Bazar ertəsi , Oktyabr 22 2018
Ana səhifə / Manşet / Mehman Əliyev medianı “xilas” edirmiş, yoxsa, kiminsə torbasını tikirmiş?

Mehman Əliyev medianı “xilas” edirmiş, yoxsa, kiminsə torbasını tikirmiş?

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin rezonans doğuran müsahibəsinə bəlkə də ilk baxanlardan olmuşam. Açığını deyim ki, elə həmin an onun səsləndirdiyi fikirlərlə bağlı münasibət bildirməyi özüm üçün zəruri saydım. İkinci gəldiyim qənaət isə Mehman Əliyevin heç də cəmiyyətə şişirdilərək təqdim olunan “kristal”,“əjdaha jurnalist” kateqoriyalarına uyğun gəlməməsi ilə bağlı oldu. Bir daha əmin oldum ki, klassik misalda səslənən, – “danış, deyim kimsən” – ifadəsi yerində söylənibmiş. Mehman Əliyev danışdı və əsl iç üzünü ortaya qoymuş oldu. Ən azı mənim kimi, onu uzaqdan tanıyanlar, dərindən bələdçiliyi olmayanalar üçün, Mehman Əliyev 41 dəqiqəlik müsahibədə özünü açıb – tökməsi ilə bir çox gizli mətləblərə aydınlıq gətirdi. Qeyd edim ki, Mehman Əliyevin müsahibəsinin rezonans doğurmasının başlıca səbəbi hec də onun səsləndirdiyi ağıllı fikirlərlə bağlı deyildi. Sadəcə, Prezidentin köməkçisi Əli Həsənovun özü barəsində səslənən ittihamlara cavab verməsindən sonra, istər-istəməz müsahibə ətrafında müzakirələri qızışdırmış oldu. Kimin bu müzakirələrə hansı məqsəsdlə qatıldığı barədə də konkret fikir deyə bilmərəm. Ancaq etiraf edim ki, yalnız Əli müəllimin cavabından sonra mövzuya reaksiya bildirənlər arasında bir tıxacın yarandığını müşahidə etdim. Elə buna görə də, aranın bir qədər sakitləşməsini gözlədim. Ən əsası da izlədim ki, bəlkə mənim Mehman Əliyevə vermək istədiyim cavabı da müəlliflərin yanaşmasında gördüm.

Foto – Məhəmmədəli Qəribli

Təbii ki, elə olacağı təqdirdə nəsə əlavə fikir bildirməyə də lüzüm görməzdim. Ancaq təəssüf ki, həmkarlarımızın Mehman bəyə verdikləri cavablarda mənim altını xüsusilə cızdığım məqamlara aydınlıq gətirilmədi. Hörmətli Əli Həsənovun barəsində səslənən fikirlə impulsiv reaksiya verməsi çox normaldır və etiraf edim ki, cavabdakı fikirlər əsl dövlət adamına xas olan tərzdədir. Çünki Mehman Əliyev Prezidentin köməkçisi barədə kifayət qədər sərt ittihamlar səsləndirmişdi və həmin firiklərə cavabı yalnız Əli müəllimin özü verə bilərdi. Mehman Əliyevin müsabibəsindən sitat:

“İş ondadır ki, məndə olan məlumat hakimiyyət daxilindən gələn məlumat deyil, yəni üçüncü tərəfdən gələn məlumat idi ki, Əli Həsənovla Zakir Qaralov prezidentin yanına girib əsaslandırmağa çalışıblar ki, “bu adam dövlətçiliyə, hakimiyyətə qarşı kifayət qədər təhlükəlidir və s. Bunu həbs eləmək lazımdır. 2018-ci il prezident seçkiləri zamanı bu adam bizim üçün problem yaradacaq”. İndi bunlar hansı “dəlil”ləri gətirib, hansı “fakt”ları təqdim ediblər, mən bilmirəm. Amma mən istərdim, çox istərdim ki, bunlar bunu təkzib eləsinlər”.

Göründüyü kimi, Mehman Əliyev bu fikirləri ilə ortaya kifayət qədər mötəbər sübut və dəlillər qoymadan ölkənin ən ali postlarında çalışan 2 şəxsinin və ən əsası da ölkə başçısının barəsində ciddi itthamlar səsləndirir. Bəli, əslində, onun məlum ittihamı yalnız Əli Həsənovla, Zakir Qaralova tuşlanmayıb. O, həm də ölkə başçısının reputasiyasına xələl gətirə biləcək fikirləri cəmiyyətə təqdim edib. Əvvəla özü barəsində yüksək fikir formalaşdırmağa çalışıb ki, güya Mehman Əliyev kimi “önəmli persona”nı həbs etmək üçün Prezidentdən xüsusi icazə alıblar. Mehman Əliyevin məntiqi bunu deməyə əsas verir ki, nəticədə o, həbs edilibsə, deməli, bu məsələ Prezidentin istəyi ilə reallaşıb. Fakitiki olaraq, bu adam ölkə başçısını sifarişli həbslər həyata keçirməklə bağlı əsasız ittihamla şantaja məruz qoyur. Ən vacib məqamlardan biri isə Meham Əliyevin bu məlumatın hardan əldə etməsilə bağlı söylədikləridir. Deyir ki, ona bu məlumat hakimiyyət daxilindən yox, üçüncü tərəfdən ötürülüb. Onda sual yaranır: Görəsən, Mehman Əliyevin təbirincə desək, Prezidentin otağında gedən söhbətin məzmununa tam bələd olan həmin üçüncü tərəf kimdir? Bu olduqca ciddi məqamdır. Belə çıxır ki, ölkə başçısının otağında gedən isöhbətlər barədə, üçüncü tərəf vasitəsi ilə Mehman Əliyev istənilən məlumatı əldə etmək iqtidarındadır?

Görəsən, Mehman Əliyev hansı görəvi yerinə yetirir ki, ona bu qədər etimad göstərilir? Mehman  Əliyev Azərbaycan cəmiyyətində jurnalist kimi tanınsa da, sonradan məlum olub ki, o, xaricdən ölkəyə gətirilən qrantların alınmasında əsl boss funksiyasını həyata keçirib. Yəni onun rəyi, təqdimatı olmadan hətta ən radikal müxalifətçilər belə hakimiyyətin siyasətilə uzalşamayan layihələri xarici donorlara keçirə bilməyiblər. Onun hansı fondlardan kimin vasitəsilə, hansı məbləğlərdə qrant alması və sonra kimlərlə şərik formada həmin məbləğləri həzmdən keçirməsi barədə də məlumatlar az deyil. Gəlin, bir fakta diqqət edək. Bununla sübut olunacaq ki, Azərbaycana qarşı daima qərəzli mövqelərilə seçilən təşkilatlara Mehman Əliyevin sözü necə keçərli olub.Həbsdən azad olunandan sonra, Eynulla Fətullayev öz jurnalist fəaliyyətini bərpa etməyə qərar verir və Norveç səfirliyindən, Soros və Marşall fondlarından haqqin.az media layihəsinin yaradılmasına qrantlar alır. Ancaq E.Fətullayevin adına qeydiyyatdan keçmiş təşkilat olmayıb ki, hesabına pul daxil olsun. Və onda o, “Turan” rəhbərliyinə Nəcəf Nəcəfovun jurnalist fondu vasitəsi ilə layihəyə qrantlar almaq xahişilə müraciət edib. E.Fətullayevin Mehman Əliyev həbsdə olarkən bu mövzu ilə bağlı səsləndirdiyi fikirlərinə diqqət yetirək:

“Mən onda Sorosdan, Norveç və Almaniya hökumətlərindən haqqin.az layihəsinin yaradılmasına təxminən 200 min dollardan çox pul aldım. Bizim saytımız, çoxlarının iddia etdikləri kimi, hökumətin yox, Qərbin pulu ilə yaradılıb. Və Mehman Əliyevlə Şahin Hacıyev bunu bilirlər. Mən həqiqətən də Mehman Əliyevə və Şahin Hacıyevə xahişlə müraciət etmişdim, çünki mən həbsxanada olanda onlar mənim hüquqlarımı müdafiə edirdilər. Mənim qeydiyyatdan keçmiş təşkilatım yox idi. Bundan başqa, Fondun vəzifələrindən biri də jurnalist layihələrinə kömək etməkdən ibarətdir. Və böyük minnətdarlıq hissilə yada salıram ki, onlar mənə kömək etdilər. Mən saytı yarada bildim. Yəni pulu mən almışam, Mehman Əliyev yox”.

Foto- Eynulla Fətullayev və Mehman Əliyev

Göründüyü kimi, Mehman Əliyevin sözü hətta ölkələrdə rəngli inqlablar edərək, hakimiyyətləri dəyişmək iqtidarında olan qurumların yanında belə müzakirəsiz qəbul edilib. Məhz bu baxımdan da, indiki həssas məqamda, seçki ilinə onun belə “rıvok”la başlaması da təsadüfi deyil. Gəlin başqa bir fakta da diqqət edək:
Çoxları deyir ki, Mehman Əliyevin verdiyi müsahibədə başlıca hədəf Əli Həsənov olub. Mən isə fərqli düşünürəm. Hesab edirəm ki, Mehman Əliyevin səsləndirdiyi fikirlərin tuşlandığı ən başlıca hədəf elə ölkə başçısı və onun yürütdüyü siyasi kurs olub və bu təsadüfi deyil. Hörmətli Əli Həsənov cavabında bu məqamlara ustalıqla aydınlıq gətirdiyi üçün, əlavə şərhə zərurət duymuram.
M.Əliyev bir budaqda oturub yüzünü tərpətdiyi məlum müsahibədə həm də öz həmkarlarını hədəfə alıb və çox təəssüflə qeyd etmək istərdim ki, həmin xüsusda jurnalist adına yaraşmayan ifadələrə yol verib.
Sitat:”…Həmin o medialardır ki, növbəyə düzülüb hökumətdən mənzil almaq, pul almaq və s. üçün dilənirlər. Neçə illərdir mən onları tanıyıram, elə dilənirlər”.
Bunun “tərcüməsi” belədir ki, Mehman Əliyev Azərbaycan hakimiyyətindən ev və fəxri ad alan jurnalistləri dilənçilər kimi xarakterizə edir. Mən hakimiyyətdən mənzil və fəxri ad almayan bir jurnalist kimi, Mehman Əliyevin nəzərinə çatdırmaq istəyirəm ki, əsl dilənçilik öz dövlətindən nəsə almaq deyil, xaricdən qrant alıb, oradakı ağalarının tapşırıqlarını yerinə yetirməkdir.

Düşünürəm ki, “Turan” rəhbərinə bu cavabı məndən yaxşı verməyi bacaran və bunu etməyə borclu olan həmkarlarımız az deyil. Mən bu sıraya heç də hökumətdən ev və ya hansısa təltiflər alan bütün jurnalistləri aid etmək istəmirəm. Ancaq həqiqətən müstəqil, hətta müxalif mövqelərini qoruyaraq mənzil alan və bunun müqabilində hakimiyyətin onların qarşısında heç bir şərt qoymadığı, yenə əvvəlki mövqelərində qalaraq bu peşə ilə məşğul olan həmkarlarımızın susqunluğu məni həqiqətən təəccübləndirdi. Elə bilirəm ki, konkret adlar çəkməyə ehtiyac yoxdur.
Çünki heç kimsə belə kateqoriyadan olan jurnalistlərin mövcud olmaması ilə bağlı mənimlə mübahisəyə girişməz. Belə zərurət yaranarsa, adlar da çəkə bilərəm.
Yaxşı, onlar niyə susur? Axı, Mehman Əliyevin ümumi anlamda şamil etdiyi dilənçi sözündən onlara da pay düşmüş olur. Olmaya, həzm etmək istəyirlər həmin “epiteti”? Məhz həmin kateqoriya adamların Mehmana verəcəyi cavab Əli müəllimdən qabaq olmalıydı.
Mehman Əliyevin müsahibəsindəki başqa bir məqam isə məndə onun barəsində oyunbaz və ciddilikdən uzaq olan adam obrazını yaratdı. Bu adam özünü medianın təəssübkeşi kimi qələmə verir və deyir ki, hakimiyyətin bütün medianı ələ almaq siayəsti yürütməsi onu dərindən narahat edir.

Foto- Jurnalistlərə mənzillərin verildiyi bina

Sonra isə bildirir ki, hakimiyyətin hansısa qolunu təmsil edən nümayəndələrlə medianın inkişafı yönündə danışıqlar aparıb. Hətta Mehman Əliyev bir az da irəli gedərək, 3 həftəlik türmə ekskursiyası zamanında öyrəndiyi jarqon ifadələrdən istifadə etməklə, kimlərəsə “işverən” belə deyir. Ancaq mən Mehman Əliyevin fikirlərini dərin analiz edəndən sonra belə qənaətə gəldim ki, onu heç də hakimiyyətin medianı ələ keçirməsi narahat etmirmiş. Bu, dəqiqdir. Belə olsaydı, niyə həmin “kristal” adam məlum mövzudakı müzakirələri elə hakimiyyətin özü ilə aparırdı? Qoy Mehman Əliyev bizə cavab versin görək, onun hakimiyyətdəki adamlarla apardığı müzakirələr nəticə versəydi, nə olacaqdı? Yəqin o düşünür ki, hakimiyyət Mehman Əliyevin “nizama salacağı” medainı onun özünə verəcəkdi ki, aparsın Sorosa xidmət göstərsin?
Yox, o, bu qədər də sadəlövh deyil ki, belə nağıllara inanmış olsun. Özünün səsləndirdiyi fikirlərindən sonra bir qənaətə gəlirəm ki, Mehman Əliyevin bu işlərdə bircə səmimi niyyəti olub. Media siyasətini yürüdən adamları qaralayıb bütün təşəbbüsü öz əlinə almaq. Mən elə Meham Əliyevin bu hərəkətinə özünün işlətdiyi jarqon ifadələrə xas tərzdə cavab vermək istərdim. Hörmətli Meham Əliyev, sizin etdiyiniz əməlin adı media təəssübkeşliyi deyil, torbatikənlikdir. Bəli, özünüzün etiraf etdiyiniz əməllərə bundan başqa ad vermək mümkün deyil.

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Xoşqədəm Hidayətqızı: “Həyatımda nəyim varsa, Naxçıvana borcluyam…”-VİDEO

Azinforum.az-ın əldə etdiyi məlumata görə,  oktyabr ayının 19-da tanınmış jurnalist, “Xəzər” televiziyasında yayımlanan  “Səni axtarıram” …