Jurnalist “Səni axtarıram” verilişinin görünməyən tərəflərindən yazdı – “Bildiyiniz kimi deyil…”

Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişi uzun zamandır ki, yayımlanır.

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu veriliş hər zaman tənqid atəşinə tutulur. Çoxları onu  güya insanların saf niyyətindən istifadə edən, şou göstərən biri kimi qəbul edir.  Amma Hidayətqızı haqqında bunun əksini düşünənlər də az deyil. Hətta deyərdik ki, daha çoxdur.

Kənardan izləyənlər canlı yayımda nələrin baş verdiyini efirə gedən görüntülərdən bilirlər. Kadr arxasını isə görmürlər. Ötən gün adıçəkilən verilişdə ekspert qismində iştirak edən jurnalist Məhəmmədəli Qəribli reklam fasiləsi zamanı studiyada foto çəkdirib və özünün facebook səhifəsində paylaşıb. Sosial şəbəkə istifadəçiləri isə həmin fotonun şərh bölməsində həm jurnalisti, həm də Xoşqədəm Hidayətqızını tənqid və təhqir ediblər.

Minval.İnfo xəbər verir ki, verilişdən sonra şərhləri görən jurnalist, bunları yazıb: “Olduqca qəribə bir halla rastlaşdım. Bilirsiniz ki, həmkarımız Xoşqədəm Hidayətqızının layihəsi olan və Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində ekspert qismində iştirak etdim. Təbiidir ki, özbaşına ora getməmişdim. Dəvət edilmişdim. Həmin verilişin reytinqli olduğunu bilirdim, ancaq “Səni axtarıram”dakı ilk iştirakım idi. Məlum veriliş canlı yayımlanır. Fasilə zamanı fürsətdən istifadə edib, elə studiyada bir şəkil çəkib, paylaşdım. Evə gələndə gördüm ki, həmin statusun altında nələr yazılmayıb?

Verilişdə iştirakıma görə, məni qınayanlar, Xoşqədəm Hidayətqızını təhqir edənlər sanki növbəyə düzülmüşdü. Əsas qınaq hədəfləri nə idi? Sizi bir ciddi adam bilirdik, orda nə işiniz vardı? Verlişdəki hadisələrin heç biri reallığı əks etdirmir, ucuz şoudur və s. Canlı şahidi olmasaydım, Xoşqədəm xanımın verilişi barədə nəsə yazmağı, kiminləsə mübahisə etmək fikirinə də düşməzdim.

Belə olmasaydı indiyə kimi bu yöndə gedən müzakirələrdə iştirakımı görərdiniz. Ancaq onu da deyim ki, verilişdəki iştirakım, oradakı mövqeyimlə bağlı aldığım dəstək zəngləri, mesajların sayı bizi qınayanlardan qat-qat çox idi. Jurnalistika ilə bağlı bir məqamı aydınlaşdırmaq istərdim. Mənim anlamımda verilişləri ciddi və ya qeyri ciddiyə bölmək düzgün deyil. Orada iştirak edən insana verilişdəki mövqeyinə, davranışına görə qiymət verilə bilər. Ciddilik və ya qeyri-ciddilik yalnız bu meyyara görə dəyərləndirilməlidir.

Verilişdəki iştirakım zamanı orda müzakirə olunan mövzuların reallığı əks etdirdiyinin şahidi oldum. Bir insanın qızını qaçırıblarsa, valideyn gəlib onu axtarırsa və buna görə özünü saxlaya bilməyib ağlayırsa, burada hansı şoudan danışmaq olar? Mən şahidi olduğum hadisələr barədə qəti fikir bildirə bilərəm. Verilişdəki iştirakım zamanı orda müzakirə olunan iki mövzunun heç birində saxtakarlıq görmədim. Bilirsiniz ki, mənim gözümdən belə şeylər yayına da bilməzdi. Görsəydim yazardım, bundan sonra görsəm belə, əmin olun ki, yazaram. Sabah yenidən həmin verilişə qatılacam, istəyənlər izləyə bilər.

Azinforum.az