Erməni Marietta necə İlhamə oldu? – TƏFƏRRÜAT – FOTO

“Azərbaycan talışları, ləzgiləri, bütün milli azlıqları istismar edir. Mən bütün talışlara müraciət edərək deyirəm: bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır”.

Bunu özünü “Talışıstan TV telekanalının xəbərlər xidmətinin rəhbəri” kimi təqdim edən Azərbaycan vətəndaşı Zabil Məhərrəmov deyir.

Zabil Məhərrəmov son vaxtlaradək Rusiyanın Sankt-Peterburq şəhərində yaşayırdı. İndisə o, İrəvandadır.

Ermənilərin yaratdıqları “Talışıstan TV” və “Talışıstan Radiosu”nda “xəbərlər xidmətinin rəhbəri” kimi çalışır, özü kimi 7 nəfərə başçılıq edir.

“Talışıstan TV” Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən iki il əvvəl, 2014-cü ilin sonlarında yaradılıb. Bu “qurum”un ideya təşəbbüskarı Azərbaycanda “Talış-Muğan Respublikası” qurmaq istəyən, sonra separatçılığa görə həbs olunan, indisə Hollandiyada yaşayaraq Azərbaycana nifrətini gizlətməyən, Ermənistanın xüsusi xidmət orqanları ilə çox sıx təmaslarda olan Əlikram Hümbətovdur.

“Talışıstan TV” yaranandan iki ay sonra bu “struktur”un “ideoloji təminat”ı Moskvada yaşayan və separatçılığı ilə tanınan Fəxrəddin Abbaszadəyə həvalə olunmuşdu.

“Fəxrodin Aboszoda”ya çevrilən və Azərbaycanı məhv etməyi arzuladığını dəfələrlə vurğulayan F.Abbaszadə ermənilərin ümidlərini doğrultmayıb, “Talışıstan TV”nin fəaliyyətini təmin edə bilməmişdi.

Belədə qurum İrəvandakı “Voskanapat” fondunun rəhbəri, Ermənistan MTX-nin sabiq rəhbəri Levon Məlik-Şahnazaryanın idarəsinə verilmişdi.

Zabil Məhəmmərovu da “aparıcı” vəzifəsinə məhz L.Məlik-Şahnazaryan seçib. “Talışıstan TV”-nin fəaliyyətinin ilkin dönəmlərində Sankt-Peterburqla İrəvan arasında məkiyə çevrilmiş Z.Məhərrəmov hazırda, əsasən, İrəvanda yaşayır.

Dediyinə görə, Sankt-Peterburqda “onun həyatı üçün real təhlükə var”. Yəni o, ermənilərin nəzərinə çatdırmaq istəyir ki, elə ermənilərə xidmət etdiyi üçün talışların nifrətini qazanıb.

“Talışıstan TV”də çalışmağa başlayandan sonra isə Z.Məhərrəmovun maddi durumu dəyişib. Ona mənzil ayrılıb, “güzəştli kredit”lə avtomobil bağışlanıb.

Bu hədiyyələrdən vəcdə gəlmiş Z.Məhərrəmov da Azərbaycanda guya “talış problemi”nin varlığı barədə sürəkli danışmağa başlayıb.

Onun, əsasən, YouTube-da yayımlanan proqramının qonaqları arasında Ə.Hümbətov və F.Abbaszadə xüsusi yer tuturlar.

Azərbaycanın tanınmış ziyalıları, siyasətçiləri, ictimai və mədəniyyət xadimlərini, qəhrəmanlarını ayıran, onları “talış xalqının oğulları, Azərbaycana qətiyyən aidiyyəti olmayan adamlar” kimi təqdim edən Z.Məhərrəmov hətta İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabirin də talış olduğunu vurğulayır, “Həzi Aslanovun qəhrəmanlığının Azərbaycanda layiqli dəyərləndirilmədiyini” söyləyir.

Daha sonra o, Azərbaycan ordusunda xidmət edən talışları silahı yerə qoymağa çağırır, “ən qətiyyətli və məntiqli”ləri isə Ermənistan ordusuna dəvət edir.

Z.Məhərrəmovun hər “veriliş”i YouTube-da yayılandan sonra onu ən sərt tənqid edənlər, xəyanətini pisləyənlər elə talışlardır və yaxşı ki, elə talışların özüdür.

Çünki Azərbaycandakı bütün xalqlar kimi, bu yurd, bu məkan talışların da Vətənidir və bu vətəndə yaşayır, vətən üçün çalışır, vətən üçün döyüşürlər.

Zabil Məhərrəmovun dediyinə görə, son dəfə 2014-cü ildə Bakıda olub. Olarkən fotolar da çəkdirib, sosial şəbəkələrdəki profillərində paylaşıb.

Di gəl, Vətənin nə olduğunu unudan, düşmənin qoltuğunu yurd torpağından üstün tutan bu məxluq – məhz məxluq, çünki insan üçün ləyaqət, namus, ar və şərəf anlamları, sadəcə, səs yığınından ibarət deyil – Qarabağ döyüşlərində vətən torpağını qanları ilə suvarmış talışlara xəyanətin rəşadət olduğunu anlatmağa çalışır.

Necə ki, quldur cəsarətdən, oğru qanundan, əxlaqsız insan isə irzdən və izzətdən danışmağı çox sevdiyi təki.

Zabil Məhərrəmovun şərəf anlamı o qədər tənəzzül edib ki, o, Dağlıq Qarabağı və Azərbaycanın 7 rayonunu işğal altında saxlayan – hələlik belədir – düşmənin hərbi formasını da böyük qürurla geyinir, Ermənistan hərbçilərinin olmayan “uğur”larına sevindiyini deyir, Azərbaycanın şəhidlərindən bəhs edəndə nifrətini gizlətmir, batinindəki şəri asanlıqla ortaya qoyur.

Bu barədə yazmışdım və Zabil Məhərrəmovun xəyanətin, şərəfsizliyin və mənəviyyatsızlığın dibinə vurduğunu, qardaşlarımız, can dostlarımız, ürəyimizin bir parçası olan talışların üz qarası olduğunu vurğulamışdım.

Həmin yazıdan sonar Zabil Məhərrəmov öz “amplua”sına sadiq qalaraq nələrsə dedi, cavab verməyə çalışdı.

Ona qatılanlar arasında bir xanım da vardı.

Hicablı, mömin görkəmdə görünməyə çalışan, kamera qarşısında abırlı və ədəbli durmağa can atan, “təqvalı” olduğunu deyən.

Zabil Məhərrəmov onu “hacıxanım İlhamə Cəfərzadə” kimi təqdim edirdi və dediyindən də belə çıxırdı ki, bu eynəkli, hicablı xanım mömin müslimədir, Həcc ziyarətində olub və sözlərində də yalan yox.

Maraq aldı bizi və o xanımın kimliyini araşdırmağa başladıq.

Və…

Bəlli oldu ki, Z.Məhərrəmovun “Talışıston TV”-nin əsas aparıcılarından biri olan İlhamə Cəfərzadə nə Həcc ziyarətində olub, nə hacıxanımdı, nə talışdı, nə də azərbaycanlı.

Başına hicab bağlayıb kamera qarşısında əllaməlik edən bu xanım əslində erməni Marietta Vartanyandır.

Erməni Mariettanın İlhaməyə çevrilməsi

Dünyaca ünlü yazıçı Frans Kafkanın belə bir əsəri var-“Çevrilmə” (Metamarfoz). Novellanın məzmunu təxminən bu şəkildədir; deməli, əsərin baş qəhrəmanı  Qreqor Zamza bir gün səhər yuxudan ayılanda özünün eybəcər bir həşarata çevrildiyini görür, daha sonra hamının münasibəti ona qarşı dəyişir, axırda da ölür və qutuda dəfn edilir. Yəni müəllif bu əsərdə absurd və mənasız həyat yaşayan cılız insan taleyini təsvir etməyə çalışmışdır.

Bizim “qəhrəman”la bağlı da təxminən eyni hadisə baş verib. Eybəcər həşarata bənzəyən Marietta Vartanyan (Kərimova) bir gün səhər yuxudan qalxıb özünü guya milliyyətcə talış olan İlhamə Cəfərzadə kimi təqdim etməyə başlayıb.

Yaxşı, kimdi bu Vartanyan?

Marietta Vartanyan (Kərimova) 1952-ci ilin martın 10-da Qazax şəhərində, erməni ailəsində doğulub. Bu ailənin evi Qazaxın “Qaraçılar” (“Çay qırağı” kimi də tanınır”) məhəlləsində idi.

Mariettanın anası erməni, atası isə kürd Məhərrəm Kərimov idi.

M.Kərimov erməni arvadını boşayandan sonra oğlu, Mariettanın qardaşı Telmanla Sumqayıta yollanıb, orada yaşayıb. Marietta isə erməni anası ilə birlikdə İrəvana üz tutub.

Mariettanın anası orada erməniyə ərə gedib. Bir müddət sonra Marietta Bakıya təhsil almağa gəlib.

Marietta Bakıda iqtisadiyyat texnikomunda oxusa da, parta yoldaşlarından fərqli olaraq Cəfər Cabbarlı adına adına İrəvan Dövlət Dram Teatrında işləməyə başlayır.

İşləyir deyəndə ki, Marietta o qədər “humanist” idi ki, ona qısamüddətli eşq elan edən erməni kişilərə rədd cavabı verə bilmirdi və bu səbəbdən də onu “Mamaşa Kuraj”, bəzən də “İnterdevoçka” adlandırırdılar.

Hər əməli öz adı ilə çağırsaq, Marietta Vartanyan teatrda işləməklə yanaşı, 6 erməninin məşuqəsi idi və pula ehtiyac duranda vücudunu məmurlara, pullulara satmaqda da qəbahət görmürdü.

Elə burada o, çoxsaylı eşq məcaralarından sonra baş inzibatçı vəzifəsində çalışan, Daşnaksutyüuna xüsusi rəğbəti ilə tanınan  Vrej Vartanyanla ailə həyatı qurur. Müxtəlif teatr tamaşalarında iştirak edən Marietta bir-birindən kəskin fərqlənən obrazlar yaradır.

M.Vartanyanın qardaşı Telman Məhərrəm oğlu Kərimov Azərbaycan Dillər Universitetinin yaxınlığında yerləşən emalatxanada heykəltaraş-rəssam kimi çalışıb, qeyri-ənənəvi dini təriqətə (buddizm) sitayiş etdiyi üçün ailəsindən ayrılıb və 1990-cı illərdə ABŞ-a mühacirət edib.

Marietta isə hələ illər əvvəl, sovet dönəmində Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin diqqətini cəlb edir. Digər həmyerliləri kimi Azərbaycanın zənginliklərindən, mədəniyyətindən, incəsənətindən faydalanan “aktrisa” Azərbaycan əleyhinə fəaliyyətə başlayır. İş o yerə çatır ki, bu Marietta Armen və Arsen adlı iki oğlu, Diana adlı qızını qatı osmanlı türkü, azərbaycanlı düşməni kimi böyüdüb.

Marietta oğulları  Armenlə Arseni Dağlıq Qarabağa döyüşlərə döyüşlərə göndərir və milliyyətindən, dinindən asılı olmayaraq bütün azərbaycanlıların ölməyə layiq olduğunu təbliğ edir. Onun nifrəti övladları döyüşdə yaralandıqdan sonra daha da artır və “Talışıstan Milli Televiziyası” ideyasıyla Azərbaycana qarşı məkrli fəaliyyətini davam etdirməyə başlayır.

İxtisasca aktyor olan Vartanyan bu gün də sənətini davam etdirərək guya “talış xalqının nümayəndəsi” kimi özünü təqdim edərək  “Talışıstan Milli Televiziyası”nda Azərbaycan əleyhinə təbliğatları davam etdirir. İrəvandan yayımlanan bu verilişlərdə o cümlədən Azərbaycan ərazisi uğrunda şəhid olmuş qəhrəman talış övladlarının da ruhu incidilir.

Təsəvvür edin bir tərəfdə könüllü olaraq vətən naminə Qarabağa döyüşməyə gələn talış, ləzgi, kürd, türk, yəhudi, avar, tat – digər tərəfdə Marietta kimi ermənilər tərəfindən məcburi göndərilən Vartanlar, Armenlər, Arsenlər.

Və bu gün bu Vartanlar guya talışın, tatın, ləzginin qeydinə qalır…

Həmin ermənilər idi ki, birinci Qarabağ savaşında Azərbaycan tərəfinin, kəşfiyyatçılarının, hərbi hissələrinin rabitə əlaqəsini talış dilində qurmasının (erməni hərbiçilərin çoxu azərbaycan dilini başa düşürdü, talış dilini isə bilən  yox idi) qarşısının alınması üçün talışıların daha çox ölümə layiq olduqlarını təbliğ edirdilər.

Mariettanın İrəvan Dövlət Dram Teatrında işləyərkən xasiyyətnaməsinə yazılmışdı: “Marietta ona tapşırılan, kiçikliyindən-böyüklüyündən asılı olmayaraq hər bir rol üzərində var gücü ilə işləyir, istedadını, qabiliyyətini əsirgəmir”. İndi də Marietta dindar qadın obrazına girərək guya  talışların təzyiqlərə məruz qaldığını aşılamağa çalışması “xasiyyətini” dəyişmədiyini  söyləməyə əsas verir.

Ermənilərin bu qədər fitnəkar təbliğatına baxmayaraq  milliyyətcə “talış” olan heç kəsin bu verilişdə Azərbaycan əleyhinə çıxış etməyə razılıq verməməsi, ermənilərin məcbur qalaraq Mariettanı İlhaməyə çevirməyə məcbur olması bir daha Azərbaycanda milli azlıq probleminin olmadığını, dilindən, dininindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün azərbaycanlıların vətənini sevdiyini, heç kəsin heç bir maddi-mənəvi vədlər qarşısında ölkəsinə, vətəninə xəyanət etmədiyinin bariz nümunəsi kimi göstərilə bilər. (milli.az)

Elçin Alıoğlu

Zdrave universal kremi zdrave forte