Bazar ertəsi , Noyabr 19 2018
Ana səhifə / Manşet / İki xalqa qarşı cinayət törətmiş Köçəryanın üzərində natamam istintaq…

İki xalqa qarşı cinayət törətmiş Köçəryanın üzərində natamam istintaq…

Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Robert Köçəryan barəsində başqa yerə getməmək tədbiri seçib. Xüsusi İstintaq Xidməti 1 mart 2008-ci il qırğınının istintaqına cəlb etdiyi Robert Köçəryana iyulun 26-da cinayət işi qaldırıb.

R.Köçəryan bir qrup şəxslə qabaqcadan əlbir olmaqla dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir. Paytaxt İrəvanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar verib, avqustun 13-də apelyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirərək sabiq prezidenti azadlığa buraxıb.

R.Köçəryan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildə prezident Levon Ter-Petrosyanın sərəncamı ilə Ermənistana baş nazir gətirilib. Levon Ter-Petrosyan 1998-ci ilin fevralında istefaya məcbur edilib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.

2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası Dağlıq Qarabağ bölgəsində doğulmuş baş nazir Serj Sarkisyanı qalib elan edib. Əsas namizədlərdən olan birinci prezident Levon Ter-Petrosyanın tərəfdarları paytaxt İrəvanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2008-ci ildə R.Köçəryanı prezident postunda əvəzləyən S.Sarkisyan 2013-cü ildə yenə prezident seçilib. 2018-ci il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Sarkisyan aprelin 17-də baş nazir kürsüsünə gətirilib. Ancaq xalq etirazlarına görə Sarkisyan aprelin 23-də istefa verib. Mayın 8-də Nikol Paşinyan baş nazir kürsüsünə oturub.

2008-ci ilin prezident seçkisində N.Paşinyan Levon Ter-Petrosyanın seçki qərargahının üzvü kimi fəaliyyət göstərib. O, seçkinin nəticələrinə etiraz aksiyalarında iştirakına görə cinayət məsuliyyətinə cəlb olunub, 2009-cu ildən 2011-ci ilə kimi həbsdə yatıb.

Hakimiyyətə gələndən sonra Paşinyan 2008-ci il hadisələrinin istintaqının yenilənməsi prosesinə start verib.

Ancaq maraqlıdır ki, Ermənistanda Köçəryana qaldırılan cinayət işi yalnız öz xalqına qarşı etdiyi cinayətlərə görədir. Sual olunur: Köçəryanın cinayətləri yalnız bununla bitirmi? Məlumdur ki, o, Dağlıq Qarabağın işğal olunmasında yaxından iştirak edib və çoxsaylı cinayətlər törədib. Belə olan təqdirdə, Ermənistanda Köçəryana qarşı qaldırılan cinayət işini hüquqi baxımdan bitkin saymaq olarmı?

Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, Ermənistanda eks-prezidentə qaldırılan cinayət işini bitkin saymaq olmaz: “Şərti adı “Qarabağ” klanı olanların hakimiyyəti dönəmində indiki baş nazir həbs edilib və bir neçə il cəza çəkib. İndi də hakimiyyət onun əlinə keçib, o, qisas zəminində Köçəryanı həbs etdirir. Ancaq bu heç də o demək deyil ki, Köçəryan günahsızdır. Maraqlıdır ki, Paşinyan hakimiyyətinin məsuliyyətə cəlb etdiyi eks-prezidentə elan olunan ittihamlar onun törətdiyi cinayətləri tam əhatə etmir. Məlumdur ki, istər Köçəryan, istərsə də Sarkisyan  bəşəriyyət əleyhinə cinayətlərin törədilməsində iştirak ediblər. Onların hər biri ilə bağlı Azərbaycan Hərbi Prokurorluğunda cinayət işi var. Əgər Paşinyan özünü demokratik siyasətçi sayırsa, Köçəryanın obyektiv mühakiməsi üçün Azərbaycanda qaldırılan cinayət işlərinin də materiallarını tələb etsin. Təbii ki, bunu etməzlər. Çünki Paşinyan artıq nümayiş etdirir ki, Dağlıq Qarabağ məsələsində o, sələflərindən də qəddardır. Hətta şübhə etmirəm ki, onlardan da ağır cinayət törətməyə hazır olar. Bu baxımdan da Köçəryan yalnız öz xalqına qarşı deyil, həm də bəşəriyyət əleyhinə olan cinayətləri törətməklə əli Azərbaycan xalqının qanına batıb. Əminəm ki, onlar nə vaxtsa beynəlxalq tribunal qarşısında törətdikləri cinayətlərə görə cavab verəcəklər”.

Məhəmmədəli QƏRİBLİ

VIPedu.BIZ

Həmçinin oxuyun

“Polis qeyri-qanuni aksiyanın qarşısını alıb” – Prezidentin köməkçisi

“Noyabrın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi və üzvləri, həmçinin bəzi digər siyasi təşkilatların bir …