Cümə , Dekabr 14 2018
Ana səhifə / Manşet / İran kəşfiyyatı: Yaxın Şərqdəki gizli qüvvə – DOSYE

İran kəşfiyyatı: Yaxın Şərqdəki gizli qüvvə – DOSYE

Müasir dövrdə İran xüsusi xidmət orqanlarının tarixi 1957-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və “Mossad”ın fəal iştirakı ilə İnformasiya və Təhlükəsizlik Təşkilatının (SAVAK) əsasının qoyulması ilə başlayır. Fransa və İngiltərə xüsusi xidmət orqanlarının da bu məsələdə müəyyən rolu olub. Bu xüsusi xidmət orqanının əsas vəzifələri daxildəki müxalifətə qarşı mübarizə idi.
Şah dövründə fəaliyyət göstərən SAVAK-ın əsas rəqibləri Misir və SSRİ-nin müttəfiqi olan digər ərəb ölkələri idi. Onlarla mübarizədə SAVAK regiondakı milli azlıqlardan – şiə, xristian və yəhudilərdən istifadə edirdi. Buna baxmayaraq, 1968-ci ildə SAVAK-ın üçüncü şefi Nemətulla Nasseri SSRİ ilə xüsusi xidmət orqanları xətti ilə əlaqə yaratmaga çalışmış və əks-kəşfiyyat texnikasının əldə olunması barədə danışıqlar aparmışdı.

Lakin on beş min nəfər əməkdaşının olmasına baxmayaraq, SAVAK 1979-cu ilin əvvəllərində Şah rejiminin devrilməsinin qarşısını ala bilmədi.

İran İslam İnqilabından sonra SAVAK-ı İnformasiya və Təhlükəsizlik Təşkilatı əvəz etdi. Ayətulla rejiminin yeni xüsusi xidmət orqanı qarşısında qoyduğu əsas vəzifə islam inqilabının ixracı ideyası idi. O, öz fəaliyyətində Yaxın Şərq, Mərkəzi Asiya, Afrika, Cənubi və Şimali Amerikadakı şiə icmasından istifadə etməyə çalışırdı.

Onun İraqın şiə və kürd icmaları arasında (“Hizb əl-daulə əl-isləmiyyə” təşkilatı), Livanda (“Hizbullah” və “Amal” təşkilatları), Səudiyyə Ərəbistanında (1979-cu ilin sonlarında monarxiyanı devirmək məqsədilə Məkkəni ələ keçirməyə çalışan şiə müxalifəti), habelə ABŞ (burada təhsil alan və Amerika İslam Tələbələri Assosiasiyasında birləşmiş otuz min iranlı tələbə sayəsində) və Fransada güclü kəşfiyyat mövqeləri mövcuddur. Daxildə isə müxalifətin fəaliyyətinin qabaqlanması, qarşısının alınması istiqamətində fəal tədbirlər həyata keçirilir.

1985-ci ilin dekabr ayında yeni təşkilatın ilk rəhbəri Hüseyn Fərdust DTK ilə əməkdaşlıqda şübhəli bilinərək, vəzifəsindən uzaqlaşdırılmış və həbs olunmuşdu. Təşkilatın mərkəzi aparatında kütləvi təmizləmə işləri aparılmış, bir çox əməkdaşlar vəzifələrindən azad edilmişdilər. 1984-cü ildə həmin xidmət İnformasiya Nazirliyinə (“Ettelaat”) çevrilidi. Nazirliyin ilk rəhbəri Məhəmməd Məhəmmədi Reyşəhrinin (1984-1989) dövründə o, indiki formasını aldı və xaricdəki kəşfiyyat fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirildi.

Bunun əsasında yeni nazir Əli Fəllahiyan (1989-1997) təşkilatı dünyanın ən güclü xüsusi xidmət orqanlarından birinə çevirə bildi. Onun rəhbərliyi altında İran kəşfiyyatı ərəb-israil və Bosniya münaqişələrinə, Əlcəzair islam hərəkatına təsir imkanlarını genişləndirdi, Livan və Pakistanda çoxşaxəli kəşfiyyat fəaliyyəti həyata keçirməyə müvəffəq oldu. Onun Tacikistan, Ermənistan, Almaniya və Latın Amerikası ölkələrində mövqeləri xeyli gücləndi. İranın xüsusi xidmət orqanları təkcə beynəlxalq islam təşkilatları üzərində deyil, eyni zamanda bir sıra solçu radikal qruplaşmalar üzərində də nəzarəti ələ keçirib. Bunlara misal olaraq, “Fələstin Azadlıq Xalq Cəbhəsi” və yunanların “17 noyabr” təşkilatlarının adlarını çəkmək olar.

Nazirliyin növbəti rəhbəri olmuş Dorri Nəcəfabadinin dövründə Ayətulla rejiminin əleyhdarı olan yetmiş nəfərə yaxın tanınmış jurnalist və siyasi xadimin sui-qəsd nəticəsində aradan götürülməsi hadisəsi ətrafında böyük qalmaqal baş vermişdi. Uzunmüddətli təhqiqatlardan sonra Nəcəfabadi bu ittihamların əsaslı olduğunu qəbul etmiş və 1999-cu ilin fevral ayında istefa vermişdi. Bütün məsuliyyət isə Fəllahiyanın təhlükəsizlik və kəşfiyyat məsələləri üzrə keçmiş müavini Səid Emaminin üzərinə qoyulmuşdu. O, həbs olunmuş və həmin ilin iyun ayında “intihar” nəticəsində həbsxanada ölmüşdü.

İnformasiya Nazirliyinin dördüncü rəhbəri Əli Yunesi İran İslam Respublikasının siyasi rəhbərliyi arasında mühafizəkar düşərgənin nümayəndəsi kimi tanınırdı. O, MDB ölkələri, o cümlədən, Azərbaycan, Rusiya və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa can atırdı.

Hazırda nazirlik dünyanın qırxdan çox ölkəsində fəaliyyət göstərir. Onun dörd min nəfər əməkdaşı və otuz mindən çox agenti var. Əli Yunesinin rəhbərliyi altında İran kəşfiyyatı ABŞ-ın İraqa hərbi müdaxiləsinə xüsusi hazırlıq görmüş, Suriya xüsusi xidmət orqanları, Kürdüstan Vətənpərvərlər İttifaqının rəhbəri Cəlal Talabani, İraq kəşfiyyat strukturları ilə əlaqələr yaratmağa nail olmuşdu.

Eyni zamanda, nazir şəxsən İraqın cənubunda və şimalında agentura və terror-təxribat şəbəkələrinin yaradılması məsələsini kurasiya edir. Əgər ABŞ-ın bu ölkədə olması İranın milli maraqlarına təhlükə törədərsə və İraq rəhbərliyi anti-İran siyasəti həyata keçirməyə üstünlük verərəsə, İran buna qarşı fəal tədbirlər vasitəsilə cavab vermək niyyətindədir.

İnformasiya Nazirliyi İranın demək olar ki, bütün inzibati və güc orqanlarının fəaliyyətini koordinasiya edir. Xüsusən də bu, İslam İnqilabı Keşikçiləri (Mühafizəçiləri) Korpusuna (İİKK) aiddir. O, 1979-cu ilin may ayında orduya əks balans yaratmaq məqsədilə Xomeyni rejiminin əsas dayaq qüvvəsi kimi yaradılmışdı. İİKK-in tərkibinə quru qoşunları (şəxsi heyəti üç yüz yetmiş min nəfər), hərbi dəniz qüvvələri (şəxsi heyəti iki yüz min nəfər) və hərbi hava qüvvələri (şəxsi heyəti iki yüz min nəfər) daxildir.

İİKK Baş komandanlığının nəzdində iki struktur – Xarici Kəşfiyyat Komitəsi və Xarici Əməliyyatlar Komitəsi fəaliyyət göstərir. Həmin strukturlar ən çox Livan və Sudan ərazilərində güclü kəşfiyyat mövqelərinə malikdirlər. Lakin onun İran körfəsi ölkələri, Fələstin, Almaniya, Fransa, Kanada, Braziliya, Paraqvay, Pakistan və Filippin ərazilərində də şaxələnmiş agentura-təxribat şəbəkələri mövcuddur.

Nəzakət Məmmədova

VIPedu.BIZ

Həmçinin oxuyun

Ermənilərin aldatdığı yazıçı azərbaycanlı baş redaktoru niyə İraq prezidenti ilə görüşdürdü?

“Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman İraq Prezidentinin dəvətilə həmin ölkədə  bir neçə günlük səfərdə …