Bazar ertəsi , Oktyabr 22 2018
Ana səhifə / Manşet / Prezident seçkiləri niyə önə çəkildi? – ANALİZ

Prezident seçkiləri niyə önə çəkildi? – ANALİZ

Dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında bağlı sərəncam verib. Prezident üsul-idarəsinə malik istənilən dövlətdə hakimiyyətin ali postuna seçkilərin keçirilməsi, heç şübhəsiz, ən başlıca və taleyüklü kampaniya səciyyəsi daşıyır. Odur ki, “İlham Əliyevin bu sərəncamı aydın səmada çaxan şimşək effekti yaratdı” desək, müəyyən qədər haqlı olarıq.

Hələ ötən ilin dekabrında Milli Məclisin üzvü Zahid Oruc parlament çıxışlarının birində növbədənkənar prezident seçkilərinin keçirilməsinin vacibliyi barədə danışmışdı. Parlamentari öz mövqeyini belə əsaslandırmışdı ki, son referendumda edilmiş dəyişikliklərə əsasən mövcud qanunvericilik Azərbaycan prezidentinə erkən seçkilər təyin etmək ixtiyarı verir və 2025-ci ildə dövlət başçısı postununun sahibinin və Milli Məclis üzvlərinin müəyyənləşdirilməsi üçün keçiriləcək səsvermələr üst-üstə düşəcəyindən gözlənilən kampaniya daha əvvələ çəkilməlidir. O zaman bu təşəbbüsə “Yeni Azərbaycan” partiyasının parlamentdəki bəzi təmsilçiləri mətbuatın təbirincə desək, “sərt” reaksiya vermişdi. Nəticədə sözügedın məsələ ilə bağlı siyasi müşahidəçilərini bir çoxu xeyli dərəcədə arxayınlaşmışdı. Lakin indi fərqinə varmaq çətin deyil ki, prezident İlham Əliyevin siyasi kursunun elmi və siyasi baxımdan yetərincə hazırlıqlı və məlumatlı müdafiəçilərindən olan Zahid Orucun həmin çıxışı, əslində, bir növ “zondaj” xarakteri daşıyırmış.

Təsadüfi deyil ki, Azərbaycan prezidentinin erkən seçkilərin təyin edilməsi ilə bağlı sərəncamı hüquqi baxımdan heç bir mübahisə doğurmadı. Prezident Administrasiyasının İctimai- siyasi şöbəsinin müdiri və Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun bildirdiyi kimi, Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilib və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadılıb: “Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə, Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı- növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur”.

Lakin məsələnin başqa tərəfləri də var, daha çox sual doğuran məqam da elə bu tərəfdədir. Çünki bu ilin sonunda Azərbaycanda növbəti prezident seçkiləri keçirilməli idi və səsvermənin irəli çəkilməsi “niyə” sualı yaratmaqla istər-istəməz onun səbəbləri barədə düşünmək zərurəti yaradır.

Artıq bu suala cavab olaraq bir çox mülahizələr irəli sürülüb. Ənənəvi müxalifət partiyalarının sədrləri ilk növbədə bu tezisdən çıxış edirlər ki, hakimiyyətin siyasi texnoloqları seçkinin vaxtını irəli çəkməklə onları hazırlıqsız yaxalamaq istəyib. Əgər biz SƏBƏBlərdən danışırıqsa, bu, sadəcə olaraq tənqidə dözümsüz yanaşmadır. Əvvəla, 2003-cü ildən bu yana Azərbaycan müxalifəti heç bir səsverməyə hazır olmayıb, öz aralarında küsüşmələr-barışmalar yaşayıb, aparılan danışıqlarda müxtəlif strategiya və taktikalar təklif olunub. Sonucda ya boykot yolunu tutublar, ya da hakimiyyət üçün narahatçılıq yaradan səviyyədə mübarizə apara bilməyiblər. Ən başlıcası, Azərbaycandakı mövcud ictimai rəydən az-çox xəbəri olanlar bilirlər ki, Prezident İlham Əliyevin xalq arasındakı nüfuzu olduqca yüksəkdir və bu yüksək reytinq qarşısında xırda dərnəklər səviyyəsinə enmiş müxalifət partiyalarının liderlərinin hər hansı uğur qazanmaq şansı yerli-dibli yoxdur. Fərz edək ki, prezident seçkiləri bir neçə ay qabağa çəkilməyib, əksinə, növbəti ilin aprelinə təyin edilib. Məgər bu halda Müsavat, AXCP, yaxud onlardan da marginal olan hansısa müxalif təşkilatcıq səsverməni uda bilmək üçün “möhtəşəm güc” əldə edəcəkdilərmi?

Ümumiyyətlə, aşkar reallıq budur ki, keçirildiyi vaxtdan asılı olmayaraq Azərbaycanda yaxın onilliklərdə təşkil olunacaq istənilən prezident və parlament seçkilərindən yalnız İlham Əliyevin özü, yaxud onun tövsiyyə və müdafiə etdiyi namizədlər qalib çıxa bilər. Fəqət 11 aprel seçkilərinin NƏTİCƏsi olaraq Azərbaycan müxalifətinin istisnasız olaraq bütün kəsim və liderlərinin, o cümlədən müxalif lider olmağa can atanların kitabı birdəfəlik bağlanmış olacaq. Diqqət edin, AXCP və Müsavatdan erkən seçkilərlə bağlı verilən açıqlamaların heç birində siyasi liderlik keyfiyyətləri sərgilənmədi, mübarizə və qələbə əzmi ortalığa qoyulmadı. Onlar daha çox qərəzli və natamam məlumatlarla efirə çıxmış politoloq kimi danışdılar. Üstəlik, hər iki partiyanın ən iddialı fiqurları “müzakirələr aparacağıq” deyə hər kəsdə yeni Yusif Sərrac axtarışında olduqları qənaətini yaratdılar. Zənnimcə, bu günə qədər özünü gerçək müxalifətin lideri kimi təqdim etməyə çalışan və bu status üçün Müsavatın adayı İsa Qəmbərə qarşı trol cihadı aparan AXCP sədri Əli Kərimli Milli Şuradan namizəd çıxarmaq üçün çalışacaq və bütün konyuktur vasitələrdən istifadə edəcək ki, səsverməyə qatılmasın. Digər tərəfdən, 2013-cü ildəki seçkilərdən fərqli olaraq, Azərbaycan müxalifəti Rüstəm İbrahimbəyov avantürasına bənzər ssenariləri də işə sala bilməyəcək. Altdan-altdan payıza hazırlaşan qeyri-sistemli müxalifət də müxtəlif formatlar tərtib edərək hər hansı populist namizəd göstərmək imkanından məhrum olub.

Mövqelər arasında önə çıxan mülahizələrdən biri də erkən seçki ilə bağlı sərəncamın arxasında xarici təzyiq faktorlarının dayanmasıdır. Bu tezisi irəli sürənlər Rusiyada martda keçiriləcək prezident seçkiləri, ABŞ-ın Rusiyanın yüksək ranqlı və zəngin fiqurlarına qarşı sanksiyalar tətbiq etməsi kimi arqumentlər sadalayırlar. Əlbəttə, Rusiya dünya siyasətinin önəmli güclərindən olmaqla Azərbaycanın yaxın qonşusudur, oradakı siyasi hadisələr Azərbaycana təsirsiz ötüşmür həm də ona görə ki, milyonlarla soydaşımız qazanc dalınca şimala üz tutub. Nəinki Azərbaycan kimi post-sovet respublikasında, hətta ABŞı-ın timsalında dünyanı birqütblü edən nəhəng dövlətdə prezident seçkilərinə müdaxilə etmək üçün Rusiyanın əlində çoxsaylı rıçaqlar var. Lakin 2013-cü ildə Milli Şuranın yaradılması prosesini xatırlasaq görəririk ki, həm Azərbaycanın bu rıçaqları zərərsizləşdirmək təcrübəsi var, həm də erkən seçki məsələsi son referendumdan qabaq nəzəri baxımdan planlaşdırılmış kimi görünür. Odur ki, seçkilərin 11 apreldə keçirilməsini istər Rusiyanın, istərsə də ABŞ və Avropa Birliyi dövlətlərinin mümkün təsir və ya təzyiqlərinə qarşı düşünülmüş “bərayi-ehtiyyat” tədbiri kimi qarşılamaq yanlış olardı.

Nəhayət, sərəncam elan olunar-olunmaz “5-ci kolon”un nümayəndələri belə bir iddia ortaya atdılar ki, guya Azərbaycanda manatın məzənnəsində dəyişiklik, sosial-iqtisadi vəziyyətin ağırlaşması gözlənilir. Bu versiya ümumiyyətlə müzakirəyə layiq deyil. Çünki Azərbaycanın dövlət büdcəsinin əsas qaynağı olan neftin dünya bazarında qiyməti sabitləşir və kiçik qalxış-enişlərlə birgə mümkün qiymət büdcə proqnozunda səriştəli bir şəkildə nəzərə alınıb. Eyni zamanda, kiçik və orta sahibkarlıqla bağlı atılan qətiyyətli və effektiv addımlar əhalinin manatın dəyərdən düşməsindən sonra psixoloji olaraq toxtatmaqla yanaşı, iqtisadi təşəbbüskarlığın artmasına da rəvac verib. Odur ki, bu il sosial-iqtisadi vəziyyətdə nəinki neqativ dəyişiklər, hətta bir çox pozitiv sıçrayışlar gözləmək daha məntiqlidir.

Azərbaycan Prezidentinin hər hansı məxfi informasiyaya malik olması və məhz həmin informasiya əsasında seçkilərin vaxtının qabağa çəkilməsi ehtimalı da inandırıcı deyil. 2015-ci ilin parlament seçkilərindən cəmi bir neçə gün öncə Eldar Mahmudovun Milli Təhlükəsizlik naziri postundan azad edilməsi və daha sonra həmin qurumun yenidən təşkil olunması bu cür qarşılana bilərdi. Lakin indiki halda məsələ az öncə vurğuladığımız kimi, Ana Yasa dəyişikliyindən qaynaqlanır və ona görə də seçkilərin erkən keçirilməsinə dövlət başçısı İlham Əliyevin prioritet hədəfləri konteksində baxmaq daha doğrudur. Bu hədəflər sıralaması nisbi olsa da aşağıdakı kimidir:

1) Azərbaycan daha da müstəqil, daha da sabit və öz inkişaf modelini yaratmış bir dövlət olaraq dəngələri sürətlə dəyişən dünyada, siyasi hərarəti yüksələn bir bölgədə daha da nüfuzlu, sözü keçərli olmalıdır. Azərbaycan Prezidenti xalqdan böyük ölçüdə və 7 il müddətinə dəstək almaqla bu hədəfə doğru daha istiqrarlı şəkildə yürüyəcək.

2) Torpaqlarımızın bir qismini işğal altında saxlayan Ermənistanda ilin birinci yarısı seçkilər keçiriləcək, siyasi sistem dəyişdiyindən hakimiyyətdə “Qarabağ klanı”na bağlı yeni fiqur peyda olacaq. Heç şübhəsiz, həmin fiqur bir neçə ay ərzində öz mövqelərini bərkitdikdən sonra payızda- seçki ərəfəsində (əgər səsvermə oktyabrda keçirilərdisə) Azərbaycana hərbi-siyasi basqı düzənləyəcəkdi. Azərbaycanda prezident seçkilərinin qabağa çəkilməsi Qarabağ sorununun çözümündə bizim mövqeyimizi gücləndirdi. Yazın sonlarında Azərbaycanda xalq tərəfindən etimadı yenilənmiş və hakimiyyəti kifayət qədər möhkəm bir prezident, Ermənistanda isə sistem dəyişikliyindən dolayı mexanizmləri qeyri-işlək vəziyyətə düşmüş, hakimiyyətin necə bölünməsi problemi ilə üz-üzə qalmış bir klan olacaq. Hərbi, iqtisadi və siyasi baxımdan Ermənistandan qat-qat güclü olan Azərbaycanın həmin klana Lələtəpədə daddığı məğlubiyyyəti həlledici şəkildə yaşatmaq imkanı artacaq.

3) Prezident İlham Əliyev bir neçə ildir ki, Azərbaycanın post-neft dövründə inkişafı üçün tədbirlər tökür, qərarlar verir. Hər kəsə məlumdur ki, Azərbaycanın neftdən asılılığını tamamilə aradan qaldırmağın və istehlakçı bir cəmiyyətdən istehsalçı topluma çevrilməyin yolu sürətli islahatlardan keçir. Son referendum da, qabağa çəkilmiş prezident seçkiləri də məhz bu islahatların hüquqi və siyasi fundamentini təşkil edir. Proqnozumuza görə, biz həm seçkilər ərəfəsində, həm də bütün il boyu Prezident İlham Əliyev tərəfindən imzalanan, cəmiyyəti yaxşı mənada həm şoka salacaq, həm də sevindirəcək qərarların şahidi olacağıq. Hər zaman söylədiyimiz bir fikri yenidən təkrarlamaqda fayda var: Azərbaycanın müxalif arenasında İlham Əliyev çapında islahatçı, İlham Əliyev səviyyəsində dinc və köklü islahatlar apara biləcək lider yoxdur!

Taleh ŞAHSUVARLI

Azinforum.az

Həmçinin oxuyun

Xoşqədəm Hidayətqızı: “Həyatımda nəyim varsa, Naxçıvana borcluyam…”-VİDEO

Azinforum.az-ın əldə etdiyi məlumata görə,  oktyabr ayının 19-da tanınmış jurnalist, “Xəzər” televiziyasında yayımlanan  “Səni axtarıram” …