Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Manşet / Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir

Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir

Bu gün Azərbaycanın mərhum siyasi-ictimai xadimi, Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir.

Murtuz Ələsgərov 20 sentyabr 1928-ci ildə Gəncə şəhərində anadan olub, orta məktəbi başa vurduqdan sonra, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində dərs deyib. O, müxtəlif illərdə baş müəllim, dosent, professor və kafedra müdiri, 1993–1996-cı illərdə isə universitetin rektoru işləyib.

Murtuz Ələsgərov I, II və III çağırış Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə sədri seçilib. 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olub.

O, fəaliyyəti dövründə Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmizdə parlament ənənələrinin təşəkkül tapmasına mühüm töhfələr verib. M.Ələsgərovun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında müstəsna xidmətləri olub.

Mərhum Murtuz Ələsgərovun sədrliyi dövründə parlamentdə təmsil olunan deputatlar onunla bağlı xatirələrini AzVision.az-la bölüşüblər.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Murtuz Ələsgərovun müasir Azərbaycanın qurulmasında böyük xidmətlər göstərdiyini deyib.

“1992-ci ilin 21 noyabrında Naxçıvanda Ulu Öndər Heydər Əliyevin yanında Yeni Azərbaycan Partiyasının yaradılmasında, ilk konfransın keçirilməsində Murtuz müəllimin xüsusi xidmətləri olub. O zaman biz Heydər Əliyevə partiyanın yaradılmasını təklif edirdik. Murtuz Ələsgərovun Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsində, YAP-ın yaradılmasında xüsusi xidmətləri var”.

E.İbrahimov qeyd edib ki, Murtuz Ələsgərov Sovet dövründə siyasi icmalçı kimi çıxışlar edib və dünya siyasətindən yaxından xəbərdar olub. “Onun xarici səfərlərində iştirak edirdim. Çox hazırcavab insan idi. Rusiya Dövlət Dumasının sədri Boris Qrızlova cavabları da bu sıradandır. Murtuz müəllimə hər zaman böyük hörmətlə yanaşılırdı. Onun savadı, intellekti yüksək səviyyədə idi.

Onun xatirəsi mənim üçün hər zaman əzizdir. Murtuz müəllimlə dost, yaxın yoldaş olmuşuq. İnsanpərvər, səmimi, mehriban, sadə şəxs idi. Bizdə belə deyirlər, “uşaqla uşaq idi, böyüklə böyük”. Onun xatirəsi mənim üçün əzizdir. 90 illiyi ilə əlaqədar yazılarım var, çapa verəcəyəm. Hazırda onun haqqında kitab hazırlanır və orada yazılar verəcəyik.

Murtuz müəllim tarixi bir gündə dünyaya gəlib, özü də tarixi şəxsiyyətdir. Bundan əlavə, gözəl ailə başçısı olub, onun övladları da Murtuz müəllimin adına layiq, dövlətçilik uğrunda xidmətləri olan insanlardır”.

Deputat Elman Məmmədov eks-spiker Murtuz Ələsgərovu humanist, dəyərli insan, görkəmli siyasətçi kimi xatırlayır:

“O, Milli Məclisin dəyərli sədri kimi yadıma qalıb. Həmçinin Azərbaycan hüquq elmində sözünü demiş alim idi. Murtuz Ələsgərov görkəmli siyasətçi, sədaqətli insan idi. O, Heydər Əliyevə ən sadiq adamlardan biri olub. Muruz Ələsgərovun Azərbaycan dövlətçiliyinin qurulmasında, inkişafında böyük xidmətləri var. Milli Məclisə rəhbərlik etdiyi dövrdə parlament yüksək səviyyəli fəaliyyətilə seçilirdi. Beynəlxalq əlaqələrin inkişafında, qanunların qəbul olunmasında, dəyişikliklərin edilməsində onun xidmətləri unudulmazdır.

Murtuz müəllim özünəməxsus yumoru olan, insanlara münasibətdə çox səmimi şəxsiyyət idi. Onun həm də yaxşı yol yoldaşlığı var idi. Murtuz müəllimlə bir neçə dəfə səfərdə olmuşuq. Həmin səfərlər mənim xatirimdən heç vaxt çıxmaz. Onun xatirəsi mənim üçün hər zaman əzizdir”.

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə isə bildirib ki, Murtuz Ələsgərov deputatlar üçün sözün əsl mənasında müəllim olub:

“Murtuz müəllim işinə çox məsuliyyətlə yanaşırdı. İclasları aparmaqda, deputatlarla rəftarında hamıya nümunə idi. Murtuz müəllim açıq qəlbli insan olub, deputatlara həmişə yaxın münasibət saxlayıb. Bununla bərabər, prinsipial insan idi. Kiminsə nöqsanı olur və ya özünü düzgün aparmırdırsa, bunu üzünə deyirdi. Amma bütövlükdə Murtuz müəllimin parlamentdə böyük nüfuzu var idi”.

A.Rəhimzadə eks-spikeri 90-ci illərdən tanıdığını vurğulayıb: “Xalq cəbhəsinin dövründə fəal siyasətçi idi. 90-ci illərdə prezident vəzifəsinə seçilmək üçün yaş senzi qoyulmuşdu. Belə ki, yaşı çox olan insan seçimdə iştirak edə bilməzdi. O zaman cəmiyyət bunu qəbul etmirdi. Həmin yaş senzinin aradan götürülməsində, o dövrdəki siyasi məsələlərdə Murtuz Ələsgərovun xüsusi xidmətləri olub. Mən onunla həmin dövrlərdə tanış olmuşam. Murtuz müəllim ziyalı dövlət xadimi idi. Arzu edərdim ki, belə insanlar çox olsun. Onun gördüyü işlər və özü insanların yaddaşında hər zaman qalır və qalacaq”.

Vaxtilə Bakı Dövlət Universitetinin prorektoru və Milli Məclisdə komitə sədri olan Şahlar Əsgərovun sözlərinə görə, Murtuz Ələsgərov Azərbaycanın ən görkəmli, ictimai-siyasi xadimlərindən biri kimi tarixə düşüb.

“O, uzun müddət Milli Məclisə sədrlik edib. Yeni Azərbaycan Partiyasının yaradıcılarından və əsasnaməsini yazanlardan biri olub. Murtuz Ələsgərov Heydər Əliyevin ən yaxın silahdaşlarından olub. Eyni zamanda, Murtuz müəllim Azərbaycan dövlətinin qanunvericilik bazasının yaradıcılarından biri idi. Murtuz müəllimi Milli Məclisdən qabaq hələ Bakı Dövlət Universitetində müəllim işlədiyim dövrlərdən tanıyıram. Bakı Dövlət Universitetinin rektoru olub. Orada da özünü yaxşı təşkilatçı və elm adamı, ədalətli rektor kimi göstərirdi.

Mənimlə fərdi söhbətlərin birində dedi ki, “6 prorektorumuz olacaq və istəyirəm, onların hərəsi bir bölgədən olsun. Yəni elə olmasın ki, bir bölgədən iki prorektor olsun”. Onun bu addımı Heydər Əliyevin də xoşuna gəlmişdi.

Ədalətli insan idi. Kəsilən tələbələrə çox həlim yanaşırdı. İclaslarda həmişə deyirdi ki, “Məcburi köçkünü nə pula, nə də qiymətə görə universitetdən çıxarmaq olar. Şərait yaradın, uşaqlar oxusun və kursdan kursa keçsinlər”. Bunu rektorlarda çox nadir hallarda görmüşəm. Murtuz müəllimlə xarici səfərlərdə də olmuşam. Mehriban,qayğıkeş insan idi. Onun dövründə prorektor işləmişəm, həm də parlamentin sədri olduğu dövrdə komitə sədri olmuşam”.

Həmçinin oxuyun

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – …