Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Manşet / ÖZ QANLARI İLƏ DÖVLƏT ADLI “AĞACIMIZI” SULAYAN ŞƏHİD POLİSLƏRİMİZ

ÖZ QANLARI İLƏ DÖVLƏT ADLI “AĞACIMIZI” SULAYAN ŞƏHİD POLİSLƏRİMİZ

Azərbaycanın müstəqilliyini, stabilliyini istəməyən qüvvələr daima ölkədəki həssas və incə detallardan istifadə etməkdə maraqlı olublar. Belə zərif nöqtələrdən biri də dindir. Azərbaycan dünyəvi quruluşa malik olan ölkə olsa da, dövlət-din münasibətlərinə xüsusi önəm verib, ölkədəki dini mühitin qorunmasında, məzhəblərarası münasibətlərin tənzimlənməsində dünyaya örnək ola biləcək bir siyasət yürüdüb. Hətta yeri gələndə, cəkinmədən dünya miqyasında İslam dininin təəssübkeşi rolunda çıxış edib. Təəssüflər olsun ki, xaricdən idarə olunan bəzi radikal -dindar, ekstremist elementləri bu siyasət heç vaxt qane etməyib.

Onlar daima din faktorunu qabartmaqla öz çirkin niyyətlərinə nail olmağa can atıblar. Həmin qüvvəllərin ən ümdə məqsədi Azərbaycanın mövcud Konstitusion quruluşunu dəyişib, yerində teokratik, sırf dinlə idarə edilən bir quruluş qurmaqdan ibarətdir. Yunis Səfərovun Gəncədə törətdiyi hadisənin ilk anından bəyan etdik ki, həmin güllə yalnız Gəncənin icra başçısına atılmayıb, onun ünvanı Azərbaycanın dövləti, dövlətçiliyi olub. İlk anda bu mövqeyimizə görə bizi qınayanlar tapıldı, hadisələri qisas hissindən qaynaqlanan şəxsi məişət münasibətlərinə qədər maskalamağa çalışdılar. Buyurun, bu gün Gəncədə baş verən hadisələrə baxın.

Qanunsuz etiraz aksiyası keçirməyə cəhd edən bir qrup başıpozuğun önünə silahla deyil, əliyalın çıxan ən yüksən rütbəli polis zabitlərini xəncərlə vurub qətlə yetirirlər. Baş verənlər bir daha sübut edir ki, Gəncədəki hadisələr zəncirvari şəkildə bir-birilə bağlıdır və dövlətimizin sarsıdılmasına, ona ağır zərbə vurulmasına yönəlib. Bir daha aydın olur ki, Yunus olayının da, məhz ölkədə yaşanan enerji böranı gününə düşməsi təsadüfi deyilmiş. Bu gün Gəncədə baş verən hadisələri hansısa peşəkar jurnalistlər tərəfindən deyil, hicablı, indiyə kimi heç bir jurnalistin tanımadığı bir xanım tərəfindən provakativ şəkildə transliyasiya olunması və həmin videonun sürətli şəkildə xüsusilə də xaricdə yaşayan şəxslər tərəfindən paylaşılması da bir çox qaranlıq mətləblərdən xəbər verir.

Asayişin bərpası zamanı canını fəda edən polislərimizlə bağlı DİN-in yaydığı rəsmi bəyanatda onların adları ŞƏHİD kimi qeyd edilir. Başıpozuq, zərərli elmentləri dəstəkləyənlər bu təqdimata da qısqanır və onların niyə şəhid adlandırması ilə bağlı yersiz suallar ünvanlayırlar. Bəli, hər iki qəhrəman polsimiz ŞƏHİDDİR. Bilin və boş başınıza həkk edin ki, Dövlətini qoruyarkən öldürülmək insanı ŞƏHİDLİK zirvəsinə ucaldır. Amma onların canına  qıyan və din adı ilə silahlanan zərərli ementlər bilsin ki, İSLAM dinində günahsız insanı öldürmək kimi tələb və əmr yoxdur. Bu əməl dinlə LƏNƏTLƏNİR. Bunun adı nadanlıq və əclaflıqdır.

Həmin zərərli elementlər bilsinlər ki, Azərbaycan öz cavan dövlətini qorumaq üçün belə şəhidlərdən çox verib. Həmin şəhid qanları ilə biz  DÖVLƏT adlı  gənc “ağacımızı” suvararaq, onu 25 yaşlı bir gəncə cevirməyə qadir olmuşuq. Əmin olun ki, dövlətçiliyimizin qorunması uğrunda canını könüllü olaraq fəda etməyə hazır olan 100 minlərlə vətəndaşımız yenə var. Allahdan tökülən şəhid qanları ilə bizi, ailəmizi, Dövlətimizi qoruyan polislərimizə rəhmət diləyirəm. Onların müqəddəs ruhları qarşısında baş əyirəm, ailələrinə isə səbr arzulayıram.

Yaşasın Müstəqil, Demokratik, Dünyəvi və İslam dininə böyük etiram və sayğı bəsləyən Azərbaycan Dövləti!!!

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Elçin Qurbanov: “Şübhəsiz ki, təmərküzləşmiş korrupsiyanın çiçəklənməsində sabiq Ali Məclisin sədri kənarda deyil”

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rəfael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …