Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Manşet / BDM rəhbərliyinə niyə STOP qoyulub? – Gürcüstanın yeni prezidentindən gözlənti var…

BDM rəhbərliyinə niyə STOP qoyulub? – Gürcüstanın yeni prezidentindən gözlənti var…

Xeyli sayda soydaşımızın yaşadığı Gürcüstanda ictimai-siyasi müstəvidə baş verən proseslər, o cümlədən prezident seçkiləri ətrafında yaşananlar getdikcə daha çox maraq doğurmağa başlayır. Bu xüsusda bir məsələni də qeyd edək ki, soydaşlarımızın səsi Gürcüstanda həlledici faktorlardan biri sayılır və belə görünür ki, onlar bu dəfə seçkilərdə daha fəal mövqe nümayiş etdirirlər. Bu da səbəbsiz deyil.
Qeyd edək ki, Gürcüstanda baş tutan seçkidə hökumətin dəstəklədiyi Salome Zurabişvili və müxalifətin təmsilçisi Qriqol Vaşadze təqribən eyni nəticə göstəriblər. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Salome Zurabişvili prezident seçkilərində 38,64%, onun əsas rəqibi Qriqol Vaşadze isə 37,74% səs toplayıb. Namizədlərin heç biri 50+1 faiz toplamadığından, ikinci tur keçiriləcək. Prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmamaq şərtilə baş tutmalıdır.
Seçkidə iştirak edən digər namizədlərin də səslərini müxalifət namizədlərinə verəcəklərinə dair mövqeləri Gürcüstan hakimiyyətini əməlli-başlı narahat etməyə başlayıb. Hiss olunur ki, onlar ikinci tura qədər müəyyən inzibati resurslar hesabına seçkinin taleyinə təsir göstərməyə çalışırlar. Bir neçə gün əvvəl Tiflisdə “Saakaşviliyə yox-onun partiyasına yox” şuarı ilə hakimiyyətlə razılaşdırılmış mitinq keçirildi. Mitinq iştirakçıları seçiciləri ikinci turda Saakaşvilinin partiyasının namizədi olan Vaşadzeyə səs verməməyə çağırıblar. “Mişaya yox” aksiyasının təşkilatçıları bildiriblər ki, ikinci tura qədər bir neçə belə aksiya keçirməyi planlaşdırırlar. Tiflisdə hakimiyyət tərəfindən təşkil olunan anti-Saakaşvili aksiyaları ikinci tur prezident seçkilərinin nəticələrini dəyişə bilərmi?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Gürcüstandakı seçkilərin birinci turda ortaya qoyduğu nəticələr hazırkı hakimiyyəti ciddi əndişəyə salıb:

“Gürcüstanda yarışan namizədlərin, əslində, hər birinin arxasında ciddi güc və liderlər durur. Mən deyərdim ki, bu, Saakaşvili ilə milyarder İvanaşvilinin döyüşünün ikinci raundudur. Həmin döyüşün birinci raundunda İvanaşvili qalib gələrək hakimiyyəti Saakaşvilidən ala bildi. Hazırda Saakaşviliyə Gürcüstanda cinayət işi açıldığı üçün, o, seçkilərdə namizəd ola bilmədi. Birbaşa qatıla bilmədiyi seçkilərdə o, öz partiyasından olan namizd Qriqol Vaşadzeni dəstəklədi. İvanaşvili də seçkidə iştirak etmir, bu səbəbdən də onun partiyası xanım namizəd Zurabişvilini dəstəkləyir. Buna həm də iqtidar-müxalifət mübarizəsi deyə bilərik”.

Ekspertin sözlərinə görə, birinci turdan sonra Tiflisdə məhz seçkidə iştirak edən namizədin əleyhinə deyil, Saakaşvilinin əleyhinə aksiyaların keçirilməsi palitranı aydın edir:

“Hakimiyyət artıq bilir ki, Gürcüstandakı vətəndaşlar indiki iqtidarın zamanı ilə Saakaşvili dönəmini analiz edib öz səslərini verirlər. Bu səbəbdən də onlar məhz Saakaşvilini hədəfə alırlar ki, bəlkə ikinci turda nəsə etsinlər. Amma düşünürəm ki, anti-Saakaşvili aksiyalarının ikinci turun nəticələrinə heç bir təsiri olmayacaq. Artıq müxalifətin iki namizədi – Qriqol Vaşadze və David Bakradze səslərini birləşdirmək haqda razılığa gəliblər. Bakradze bu barədə açıqlama verib. Bu da o anlama gəlir ki, Vaşadzenin səslərinin üzərinə 10 faiz də gələ bilər”.

Hakimiyyət namizədinin qalib gəlməməsində bizim soydaşlarımızın da rolu az olmayıb:

“Orada bizim 300 min soydaşımız yaşayır. Təbii ki, onların seçkiyə əhəmiyyətli təsiri var. Zurabişvili seçkiqabağı təbliğatda ermənipərəst mövqe sərgiləmişdi. Bu səbəbdən də soydaşlarımızın çoxu ona deyil, digər namizədə səs verdi. Çox təəssüflə özümüzlə bağlı bir faktı da sizin diqqətinizə çatdıracam. Bilirsiniz ki, ermənilər tez-tez bizim Tiflisdəki səfirliyimizin önündə aksiyalar keçirirdi. Biz də, öz növbəmizdə, ermənilərin qondarma soyqırımı qeyd etdikləri gün onların Tiflisdəki səfirliyi önündə aksiya keçirirdik. Saakaşvilinin hakimiyyəti dönəmində bunu maneəsiz etdik. Ancaq indiki hakimiyyət erməni səfirliyi önündə dinc aksiya keçirmək istəyinə görə mənə və rəhbəri olduğum təşkilatın rəhbərliyində təmsil olunan bir neçə şəxsə Gürcüstana girişə qadağa qoyub. Hesab edirəm ki, belə incə məqamların da seçkinin nəticəsinə ciddi təsiri olub”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Elçin Qurbanov: “Şübhəsiz ki, təmərküzləşmiş korrupsiyanın çiçəklənməsində sabiq Ali Məclisin sədri kənarda deyil”

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rəfael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …