Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Hərbi jurnalist Eldar Sabiroğlunu sərt tənqid etdi: “Kapitandan polkovnikə yüksələndə niyə Səfər Əbiyevə etiraz eləmədiniz…”

Hərbi jurnalist Eldar Sabiroğlunu sərt tənqid etdi: “Kapitandan polkovnikə yüksələndə niyə Səfər Əbiyevə etiraz eləmədiniz…”

Eldar Sabiroğluna açıq məktub

Ötən gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun bir yazısını oxudum. Sərlövhəsində imkanlı, vəzifəli şəxslərin övladlarının cəbhədə xidmət etməməsindən bəhs etmişdi.
İndi cənab Sabiroğluna bəzi məsələləri xatırlatmaq və suallar ünvanlamaq istərdim.
Əvvəla Eldar Sabiroğluna yaşadıqlarından dolayı keçmiş olsun deyirəm. Allah heç bir atanı övlad, övladları ata dağı ilə sınağa çəkməsin.
Eldar Sabiroğlu, açıq məktub janrında yazmaqda sizin qədər peşəkar deyiləm. Amma suallarım var. Suallarıma cavabınızı da səbirsizliklə gözləyirəm
İngilis yazarı, filosofu Con Dreydenin bir deyimi var: “Müharibədə bütün gecikmələr təhlükəlidir”. Siz bu açıqlamalarınızda ən azı 5 il gecikmisiniz.

7 il Müdafiə Nazirliyinin sözçüsü olan Eldar Sabiroğlu o zamanlarda indi yazdıqlarını yazdığımıza görə mətbuata palaz-palaz təkzib açıqlamaları göndərib, sonra da bizi “qara siyahıya” salıb. Əbiyevin ünvanına tərif deyənləri “ordunun dostları”, tənqidçiləri də “düşməni” elan elədiyini yəqin unudub. İndi xeyli yaşlanıb, ola bilsin ki, “yadımda qalmayıb” desin.
Osmanlı sultanı II Əbdülhəmidin sözləridir: Müharibə yalnız sərhədlərdə olmaz. Savaş bir millətin topyekun atəşə girməsidir. Əgər bu bütünlük təmin olunmayıbsa, qələbə təsadüf, məğlubiyyət isə alın yazısıdır.

Biz də bunu istəmişik.

Indi bəhs etdiyiniz məmur övladlarını kim cəbhəyə göndərməli idi? Mənmi? Yaxud başqa bir kimsəmi? Bunu yazınızın sonunda ağız dolusu sitat gətrdiyiniz, qoruduğunuz Səfər Əbiyev etməliydi. Necə ola bilirdi, imkansız, kasıb övladlarını, haqqınızda bir iki cümlə tənqid yazan jurnalisti ön xəttdə xidmətə göndərib, “gününü göy əskiyə bükə” bilirdiniz. Məmur övladına gücünüz çatmırdı?
Elə sizin dövrünüzdə dəfələrlə yazmışam – Əbiyevin komandirləri Qusarda, Sumqayıtda məmur övladlarını aylığa buraxırdılar. Aylığa buraxılan o əsgərlər qəza törətmişdilər, adam bıçaqlamışdılar. Neçə hadisə baş vermişdi. Çıxıb təkzib edirdiniz. İndi yaxşı tənqidə başlamısınız.

Mətbuat xidməti kimi əsaslı açıqlama vermək yerinə düşməni söymək ənənəsinin də əsasını siz qoydunuz. “Topal” Seyran, “Axmaq” Serjik, nə bilim kimlər. Bunlar uzaq tarixdə baş verməyib. Googledə bir axtarış  etsəniz bəsdir.
Sizin Müdafiə Nazirliyindəki fəaliyyətinizə bu qurumla uzun illərdir işləyən jurnalist kimi yaxından bələdəm. Özünüzü mələk qismində təqdim etməyin. Siz Müdafiə Nazirliyinin media ilə əlaqələrində qurulan körpüləri yandırmaqla, jurnalistlərlə etdiyiniz konfliktlərlə tarixdə qalmısınız.

Sizin ön cəbhə barədə fikirləriniz qeyri-səmimidir. Bilirsiniz niyə? Orduya torpaqları işğaldan azad etmək üçün deyil, “kabinet işğal etmək”, karyera qurmaq üçün gəlmişdiniz.
Yaxşı xatırlayıram. Rəhmətlik İlqar Verdiyevi qaralayıb cəbhə xəttinə göndərtmişdiniz. Bununla bağlı o vaxt sizdən “Lent.az” saytına açıqlama alırdım. Dediniz “gedib cəzasını çəkər”. Bax orduya paqon xətrinə doluşan sizin və sizinkimilərin cəbhə xəttinə yanaşması bundan uzağa getmir. Çünki sizin düşüncənizdə cəbhə xətti, düşmənlə üzbəüz xidmət aparan hərbi hissələr cəzaçəkmə müəssisəsi idi. Vətən müdafiəsi anlayışını “Əbiyevi müdafiə” ilə eyniləşdirmişdiniz. Buna dair onlarla açıqlamanızı göstərə bilərəm.

Cəbhədəki zabit və gizirlərimiz üçünsə orada xidmət ŞƏRƏFDİR hörmətli Eldar Sabiroğlu. Rütbədə yüksəlməsə də şərəflə xidmət edir, şərəfinə döyüşür, şərəfi ilə şəhid olur və ya təmənna güdmədən sonuna qədər cəbhədə xidmətini davam etdirir.
Rütbə demişkən, xidmətdə olduğunuz dövrdə onlarla zabitin haqqına girdiyinizi düşündünüzmü? Sıravidən gəlib kapitan rütbəsi aldınız. Buna sözüm yox. Kapitandan polkovnikə yüksəlmək bəzən hərbi məktəbləri bitirmiş, ömrünü orduda qoyan çoxlarına qismət olmur. Bilirsiniz adi qaydada bu pilləni yüksəlmək neçə il tələb edir?
7 ilə kapitandan polkovnikə yüksələndə bu gün büründüyünüz mələk donuna girib niyə Səfər Əbiyevə etiraz eləmədiniz? Polkovnik rütbəsinə layiq olmadığınızı əsas gətirib rütbədən imtina eləmədiniz? Heç olmasa 20-25 il orduda xidmət edib, hərbi təhsili ola-ola, döyüşlərdə iştirak etmiş mayordan o tərəfə keçməyən kadr zabitlərdən utanaydınız.
Eldar Sabiroğlu yenə qaydıram cəbhədə xidmətə. Ola bilər, hansısa nazirlərin, biznesmənlərin övladı ön xətdə xidmət eləməsin. Kimlər o vaxt nə iş qaynadıblar bunu o mətbəxtdə olan siz yaxşı bilirsiniz. Biz də azdan çoxdan xəbərdarıq. Amma 7 ildə bir vəzifəli övladını ön xətdə görmədiyiniz barədə açıqlamanız sizin subyektiiv fikrinizdir. Bunu cəmiyyətə sırımaq, belə açıqlamalarla ordu və cəmiyyət arasında inamsızlıq yaratmaq kimsəyə yaraşmaz.

Mən adlarını yazmıram. Onlarla yüksək ranqlı məmurun, prokurorun və s.övladını tanıyıram. Vətən sevgisi insanın daxilindən gəlir. O gənclər orduda, cəbhə xəttində, xüsusi təyinatlı bölmələrdə xidmət edirlər. Dəfələrlə düşmən arxasına keçib əməliyyatlarda iştirak edənlər də var, orduda ən ağır yer olan SAT/SAS bölmələrində xidmət edənlər də.
Sizin bunlardan məlumatınız olmaya bilər. Çünki Müdafiə Nazirliyində olanda başınız başqa işlərə qarışmışdı. O igidlərlə görüşəndə, “aman şəklimizi çəkməyin. Nazir və Eldar Sabiroğlu görüb problem yaradacaq” deyirdilər. Bax ona görə sizin xəbəriniz olmurdu bunlardan.

Rəşad SÜLEYMANOV,

hərbi jurnalist

Azinforum.az olaraq Eldar Sabiroğlunun da fikirlərinə yer verməyə hazır olduğumuzu bildiririk.

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …