Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Azərbaycanda hər hansı məhkumun acından ölməsi mümkündürmü?

Azərbaycanda hər hansı məhkumun acından ölməsi mümkündürmü?

Həbsdə olan bloger Mehman Hüseynovla bağlı yaradılan “ölüm aclığı” şousu bitdi. Amma mövzunun bitməyi bəzi reallıqları da üzə çıxarmış oldu. Məlum oldu ki, xaricdən himayə olunan bəzi qüvvələr hansısa bir gəncin üzərində siyasi oyun qurub, öz məqsədlərinə çatmaq üçün hətta həmin şəxsin ölməsini belə səbrsizliklə arzulayır və gözləyirmişlər. Məhz buna görə də hər an “Mehman aclıqdan ölə bilər” kimi şüarları dövriyyəyə buraxırdılar. Ən maraqlısı isə budur ki, həmin bu yalan onların xaricdəki havadarları tərəfindən də tirajlanırdı. Məlumdur ki, xaricdəki qüvvələr bir şəxsin həbsxanada aclıqdan ölə biləcəyi kimi yalana inanacaq qədər sadəlövh də deyillər. Sadəcə, situasiya, yalanın cəzbediciliyi onları qane etdiyi üçün, onun üzərində xüsusi dayanmalı olurdular. Avtomatik olaraq sual yaranır: Azərbaycan həbsxanalarında hansısa məhkumun acından ölməsi mümkündürmü? Həbsxana həyatına yaxşı bələd olanlar bilirlər ki, belə halın baş verməsi mümkün olan məsələ deyil.

Çünki Azərbaycandakı həbsxanalarda məhkumların qidalanmasına və sanitar-gigiyenik qaydalara xüsusi önəm verilir. Eyni zamanda, ölkənin iqtisadi gücü zəif deyil ki, həbsxanadakı məhkumlar yeməyə qida tapmayıb acından ölsünlər. Bu versiya istisna olunursa, onda məsələnin başqa istiqamətlərinə diqqət edək. Xatırladaq ki, Penitensiar Xidmət müəssisələrində müəyyən edilən rejim qaydalarına uyğun olaraq, məhkumlara 3 dəfə yemək verilir. Eyni zamanda, məhkumlar evdən onlar üçün gətirilən sovqatlarla da qidalana bilərlər. Məhkumların qidalanması hər bir müəssisədə olan yeməkxanada baş tutur. Məhkumların qeydiyyatda olduqları dəstələrin rəislərindən tutmuş, bütün rejim və əməliyyat heyəti həmin prosesdə yaxından iştirak edir. Sayla bilirlər ki, neçə nəfər yeməkdə iştirak edir, neçəsi yoxdur. Müəssisənin daxilində olan, xəstə məhkumların saxlandığı tibb hissəsi və inzibati tənbehlə cəzalandırılaraq cərimə təcridxanasında saxlanan məhkumların sayına uyğun olaraq, onların yeməkləri olduqları yerə aparılır. Yəni bütün bu faktlar sübut edir ki, hansısa məhkumun nəzarətdən kənarda qalıb, acından ölməsi faktı da mümkün deyil. Qaldı hansısa məhkumun nəyəsə etiraz edib, aclıq aksiyası keçirməsi nəticəsində acından ölməsi ilə bağlı versiyaya, bu da birmənalı şəkildə mümkün deyil.

Çünki Penitensiar Xidmət müəssisələrində xidmət aparan şəxsi heyət həm də məhkumaların təhlükəsizliyi və sağlamlığına cavadehlik daşıyır. Buna görə də kiminsə könüllü surətdə ac qalaraq özünə qəsd etməsi qanunvericiliyin tələbləri ilə də qadağan edilir. Cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirmək daxili rejim qaydasının pozulması anlamına gəlir. Əvvəlcə həmin fikirdə olan məhkumla profilaktik söhbət aparılır, onun hansı səbəbdən belə aksiyaya əl atmaq istədiyi öyrənilir. Əgər məhkuma hansısa haqsızlıq olubsa, dərhal həmin istiqamətdə araşdırmalar aparılır. Məsələ müəssisə rəhərliyinin səlahiyyəti çərçivəsindədirsə, ona bir əncam çəkilir ki, məhkum fikrindən daşınsın. Yox, hansısa məhkum tələbində israrlıdırsa, onu cərimə təcridxanasına yerləşdirirlər.

Bir az əvvəl qeyd etdik ki, həmin addım rejim qaydasının pozulması anlamına gəlir. Məhkum cərimə təcridxanasında saxlandığı kamerada da ona təklif olunan yeməkdən imtina edə bilər. Ancaq daxili qanunvericiliyə görə, onun məcburi qidalanmasına cəhdlər edilir. Bu da səmərə verməyəndə, həmin məhkumun orqanizminə tibbi preparatlar vasitəsilə qidanı əvəz edən mayelər köçürülür. Bundan əlavə, qidadan son ana qədər imtina edən məhkum xüsusi həkim nəzarətində olur. Müəssisənin tibbi personalı gün ərzində bir neçə dəfə onun təzyiqini, ürək döyüntülərini ölçür. Bu baxımdan da tutduğu mövqeyindən, siyasi mənsubiyyətindən və etdiyi tələbin növündən asılı olmayaraq, hansısa məhkumun Azərbaycan həbsxanasında acından ölməsi qeyri-mümkündür! Bu yöndə cəmiyyətə sırınan yalanlara isə siyasi spekulyasiyadan başqa hansısa adı vermək olmaz.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …