Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Manşet / İlham Əliyev sözünə əməl etdi, Paşinyan bacarmadı – Dövlət başçılarının fərqli prinsipallıq xüsüsiyyətləri

İlham Əliyev sözünə əməl etdi, Paşinyan bacarmadı – Dövlət başçılarının fərqli prinsipallıq xüsüsiyyətləri

Son günlər bütün analitiklərin diqqəti Brüsselə yönəlmişdi. Avropanın diplomatik mərkəzi statusunu qazanmış bu şəhərdə NATO-nun növbəti zirvə sammitti keçirilirdi. Həmin sammitdə Azərbaycan və Ermənistan dövlət başçıları da iştirak etdilər.
NATO ilə əməkdaşlıqda maraqlı olan hər iki ölkə başçısının dəvət əsasında NATO toplantısında iştirakında ilk baxışdan qeyri-adi nəsə yoxdur. Ancaq bizim konkret faktlar əsasında toxunacağımız bir detal məhz bu iki dövlət başçısının nə dərəcədə prinsipial olması, öz sözlərinə əməl etmələri ilə bağlı zəruri bir məqamı üzə çıxarmış oldu. NATO sammiti öncəsi Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyan maraqlı bir bəyanatla çıxış etdi. O bildirdi ki, özündən əvvəlki sələfləri NATO-nun qəbul etdiyi yekun qərarlarla bağlı prinsipial mövqe ortaya qoymayıblar. Söhbət bundan əvvəlki bir neçə sənəddə də NATO-nun ölkəmizin ərazi bütövlüyünü tanımasından gedir. Paşinyan açıq mətnlə bəyan etdi ki, NATO-nun yekun aktında yenidən Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapacaqsa, o, sammitdə iştirak etməyəcək. Nəticə göz qabağındadır. NATO bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və nə qədər maraqlı olsa da, Paşinyan “quzu balası” kimi həmin tədbirdə əvvəldən axıra qədər iştirak etdi.
İndi gəlin buna bir qədər bənzər olan başqa bir hadisəyə diqqət edək və müqayisə aparaq. Əminik ki, aparacağımız sağlam müqayisə İlham Əliyevlə Paşinyan arasındakı verilən sözün məsuliyyətini daşımaq baxımından nə dərəcədə təzadın olmasını üzə çıxaracaq. 2015-ci ildə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən Riqa Sammitindən öncə İlham Əliyev yekun sənəddə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələnin dəqiqliyilə təsbit olunmasını tələb etmiş, əks təqdirdə sammitdə iştirak etməyəcəyini bildirmişdi. Bəllidir ki, qəbul ediləcək sənədlərin ilkin variantları razılaşdırmaq üçün tərəflərə əvvəlcədən göndərilir. Yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü məsələsi əksini tapmadığı üçün, İlham Əliyev həmin sammitdə iştirakdan imtina etdi. Yəni dediyi sözün arxasında durdu. Hətta Azərbaycan nümayəndə heyətinə tapşırıq verdi ki, bizim maraqlarımızın tam əks olunmayacağı sənədin əleyhinə səs versinlər. Bax, bu iki mühüm hadisə iki ölkə rəhbərinin ərazi bütövlüyü ilə bağlı məsələdə nümayiş etdirdikləri prinsipiallıq keyfiyyətləri ilə bağlı nəyi söyləməyə əsas verir?

Millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə ölkə başçılarının şəxsi keyfiyyətləri ilə yanaşı, başqa detallar da mühüm rol oynayır: “Dediyiniz hadisə bir daha sübut edir ki, Paşinyan peşəkar siyasətçi deyil. Bunu deməyə tam əsas var. Çünki onun bundan əvvəl də verdiyi bəyanatları heç bir mahiyyət daşımadı və elə Paşinyanın özü tərəfindən təkzib olundu. Görünür ki, bu adam hələ də meydan eyforiyasından çıxa bilməyib. O bilməlidir ki, hakimiyyət uğrunda savaşmaq və bunun nəticəsində qələbə qazanmaq başqa şeydir, dövləti idarə etmək başqa. Həmişə dediyimiz bir məsələ yenə öz əksini tapmış olur. Ermənistanın sərbəst və müstəqil siyasəti yoxdur. Formal dövləti idarə edənlər də hər zaman belə gülməli vəziyyətə düşməli olacaqlar. Cünki onların idarəetmə iradəsi öz əllərində deyil. Həmin ölkənin xüsusən də xarici siyasətini Rusiya müəyyən edir. Paşinyanın bir bəyanat verib, sonra onun arxasında dayana bilməməsi də bunun sübutudur. Əvvəl o öz istəyini dilə gətirir, sonra ona nəyi necə etmək tapşırığı verilir. Nəticədə o, tapşırığa əməl etməyə məcbur olur və belə gülməli vəziyyət yaranır. Bir daha qeyd edim ki, belə vəziyyətin yaranması onun diletant olması ilə yanaşı, həm də Ermənistanın müstəqil ölkə olmaması ilə bağlıdır. Azərbaycan Prezidentinin verdiyi bəyanatlar və onların arxasında sona qədər durması onun peşəkarlığı, prinsipiallığı ilə yanaşı, həm də yalnız Azərbaycan xalqının iradəsinə söykənməsi ilə əlaqəlidir. Bununla bir daha sübut olunur ki, Azərbaycanda hakimiyyət xalqın iradəsi ilə formalaşıb və ölkə başçısı atdığı bütün addımları xalqın dəstəyi ilə, müstəqil dövlətin tələblərinə uyğun şəkildə atır. Bu iki hadisənin sadə müqayisəsindən də məlum olur ki, bu müharibə Rusiya tərəfindən törədilib və Ermənistanın başında kimin olmasından asılı olmayaraq, onlar əyalət siyasətindən o tərəfə gedə bilməzlər. Bununla bir daha sübut olunur ki, Azərbaycan kiminsə orbitində deyil, müstəqil siyasət yürüdür”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Elçin Qurbanov: “Şübhəsiz ki, təmərküzləşmiş korrupsiyanın çiçəklənməsində sabiq Ali Məclisin sədri kənarda deyil”

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rəfael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …