Cümə , Sentyabr 21 2018
Ana səhifə / Manşet / “Elmar Vəliyev olayında Abbas Abbasovun oğlu başını koldan çıxardı…”

“Elmar Vəliyev olayında Abbas Abbasovun oğlu başını koldan çıxardı…”

Azərbaycan xalqının adət-ənənələri var. Bizim cəmiyyətimizdə ağsaqqallıq institutu var. Tutalım, Elmar Vəliyev, indi bəzilərinin dediyi kimi, camaatın canını boğaza yığıbmış. Belədirsə, ilk növbədə Gəncə kimi mühim, ənənəsi olan şəhərin ağsaqqalları, ziyalıları, öndə gedən adamları toplanmalı, dövlət başçısına xüsusi müraciət hazırlamalı, mətbuata təqdim etməli idilər. O zaman məsələ araşdırılacaq, gərəkən ölçü götürüləcəkdi. Amma belə bir fakt yoxdur ortada. Deməli, Elmar Vəliyevə qarşı sadəcə hansısa qruplar məqsədli şəkildə, reket media vasitəsi ilə kampaniya aparıb, özləri isə hər zaman kölgədə qalmaq istəyiblər. Məsələn, belə “qara PR” qruplardan biri kimi Abbas Abbasovun oğlu bu günlərdə başını koldan çıxardı… Elmar Vəliyev Yevlaxın və Gəncənin müasirləşməsi üçün çox işlər görmüş adamdır. Bu cür icra başçıları adətən sərt idarəçilik metodları ilə seçilir. Sovet dövründə Bərdədə Rüstəm Səfərəliyev adlı bir raykom olub. Bərdənin o dövrdə müasirləşməsində xüsusi xidmətlər göstərməklə sərt adam kimi tanınıb. Elmar Vəliyevi müəyyən mənada onunla müqayisə etmək olar. Əlbəttə, istisna deyil ki, ciddi səhvləri, nöqsanları, vəzifəsindən azad edilməyi, qanun qarşısında mühakimə olunmağı zəruri edən əməlləri olsun. Ancaq bu yöndə məhkəmələrə indiyə qədər niyə kütləvi şikayət olmayıb?

Məlum, onun görəvdən alınması Prezidentin səlahiyyətindədir. Bəs, Gəncənin vətəndaş cəmiyyəti Prezidentin “kütləvi narazılıq yaratmış” Elmar Vəliyevi görəvdən alması üçün hansı sivil aksiyalar təşkil ediblər? “Advokasiya” deyilən bir kampaniya çeşidi var, Gəncədəki yerli QHT sektorunun nümayəndələri bu anlayşdan yaxşı xəbərdardırlar. Əhalini, yerli və mərkəz medianı, Elmar Vəliyevin “təhqir etdiyi” məmurları da cəlb edərək bu cür sivil bir protest nümunəsi ortaya qoyublarmı? Xeyr! Əksinə, əksər QHT fəalları hər zaman mətbuatda Elmar Vəliyevin lehinə bəyanatlar verib, keçirdikləri hər tədbirdən sonra ona öz təşəkkürlərini izhar ediblər. Xatırladım ki, həmin QHT-lərin Gəncə İH-dən maliyyə asılılığı yoxdur və Gəncədəki vətəndaş cəmiyyəti qurumları xaricdən kifayət qədər böyük məbləğdə vəsaitlər alıblar. Yaxşı deyək ki, yerli QHT-lərin cəsarət problemi olub. Bəs, Azərbaycan müxalifətinin yerli təşkilatları hara baxırdı? “Elmar Vəliyevə istefa” tələbi ilə niyə bir dəfə də olsun kütləvi aksiya keçirməyə cəhd etməyiblər və “kütləvi narazılıq” fonunda həmin aksiyada əhalinin mütəşəkkil iştirakını təmin etməyiblər?

Bütün bunları keçdik. Elmar Vəliyevə güllə atan şəxsin üz-gözü qan içində fotoları paylaşıldı. Həm DİN-in, həm də Yunis Səfərovun özünün açıqlamasına görə, saxlanan zaman aldığı xəsarətlərdir. Amma nədənsə ondan “qəhrəman” düzəltmək istəyənlər bu açıqlamalara inanmır, deyirlər ki, sui-qəsdçiyə bunları demək üçün “təsir” göstərilib. Bəs, o necə qəhrəmandır ki, sizin məntiqinizdən baxsaq, iki-üç sillə ilə bülbül kimi ötməyə, ona verilən təlimatları yerinə yetirməyə başlayıb? Bu sualı ağlınızın bir köşəsində saxlayın, indi gələk əsas məsələyə. Həmin fotolar yayılar-yayılmaz bəziləri özünə əl qatdı, “ən qatı cinayətkarın da işgəncəyə məruz qalmamaq, ədalətlə mühakimə olunmaq haqqı var” dedilər.Tərəfdar çıxdığımız beynəlxalq hüquq normaları da bu yöndədir. Bəs, Elmar Vəliyev lap sizin dediyiniz kimidirsə, “ən pis, ən əzazil məmurun” yaşamaq haqqı yoxdurmu? Bu nə ikiüzlülük? Bu nə riyakarlıq? Bu nə mərəz?

Artıq hüquq-mühafizə orqanlarının birgə açıqlamasında da deyildiyi kimi, Elmar Vəliyevə sui-qəsd planlaşdırılmış terror aktıdır. O gün yazdığım kimi, bu terror aktını törədilməsinin əsasında Rafiq Tağının, Ziya Bünyadovun qətlini təşkil edən zehniyyət dayanır. Bu qətlin arxasında namus, qeyrət, zülm və s. kimi məsələlər deyil, Bin Laden təfəkkürün elementləri dayanır. Elmar Vəliyevə atılmış güllə Azərbaycan dövlətinə atılıb və bu gün həbsxanada dövlət çörəyi yeyən Yunis Səfərov Azərbaycan dövlətinin düşmənlərinin əlində sadəcə piyadadır. Mən diqqət etdim, Elmar Vəliyevin guya onun “hamilə bacısını təhqir etməsi” barədə ilk informasiyanı xaricdəki Milli Şura fəalları dövriyyəyə buraxdı, ardınca xaricdəki anti-Azərbaycan mediası tirajladı. Amma adını “Turan” qoyduğu halda İrana xidmət edən TV və bütün qaranlıq əməllərə “Meydan” verən “peşəkar” portal o təhqir olunan hamilə qadını niyə ortaya çıxarıb danışdırmadı? Bəlkə ona görə ki, Azərbaycanda heç elə bir qadın yaşamır?!.

Bu versiyanın ortaya atılması terrorçudan qəhrəman düzəltmək, ona rəğbət yaratmaq texnologiyası idi. Bu texnologiyanı düşünənlər və icra edənlər daha çirkin məqsədlər güdürdülər. Sui-qəsdlərin genişlənməsini, məmurlar arasında xof yayılmasını, beləliklə yerlərdə hakimiyyətsizlik yaratmağı hədəfləyirdilər. Həmin ərəfədə məhbəslərdə “dözülməz şərait” olması barədə xüsusi təbliğat aparılırdı. Bu barədə əlimdə xüsusi fakt yoxdur, bunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir, amma neçə gündür ağlımdan çıxmayan bir sual var: həmin təbliğat türmələrdə qiyama və kütləvi qaçışa hesablanmışdımı? Bu inqilabın lideri Hacı Taleh Bağırzadə olacaqdımı? Bunlar olduqca təhlükəli, Azərbaycanı vətəndaş müharibəsinə, xaosa sürükləyən ssenari kimi görsənir. Bu cür suallar çoxdur, onların istintaqda öz təsdiqini tapıb-tapmaması da önəmli deyil. Bütün hallarda ortada bir terror aktı, həmin aktın silsilə xarakteri almasına konkret çağırışlar, ölkəni qanlı terror aktları ilə qana bürümək istəyən mərkəzlər və onların əlinin altında çeşidli mexanizmlər var. Bu, artıq bir məmurun, hətta hakimiyyətin məsələsi deyil. Hər hansı məmuru kimsə sevə, kimsə sevməyə bilər. İqtdardan da kimsə razı, kimsə narazı ola bilər. Amma bu məqamda söhbət dövlətdən və demokratiyadan gedir. Dövlətini sevənlər və demokratiyaya könül verənlər əsla və əsla bir terrorçunu və terror şəbəkəsini dəstəkləyə bilməzlər. “Narazı elektorat” niyə Yunisdən qəhrəman düzəldənlərin tələsinə düşdü, bilirsinizmi? Çünki demokratik düşüncə sahibi deyillər!!!

Taleh Şahsuvarlı,

Azinforum.az

Həmçinin oxuyun

Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir

Bu gün Azərbaycanın mərhum siyasi-ictimai xadimi, Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovun anadan olmasından 90 …