Ana səhifə / Manşet / Naxçıvanlıları və ziyalıları təhqir edən Əkrəm Əylisliyə sərt cavab

Naxçıvanlıları və ziyalıları təhqir edən Əkrəm Əylisliyə sərt cavab

Əkrəm Əylislinin MeydanTV-də Mehman Hüseynovun müdafiəsinə həsr etdiyi müsahibəsi ilə tanış olandan sonra “ziyalı siyasəti”, “siyasətdə ziyalılıq”, “ziyalı kimdir” kimi suallar ətrafında bir daha müzakirə açmağa lüzum olduğunu gördüm. Bəziləri kimi bər-bəzək və ibarələr arxasınca qaçaraq müxtəlif dünya alimlərindən iqtibaslar gətirmək və klassik politoloji dildə təhlillər aparmaq fikrim yoxdur. Baxmayaraq ki, bu üslubda da kiminsə qarşısında geri çəkilmək kimi zəifliyim yoxdur. Sadəcə, oxucularımızı elmi-politoloji leksikonla yormaq yox, sadə dilimizdə, Azərbaycan nümunələri ilə məsələyə münasibətimi bildirmək fikrindəyəm.

Əslində, “ziyali kimdir”, “ziyalı siyasəti nədir” kimi sualları elə Əkrəm Əylislinin özünün timsalında təhlil etmək lazımdır. Bu daha rahat və anlaşılan olacaq. Düşüncələrimin hədəfi Əkrəm Əylislinin Mehman Hüseynov adlı, barəsində ziddiyyətli xəbərlər dolaşan həbsdəki bir cavan oğlanı niyə və nədən müdafiə etməsi deyil. Kimi müdafiə edib-etməyəcəyini Əylisli özü bilər. Aclıq elan etməsi barədə xəbərlər rəsmi dövlət orqanları tərəfindən birmənalı təkzib edilən bir gənci üzünə tutaraq dəxli olmayan “budaqları” xüsusi qərəzlə silkələmək, hətta dövlətçilik məsələlərini də kəmfürsətliklə hərcayı dildə qaralamaq isə artıq hamıya dəxli olan işə çevrilir. İnsanın qərəz və kin-küdurət xatirinə hətta öz şəxsi imicinə hansı dərəcədə laqeydləşə bildiyi Əylislinin bu “sanlı”müdafiə müsahibəsində aşkar görünür. Əylisli bir gənci fürsət bilərək xalqımıza, ziyalılara, dövlətçiliyə qarşı qisasçı mövqelərə keçmək işini əla bacardığını bir daha səxavətlə nümayiş etdirir. Ancaq bu dəfə də qərəz onun fəhmini o qədər zəlil edib ki, şuarçı sözlərin arxasında əsl niyyətini gizlədə bilməyib. Əsl niyyət isə, təbii ki, dustaq müdafiə etmək deyil…

Bir də ki, illərdir Xalq yazıçısı adı ilə bərabər qətrə-qətrə topladığıı xalqın sevgisini də “Daş yuxular”ının ağırlığı altında məhv etdiyindən camaatın üzünə çıxa bilməyən biri cəmiyyətin nədən və kimdən narahat olduğunu necə görə bilər?! Görünür, Əylisli xeyli yaşlanmağından, ya da ifrat qərəzlilik üzündən normal düşüncə məntiqini itirdiyindən buna da gedir. Onun “cəmiyyət Mehmanın səhhətindən narahatdır” kimi evindən bayıra çıxmadan gəldiyi “dahiyanə”qənaətin uyğunsuzluğunu, görünür, müxbir də anlamışdı. Belə olmasaydı, müxbir ona “cəmiyyət niyə laqeyddir” sualını verməzdi. Müxbirin Əylisliyə bu sualının mənası əslində o deməkdir ki, evindən eşiyə çıxmadığın halda cəmiyyətin narahatlığını necə görə bilərsən?! Burada bir adamın yüzlərlə, hətta minlərlə saxta hesab yaratması ilə sosial şəbəkələrdə qoparılan yalançı “tufan”ları lütfən gözümüzə soxmayın…

Əslində ictimai məzmunla heç bir real əlaqəsi olmayan belə “tufan”ların hansı texnologiyalarla yaradıldığından xəbərimiz var. Bunu Əylisli də bilsə, yaxşı olar….
“Azərbaycanda ziyalı yoxdur” deyən bir kəsin özünə nə ad təsəvvür etdiyini düşünmək belə dəhşətlidir. Doğrudan da ziyalı yoxdursa, bəs Əylisli özü nədir? Sözügedən müsahibəsində Mehmanı sadəcə üzünə tutduğunu o, daha bir fikrində də biruzə verir. Deyir ki, mənim məsələmdə də məlum oldu ki, Azərbaycanda ziyalı yoxdur. Bu məqamda “qara qızın dərdi var” aforizmi çox dəqiq yerinə düşür. Və sual yaranır: Əylisli görəsən özünün hansı “məsələsindən” danışır? Yaxud ziyalı saymadığı təbəqə onun hansı “məsələsinə” həyan durmadığı üçün qəzəbə tuş gəlib?

Deyirlər, insan yaşlaşanda küsəyən, inciyən, kövrək olur. Bu doğrudur. Ancaq insanın yaşlaşdıqca öz xalqına düşmənçilikdə daha dərinə gedə biləcəyi də doğru imiş… Əylislinin timsalında bunu da “kəşf etdik”… Maraqlıdır, onun ziyalı saymadığı təbəqə ahıl yaşında millətinə, xalqına qarşı “Yuxularını daşlaşdıran” birisinə niyə də dəstək verməli idi? Kimlərinsə hardasa qulağına fısıldadığı Nobel mükafatının eşqinə azərbaycanlıları düşmən ermənilərin qabağında alçaltmağa belə gedən birinə milli ziyalılar dəstəsinin nifrət püskürməsi tam gözlənilən idi. Sonda nə baş verdi? Əylisli ona vəd edilmiş Nobel mükafatını ala bilmədi, üstəlik cəmiyyətin yeni dalğa nifrətini də qazandı.

Soruşur ki, Azərbaycan ədəbiyyatı qarşısında xidməti olduğu halda hansı ziyalı bu barədə danışdı?! Əylislinin “yuyub-sərdiyi” o ziyalılar zamanında onu müdafiə etmişdilər, sözlərini də demişdilər. Nar çiçəyi ilə nağıl danışan vaxtlarda olmuşdu bu. Baxmayaraq ki, Əylisli heç o zaman da qazandığı kütləvi ziyalı sevgisini haqq etməmişdi. Bilirsinizmi niyə? Mən ədəbiyyatçı deyiləm. Ancaq bütün ədəbiyyat tədqiqatçıları bilir ki, sovet dövründə Ermənistanda bircə nəfər də olsun yazıçı azərbaycanlı-erməni dostluğu, ya da türkün-müsəlmanın müsbət obrazını göstərən povest, ya roman yazmadı. Ancaq içi elə Əylislinin özü qarışıq, Azərbaycan ədəbiyyatında belə nümunələr yaradanlar oldu. Lakin onların hamısı sonradan bu ziyankar ədəbi yaradıcılıq üslubunu haqlı olaraq tərk etdi. Tək Əylisli bu günədək həmin ənənəsinə sadiq qalıb. Elə “Daş yuxular” da onun bu gərəksiz və dəyərsiz sədaqətinin məhsulu kimi ortaya çıxdı. Bununla da, cəmiyyətdən ədəbi xidmətlərinə cavab umduğu halda cəmiyyət ondan imtina etdi. Çünki əvvəlcə o özü xalqından imtina etmişdi. Xalqdan imtina edənsə onun ziyalısından dünəndən imtina edər…
Ziyalılq etmək istəyənin xirtdəyindən tuturlar – bunu da Əylisli dedi. Hər kəlməsində o, əsl ziyalılığın nə olduğunu əməlli -başlı bilmədiyini, ya da özünə sərf edən formada başa düşdüyünü nümayiş etdirir. Ziyalılıq etmək deyəndə Əylisli görəsən nə demək istəyir?

Ziyalılıq etmək xalqın milli-mənəvi dəyərlərini hansısa Emmanuilin medalı xatirinə düşmənin ayağı altına atmaqdırmı? Əgər budursa, cəmiyyət Əylislinin xirtdəyindən yapışmaqla çox doğru hərəkət edir. Düşməndən medal gözləyənin xirtdəyi elə öz xalqının əlində olar… Axı əl boyda bir gənci üzünə tutaraq dövlətçiliyi hədəfə almaq da əsla ziyalılq etmək deyil… Əylislinin “ziyalılıq nədir” sualına yenə onun öz timsalında nümunələr gətirək. Ziyalılıq vətənpərvərlik və millilik duyğuları ilə ayrılmaz şəkildə bağlıdır. Ayrıldısa, onların heç biri yoxdur. Həm də əsl ziyalı bu bağlılığı istənilən siyasi mühitdə bəyan etməyi bacarmalıdlr. Əylisli deputat kimi Milli Məclisdə mandat sahibi olanda nə ziyalılar, nə də hakimiyyətdəkilər barədə indiki sözləri danışırdı. Mandat olmayan kimi ziyalılar da, millət də, hakimiyyətdəkilər də düşmənə çevrildilər.

Dostoyevski demiş, “əynindəki mundiri çıxaran kimi onun bütün əzəməti əriyib getdi”… Ziyalıllq etmək bütün siyasi vəziyyətlərdə şəxsi maraqlar barədə düşünmədən fəal vətəndaş mövqeyi göstərməkdir. Əylisli göstəribmi? 1988-92 -ci illərdə mövcud hakimiyyətlər barədə Əylislinin dillərə düşmüş bir qanadlı sərrast fikir yazdığlnı, ya dediyini xatırlayan varmı? 92-93-cü illərdə cəmiyyət, fəal insanlar “KİM” sualının müzakirısinə qalxdığı vaxtlarda Əylisli Heydər Əliyevə ehtiyaç olduğu barədə bir kəlmə dedimi? Hətta onun gəlişinin əleyhinə də bircə kəlmə deməyə özündə cəsarət tapmadı. Suyun şırıltısına qulaq asmağa üstünlük verdi bir çoxları kimi. Zilalılıq budurmu? Ancaq o zaman Heydər Əliyevin lehinə cəsarətlə fikir deyən saysız insanlar var idi. Ziyalılıq etmək budur və buna görə heç kimin xirtdəyindən yapışmırlar…

Əylislinin son qəbahətlərinin biri də naxçıvanlıları demaqoq adlandırmasıdır. Göründü ki, Əylislinin vətən, millət təəssübü olmadığı kimi, doğulduğu torpaq təəssübü də yox imiş. Bəllidir ki, o bu sözü pis mənada, naxçıvanlıları gözdən salmaq, pis tanıtmaq üçün işlədir. Özü də ümumi şəkildə, bütün naxçıvanlılara aid etmək niyyətilə… Bəllidir ki, Əylisli “Daş yuxular” xəyanətinə görə onun başqa kitablarını da haqlı olaraq qucaq-qucaq yandıran naxçıvanlılardan qisas alır. Bu dəfə də naxçıvanlıları üzünə tutaraq əslində Azərbaycançıllq ideologiyasının altını qazır. Azərbaycançılıq ideologiyası bu gün bütün cəmiyyətin qəbul etdiyi, bütün medianın və vətəndaş cəmiyyətinin, dövlət orqanlarının, milyonlarla diaspor üzvümüzün sidq urəkdən qəbul və təşviq etdiyi bir konsepsiyaya çevrilib. Əylisli nə edir? Azərbaycançılıq ideologiyasını öz aləmində “4-5 demaqoq naxçıvanlının işi” adlandırmaqla həm bütün naxçıvanlıları, həm də azərbaycançılıq ideologiyasını vurur. Bunun da adını qoyur ziyalıllq. Ancaq buna “əkrəmsayağı ziyalılıq”deməyi unudur. Bunu da biz deyirik… Bir də onu deyirik ki, belə “ziyalılıq yükü” daşıyan adamın müdafiəsinə ancaq və ancaq özü kimilərin ehtiyacı ola bilər.

Aydın QULİYEV,

“Bakı-Xəbər” qəzetinin baş redaktoru

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …