli sürmək olar. Ölkəmizdə bu işi aparan istintaq orqanı müvafiq sənədləri həmin ölkənin əlaqədar qurumlarına təqdim edib, əmlaka və bank hesablarına həbs qoyulmasını tələb etməlidir. Həmin tələbin çərçivəsində, eyni zamanda, mənşəyi şübhəli olan əmlakı satılaraq Azərbaycan dövlətinin büdcəsinə keçirilməsi də öz əksini tapmalıdır. Bir faktı da qeyd edim ki, artıq bu halların çoxalması hakimiyyəti  Nazirlər Kabineti qarşısında məsələni daha kəskin qoyması ilə nəticələnə bilər. Bunun da nəticəsində  yuxarıda qeyd etdiyimiz bəyannamə forması tez zamanda hazırlanıb ortaya çıxarılar. Bundan sonra 2012-ci ildən sonra mənbəyi göstərilməyən bütün əmlakların şübhəlilər kontekstinə daxil edilməsi üçün kifayət qədər hüquqi əsas var”.

Məhəmmədəli QƏRİBLİ 

Həmçinin oxuyun

“Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır” – Siyavuş Novruzov

Müasir dünyamızda qlobal iqtisadi böhranın mənfi təzahürlərinin meydana gəldiyi, tarazlaşma proseslərinin ağrılı keçdiyi bir dövrdə …