Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Manşet / Gəncədə Cavad xanın adına yaraşmayan heykəl – Foto

Gəncədə Cavad xanın adına yaraşmayan heykəl – Foto

“Yaxın zamanlarda Gəncədə Cavad xanın adına və xidmətlərinə layiq əzəmətli bir heykəl qoyulacaq”

Azərbaycan tarixinin görkəmli, qürur duyulası şəxsiyyətlərindən biri də Cavad xandır. Cavad xanın hakimiyyəti 1786-1804-cü illəri əhatə edir. Tarixi mənbələrdə bu dövrün necə qarışıq və mürəkkəb bir zaman olduğundan geniş bəhs olunub. XVIII əsrin axırlarında Rusiya artıq Qafqaza ayaq açmışdı. Nəhəng imperiyaların maraqlarının toqquşduğu bölgə təlatümlü günlər yaşayırdı. Azərbaycanın digər xanları kimi, Cavad xanın da əsas qayğısı xanlığın müstəqilliyini və öz hakimiyyətini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq idi. O, bir tərəfdən gürcü çarı İrakli ilə vuruşur, Ağa Məhəmməd şah Qacarın qəzəbindən yayınmaq üçün diplomatik gedişlər edir, digər tərəfdən qonşu xanlarla aralarındakı ixtilaflara son qoyub anti-Rusiya koalisiyası yaratmağa və bu ittifaqa hətta Dağıstan əmirlərini də qoşmağa çalışırdı. Şimaldan gələn təhlükə isə addım-addım yaxınlaşmaqda idi… 1803-cü ilin payızında ruslar Tiflisdən Gəncəyə doğru hərəkətə keçir. Şəhərin yaxınlığında dayanan Sisianov Cavad xana məktub yazaraq ultimatum verir ki şəhəri təslim etsin. Cavad xan cavabında bildirir ki, təslim olmaq fikrində deyil və Gəncəni son nəfəsinədək müdafiə edəcək. Sisianovun və Cavad xanın qoşunları Gəncənin yaxınlığında, Quru Qobu adlanan yerdə üz-üzə gəlir. Düşmən həm silah-sursat, həm də sayca qat-qat üstün idi. Bu səbəbdən ağır itkilər verən gəncəlilər geri çəkilərək, qala darvazalarını bağlayırlar. Onları təqib eləyən ruslar Gəncə qalasını mühasirəyə alır. Sisianov bir-birinin ardınca ultimatumlar göndərib Cavad xandan qalanı təhvil verməsini tələb edir. Xan hər dəfə ona birmənalı cavab verir: “sən Gəncəyə yalnız mənim meyitimin üstündən keçib girə bilərsən!” Cavad xanı fikrindən döndərə bilməyəcəyini görən Sisianov uzun sürən mühasirəni dayandırıb Gəncəni silah gücünə almaq qərarına gəlir. 1804-cü il yanvarın 3-də rusların qala üzərinə şiddətli hücumu başlayır. Onların qala divarlarını asma nərdivanlarla aşmaq cəhdi baş tutmasa da, hücumların ardı-arası kəsilmir. Gəncənin müdafiəsində dayananların mərdliklə müqavimət göstərmələrinə baxmayaraq, Sisianovun qoşunu qalanın əsas qüllələrini ələ keçirir. Cavad xan döyüşü qala divarları üzərində də davam etdirir. Qeyri-bərabər döyüş uzun çəkmir. Yanvarın 3-dən 4-nə keçən gecə saat dörd radələrində Cavad xan və oğlu Hüseynqulu döyüş meydanında qəhrəmancasına həlak olur…

Cavad xanı digər xanlardan fərqləndirən də bu idi: azadlıqsevərliyi və işğalçılara boyun əyməməsi. Cavad xan Gəncədə məşhur Cümə məscidində dəfn olunur. 1962-ci ildə məscidin yaxınlığındakı meydanın rekonstruksiyası adı altında onun məzarı dağıdılır. Lakin vətənpərvər insanlar xanın cəsədinin qalıqlarını gizlədib saxlamağa müvəffəq olurlar. Azadlıq küləkləri yenidən əsməyə başlayanda – 1990-cı ildə onu əvvəlki yerində dəfn edirlər. Xalq öz qəhrəman oğullarını heç vaxt unutmur. Onlardan biri olan Cavad xanın xatirəsi layiqincə əbədiləşdirilib. Heydər Əliyev Fondu tərəfindən Gəncə Cümə məscidinin həyətində Cavad xanın türbəsi ucaldılıb. Gəncədə və Bakıda onun adına küçə var. Ancaq maraqlıdır ki, Gəncə şəhərində olduğumuz zaman Cavad xanın adını daşıyan küçədə onun əzəməti və qüdrəti ilə uzlaşmayan bir mənzərənin şahidi olduq. Qəhrəmanın adını daşıyan küçənin lap başlanğıcında “Kolorit” adlanan restoranın düz qabağında Cavad xana aid olduğu deyilən bir “heykəl” qoyulub.

Düzü, nə qədər çalışsaq da, həmin heykəlin görünüşü ilə Cavad xanın şəxsiyyəti, əzəməti arasında bir əlaqə tapa bilmədik. “Heykəlin” balacalığı və Cavad xanın barmağı ilə nəyəsə işarə etməsi mənzərəsi ciddi sual doğurur: görəsən bunu kim edib? Maraqlandıqda, sakinlər dedilər ki, həmin heykəli hansısa sahibkar öz vəsaiti hesabına düzəltdirib. Əslində, sıradan sahibkarın belə bir niyyəti alqışlanmalıdır. Ola bilsin ki, həmin adam Cavad xana olan sonsuz sevgisini ifadə etmək istəyib. Ancaq biz bu cür məsələlərdə olduqca həssaslıq nümayiş etdirməlik. Unutmamalıyıq ki, şəhərlərimizə bizdən başqa da adamlar gəlir. Xüsusilə də çoxsaylı turistlər bu cür heykəllərlə dərindən maraqlanır, onlarla şəkil çəkdirməyə üstünlük verirlər. Belə olan halda, Cavadxanın əzəməti ilə tərs mütənasib olan heykəlin fonunda biz onun şəxsiyyətini əcnəbilərə lazımınca çatdıra bilirikmi? Təbii ki, yox. Hesab edirik ki, bu məsələyə məsul olan əlaqədar dövlət qurumları və xüsusilə də Gəncə Şəhər İcra Hakimiyyəti Cavadxan küçəsindəki təəccüb doğuran heykəl müəmmasına mütləq mənada aydınlıq gətirməlidir.

Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Xalq artisti, tarixi şəxsiyyətin ekran versiyasını yüksək səviyyədə canlandırmış Nürəddin Mehdixanlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin heykəl barədə məlumatı yoxdur:“Hazırda Cavad xanın adını daşıyan küçənin keçmiş adı Sabir olub. Həmin küçədən uzaq olmayan məsafədə Cavad xanın məqbərəsi yerləşir. Bilmirəm nə heykəldi, kim qoyub. Hesab edirəm, bu cür məsələlərə şəhər icra hakimiyyəti ciddi nəzarət etməlidir. Kimsə özfəaliyyət edibsə, bu yolverilməzdi. Hesab edirəm ki, yaxın zamanlarda Gəcədə Cavad xanın adına və xidmətlərinə layiq əzəmətli bir heykəl qoyulacaq. Düşünrəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq. Çünki Gəncə və Cavad xan adları bir-biri ilə sıx bağlıdı. Hər kəs ağlına gələn tərzdə tarixi şəxsiyyətlərə heykəl qoya bilməz. Bəlkə də kimsə Cavad xana olan sevgisini bu şəkildə izhar etmək istəyib, amma bilməlidirlər ki, həmin xan sıradan biri deyil. Cavad xanın Azərbaycanın tarixində özünəməxsus yeri var. O, torpağı və Vətəni uğrunda özünü və övladını şəhid verən böyük bir Milli Qəhrəmanımızdı. Buna görə də, kimsə həmin şəxsiyyətlə bağlı istədiyi kimi addım ata bilməz”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Məktəblərdə yaşıl rüşvət – Hər şagird 5 şam ağacı gətirməsə… SƏS YAZISI

Bakı şəhəri, Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Yaş dünya” adlı tədbirin keçirilməsi …