Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Manşet / Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının məhkəməsi: zərərçəkmişlər ifadə verməyə başladılar – TƏFƏRRÜAT

Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının məhkəməsi: zərərçəkmişlər ifadə verməyə başladılar – TƏFƏRRÜAT

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1965-ci il təvəllüdlü Əhmədov Əvəz Hüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahidlər ifadə verib.

Şahid Habil Cəfərov dindirilən zaman bu iş üzrə zərərçəkmiş kimi tanınan Rəşad Tahirovun dostu olduğunu deyib. O, bildirib ki, Rəşad Tahirov ondan borca pul istəyib: “Rəşad məndən 40 min dollar borc istədi. Dedi ki, Əvəz Əhmədov ondan hədə-qorxu ilə pul tələb edir. Mən bu hadisəyə qədər Əvəz Əhmədovu tanımırdım, amma adını eşitmişdim. Rəşad dedi ki, Hörmət həkimin Əvəzə olan borcunu ondan istəyirlər. Rəşad 220 min dollar tələb edildiyini dedi. Mən də Əvəz müəllimə zəng edib, görüşmək istədiyimizi dedim. Ora gedəndə Əvəz müəllimə dedim ki, axı borc 140 min manatdır, niyə 220 min dollar istəyirsiniz? Biz razılaşmadıq. Rəşada dedim ki, dur, gedək. Rəşad qalxmadı, dedi ki, iki evinin sənədləri onlardadır. Əvəz Əhmədov da dedi ki, Rəşad qalxa bilməz. Sonra biz oturub yenidən danışdıq. 140 minə razılaşıb gəldik”.

Suallara cavab verən Habil Cəfərov həmin görüşdə Əvəz Əhmədov tərəfindən heç bir hədə-qorxu ilə qarşılaşmadıqlarını deyib. Bildirib ki, çay içib, söhbət ediblər. Lakin məhkəmə ona sərbəst ifadəsində “Əvəz Əhmədov dedi ki, Rəşad qalxa bilməz” deməsini xatırladıb. Hakim bildirib ki, bu, hədə-qorxu ola bilərmi? Habil Cəfərov bu suala cavab verə bilməyib. Şahiddən soruşulub ki, Rəşad Tahirov ona Əvəz Əhmədovdan hansı hədələri aldığını deyib? Habil Cəfərov belə cavab verib: “Həbs ediləcəyindən qorxurdu”.

Bu zaman şahidin ibtidai istintaqda fərqli ifadə verdiyi məlum olub. Belə ki, Habil Cəfərov istintaqda deyib ki, Rəşad Tahirov ona Əvəz Əhmədovun ailəsini və özünü məhv edəcəyini deyirmiş. Habil Cəfərovun bu epizod üzrə suallara cavabında ziddiyyətlər olub. H.Cəfərov sonda deyib ki, Rəşad Tahirov ona Əvəz Əhmədov tərəfindən ailəsinin məhv ediləcəyi ilə bağlı da hədə-qorxu gəlib.

Əvəz Əhmədovun vəkili şahidin çoxsaylı ziddiyyətli ifadələr səsləndirdiyi üçün şahidlər siyahısından çıxarılmasını istəyib. Hakim bildirib ki, şahidin ifadələrinə müşavirə otağında qiymət veriləcək. Prosesin davamında Əvəz Əhmədova sual verilib. Hakim soruşub ki, 220 min dollar tələb etdiyi halda bu məbləği 140 min dollara niyə endirib?

Əvəz Əhmədov belə izah verib: “Məndən armatur satışı üçün 140 min dollar istədilər. Bu işin qazancı 80 min dollar idi. Mən də buna görə 220 min istəyirdim. Sonra Habil də gəldi, danışdıq. Mən qazancımdan keçdim və öz halal pulumu istədim. Onlara qarşı insanlıq etmişəm”.

Hakimin sualına cavabında Əvəz Əhmədov Rəşad Tahirova hədə-qorxu gəlmədiyini deyib: “Mən rəsmi olaraq şikayət edib, pulumu tələb etmişəm. Hədə-qorxu gələn idimsə, niyə şikayət edirdim?”

Daha sonra məhkəmədə şahid qismində Sahil Allahverdiyev dindirilib. Sahil Allahverdiyev də Rəşad Tahirovun dostudur. Məlum olub ki, Rəşad Tahirov Sahil Allahberdiyevdən də borc alıb.

S.Allahveridyev bildirib ki, Rəşad Tahirova 55 min dollar borc verib və hazırda həmin borcun bir qismini geri ala bilib: “Əvvəl 30 min istədi, mən də verdim. Aramızda dəfələrlə işə görə pul alıb-vermişik. Verəndə nə üçün lazım olduğunu soruşmadım. Sonra 25 min verdim. Artıq uzun zaman keçsə də pulu qaytarmadı. Mən pulu istəyəndə Əvəz Əhmədov adlı şəxsin ondan hədə-qorxu ilə pul aldığını, buna görə də pulu qaytara bilmədiyini dedi”.

Şahid bu işlə bağlı əlavə məlumatının olmadığını, yalnız mətbuatdan informasiya əldə etdiyini deyib. Prosesin davamında hakim zərərçəkmiş şəxslərə sual verərək təqsirləndirilən Əvəz Əhmədovdan şikayətçi olub-olmadıqlarını soruşub. Hörmət Əsgərov heç bir şikayət və tələbinin olmadığını bildirib. Deyib ki, bu günə qədər də heç vaxt Əvəz Əhmədovdan şikayətçi olmayıb. Zərərçəkmiş Rəşad Tahirov isə Əvəz Əhmədovun həbs edilməsini istəmədiyini, lakin o, maddi zərərinin ödənilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib.

İttihamda göstərilir ki, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovu sərbəst buraxıb.

İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Elan olunmuş ittihamla Əvəz Əhmədov özünü günahkar bilməyib. Bildirək ki, sabiq nazirin qardaşı Əvəz Əhmədov hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.

Zərərçəkmişlər Rəşad Tahirov və Hörmət Əskərovdur. O, hər iki şəxsdən 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir. Əvəz Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci və 145-ci maddələri ilə ittiham olunur.

Zərərçəkmişlərdən Hörmət Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci ilin dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib. Bildirək ki, Hörmət Əskərov da həbsdədir. O, dələduzluğa görə həbs edilib.

Xatırladaq ki, Əvəz Əhmədov qardaşı, general-leytenant Əhməd Əhmədovun vəzifədən çıxarılmasından sonra həbs edilib.

 

Həmçinin oxuyun

Məktəblərdə yaşıl rüşvət – Hər şagird 5 şam ağacı gətirməsə… SƏS YAZISI

Bakı şəhəri, Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Yaş dünya” adlı tədbirin keçirilməsi …