Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Manşet / “Kaş ki, mən də şəhid olub, bu günləri yaşamayaydım”

“Kaş ki, mən də şəhid olub, bu günləri yaşamayaydım”

Ömrümün ən gözəl çağlarını Milli Azadlıq mübarizəsinə həsr etdim. Bu gün kabinetlərdə rahat əyləşib, bizə müstəqilliyi hədiyyə ediblər deyənlərdən fərqli olaraq, müstəqilliyimiz uğrunda, canımızı qurban verməyə hazır olub,  meydanlara atıldıq. Bilirdik ki, tarixin heç bir anında azadlıq verilməyib, alınıb. Rus imperiyası mübarizəmizin cəmi 3 ilinə duruş gətirə bildi. 1988-91-ci illərdə həmin imperiyanın bir sıra rəhbəri və generallarıyla görüşməli oldum. Məqsədləri biriydi, bizi qorxutmaq, yolumuzdan çəkindirmək…

“SSRİ imperiyasının onurğa sütunu sayılan “KQB”-nin Culfa şöbəsini fəaliyyətinin Milli Təhlükəsizlik Nazirliyimiz yaranana qədər dayandırılması barədə sərəncama ilk olaraq imza atdım”

demiryol tetili 1989 culfa
(1989-cu il Culfa. Dəmiryol tətilləri)

Taleyimə Primakov, Girenko, Nişanov, Lobov,  Barannikov, Konarev, Pinqaryov,  Fadeyev , Polyaniçko kimi imperiya rəhbərləriylə saatlarla dialoqa girmək də yazılıbmış. Əfqanıstandan belə qan tökə-tökə üstümüzə gəlmiş generallar Varennikov, Şatalin, Yeqorov, Roxlin bizi yolumuzdan çəkindirə bilmədi. SSRİ “KQB”-si bizi həbs etmək üçün, Naxçıvana xüsusi təyyarə göndərmişdi. Əməliyyata general Şironin rəhbərlik edirdi. Fərəməz Allahverdiyevi həbs etsələr də, mən, təsadüf nəticəsində “KQB”-nin əlinə keçmədim. Ermənilərin əsl himayəçisinə çevrilmiş SSRİ imperiyasıyla sona qədər dönməz mübarizə aparıb, şərəfli bir yol keçə bildik. İmperiyanı sarsıdan dəmiryol tətillərinə rəhbərlik etdim. “Sərhəd Hərəkatı” kimi möhtəşəm tarixi hadisənin ideya müəllifi olub, millətimizi ikiyə bölmüş tikanlı məftillərin aradan qaldırılmasında öndə getməyi bacardım. SSRİ imperiyasının onurğa sütunu sayılan “KQB”-nin Culfa şöbəsinin fəaliyyətinin, Milli Təhlükəsizlik Nazirliyimiz yaranana qədər, dayandırılması barədə sərəncama ilk olaraq imza atdım. Təbii ki, elimə, obama arxalanaraq…

1991 NAxcivan Heyder
(1991-ci il. Naxçıvan)

Ağır illərdə, SSRİ xarabalıqları üzərində müstəqil dövlətimizin quruculuğuna başladıq. Öhdəmizə təxirəsalınmaz işlər düşmüşdü ki, onlardan ən ümdəsi müqəddəs torpaqlarımızın qorunması olduğundan, könüllü müdafiə dəstələri yaratmalı olduq. Nə ev, nə villa, nədə ki, sərvət toplamaq barədə düşündük. Silahlanıb, döyüşlərə atıldıq. Hansı əzab-əziyyətlə silahlanmışdıq, bunu yalnız həmin anları yaşayanlar bilər.

“Nə üçün bizlərə ölkə iqtidarı düşmənçilik münasibəti bəsləməlidir?! Nə qəbahətimiz var ki?”

elçibey

Dostlarımızı, qohumlarımızı şəhid verdik. Kaş ki, mən də şəhid olub, bu günləri yaşamayaydım, peşmançılığım məni bir an olsun rahat buraxmır. Heç olmasa, bu gün “antimilli ünsür” adlandırılmayacaqdım. Çörəklə imtahana çəkilməyəcəkdim. Övladlarımızın da çalışmaq, işləmək hüququndan məhrum edilməsinə şahidlik etməyəcəkdim.

Tanrım şahiddir ki, ondan savayı kimdənsə qorxmadım, çəkinmədim. Əlbəttə, millətimin bir övladına belə pislik etməkdən çəkindim. Əlimizdə yüzlərlə silah-sursat olmasına baxmayaraq, vəzifə, kreslo davasına qalxmadıq. Əksinə, onları könüllü olaraq dövlət orqanlarına təhvil verdik. Bizi qoruyacaq ordumuz yarandı, düşünərək…

ramiz arxiv

Rayona rəhbərlik deyil, nökərlik etdim. Ağır bir zamandı… Gecəmiz-gündüzümüz olmadı. Dövlətimin, Millətimin malına gözümün ucuyla olsun baxmadım. Peşiman deyiləm, çünki, məni tanıyanların qarşısına indi, başımı dik tutub çıxa bilməkdən məmnunluq hissi yaşayıram. Narahatlığım, müstəqilliyi uğrunda canımızı fəda etdiyimiz dövlətimizdə hər gün təqib, təhqir ola-ola yaşamağımızdandır. Nə üçün bizlərə ölkə iqtidarı düşmənçilik münasibəti bəsləməlidir?! Nə qəbahətimiz var ki?

“Əski kommunistlər və övladları bizlərdən SSRİ imperiyasının qisasını alırlar”

Artıq, şübhələnirəm… Deyəsən, əski kommunistlər və övladları bizlərdən SSRİ imperiyasının qisasını alırlar. Belə olmasaydı, 25 illik bir zamanda , bizləri basqı altında saxlamaz, elementar vətəndaşlıq hüquqlarımızı əlimizdən almazdılar. Milli Azadlıq Hərəkatında müstəsna xidmətlər göstərmiş dostlarımızın əksəriyyəti 50-60 yaşlarında dünyalarını dəyişiblər. Yaşayanların bir çoxu müxtəlif xəstəliklərdən əziyyət çəksələr də, müalicə olunmaq,  ən zəruri dərmanları almaq belə onlar üçün problemə çevrilib.

Bizlərə haqq etdiklərimizi belə vermək istəmirlər. Könüllü batalyona rəhbərlik edib, Naxçıvanın bütün döyüş bölqələrində öndə olmağıma baxmayaraq, mənə, müharibə veteranı adı verilmir. Yəqin, düşünürlər ki, dövlətimdən mənə də ayda 50-55 manat pay düşər və bundan istifadə edib, zəruri dərmanlarımı ala bilərəm. Şəkərli diabet xəstələri üçün yaradılmış imtiyazdan da qadağanlıyıq. Bəli, biz, canımız qədər sevdiyimiz dövlətimizdə sözün əsil mənasında yaşam mücadiləsi aparmaq zorundayıq.

“Övladlarımız mənəvi terrorla üz-üzə qalıblar. Bizlərin övladları işləmək, ölkə vətəndaşları üçün nəzərdə tutulmuş bütün imtiyazlardan məhrum ediliblər”

 

Kimsə inciməsin, Milli Azadlıq Hərəkatı fəallarına qarşı soyqırım aparılr. Biz, ölümə məhkum edilmiş kimiyik… Bizim bütün hüquqlarımız uzun illərdir ki, əlimizdən alınıb. İşləmək üçün özəl şirkətlərə belə müraciət etdikdə, “yaxşı insansan, ancaq, səni işə götürsək, başımız ağrıyar” – cavabını almaqdan usandıq. Özümüz dözdük, qurama ittihamlarla həbs edilməyimizə, təqiblərə, təhdidlərə, şər-böhtanlara… “Düzələr” – dedik. Heç nə düzəlmədi. İndi, övladlarımız mənəvi terrorla üz-üzə qalıblar. Bizlərin övladları işləmək hüququndan, eləcə də, ölkə vətəndaşları üçün nəzərdə tutulmuş bütün imtiyazlardan məhrum ediliblər. Nə üçün? Səbəbi bəlli artıq. Ölkəmizdə yaşamaq, çalışmaq hüququ yalnız, ölkənin sərvətini yağmalayıb, bahalı villalar tikdirməyi bacaran, milyonları mənimsəyən, xarici banklara pul yatırmağı xobbi sayan nəsillərin, tayfaların övladlarına məxsusdur. Necə olur ki, belələri milli, bizlər isə antimilli hesab olunuruq. Yaltaqlığı və yalmanmağı peşə edənlərin də “qurdlar süfrə”sindən payları çatır. Söz aparıb, söz gəzdirməkdən savayı heç nəyə yaramayan, milli ideallara çoxdan xəyanət etmiş biriləri də, geydirmə müxalifətçilikləriylə süfrədən bəhrələnib, milləti çaşdırmağa girişiblər.

Olsun… Onların nə qır-qırıntısında, nə də yollarında gözüm var. Ölkəmdə kimsəyə düşmən münasibəti bəsləmədim. Nə iqtidarına, nə də ki, müxalifətinə. Yaxşını alqışladım, yamanı tənqid etdim. Təhqirə, söyüşə rəğbətim olmayıb, ola da bilməz. Ancaq, tənqidin qarşısı zorakılıqla, həbslə alınırsa, bu zülmdən qurtulub, vətəndən didərgin düşmüşlərin, onları buna vadar edənlərə qarşı barışmazlığı da düşündürücü məsələdi…

Ardı var…

Ramiz TAĞIYEV

Həmçinin oxuyun

“Sadəlik və təvazökarlıq” nümunəsi…- Cavid Qurbanovun “ömür qatarı” (VİDEO)

Kimsə razılaşmaya bilər, ancaq bizim fikrimizcə, Azərbaycan məmurunun sadə və səmimi, çalışqan və təmənnasız obrazının …