Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Manşet / Aslan İsmayılov idi də AXCP ilə “söyüşür” – virtual savaş qızışır

Aslan İsmayılov idi də AXCP ilə “söyüşür” – virtual savaş qızışır

“Bu dəfə pis ilişmisiz, Aslan bəy…”

Sosial şəbəkədə yeni virtual müharibə başlanıb. Musavat.com xəbər verir ki, vəkil Aslan İsmayılovun Azərbaycan müxalifəti ilə bağlı yazdığı tənqidi status ciddi müzakirə və mübahisələrə səbəb olub.

A.İsmayılovun statusunu təqdim edirik: “25 il ərzində heç bir islahata, dəyişikliyə nail ola bilməyən, bugünkü hakimiyyətin formalaşmasında müstəsna rolu olan müxalifətin, ümumiyyətlə, yaşlı nəslin bu gün gənc siyasi fəallara irad tutmasını, ağıl verməsini heç cür başa düşmürəm və qəbul etmirəm. Əgər bu qədər ağıllı idinizsə, niyə cəmiyyətimiz bu gündədir? Yüzlərlə üzvlərinizin, silahdaşlarınızın həbs olunmağını, uzun illər ehtiyac içində yaşamağınızı, məhrumiyyətlərə məruz qalmağınızı heç kim danmır. Ancaq, axı müxalifətin əsas vəzifəsi sadalananlar və mitinq keçirmək deyil. Real nəticələr yoxdursa, demək, bacarmadınız. Bacarmayanlar isə geri çəkilib meydanı gənclərə verməlidirlər. Bunu etmək istəmirsiniz, heç olmasa onda gənc fəallara qarşı qarayaxma kampaniyasını aparmayın. Deyəcəksiniz ki, etmirik. Bu səmimi deyil, edirsiniz, özü də çox namərdcəsinə. Bunu şəxsən öz taleyimdə görmüşəm. Sizinlə və yaxınlarınızla heç bir ortaq işimiz olmasa da, siyasi iddiamın olmadığını bilsəniz də, haqqımda uydurmadığınız iftira, səsləndirmədiyiniz təhqirlər olmadı. Bəli, bunu rəhbərləriniz etmədi, ancaq onların başçılığı və diqtəsi ilə silahdaşlarınız etdi. Siz bu 25 ili bir yol tutdunuz ya bizimləsiz, ya da düşmənsiniz. Xoş niyyətlə hər səsləndirdiyim irada təhqirlər, böhtanlar yağdırdınız. Ziyalı təbəqəsini bu yolla ictimai həyatdan küsdürdünüz, bir çox müxalifətçiləri zorən hakimiyyətin qucağına itələdiniz. Çoxları hakimiyyətdən qorxduğu kimi sizdən də haqqınızda tənqidi fikir səsləndirməyə qorxdu. Hamıdan sizin oyununuzu oynamağı tələb etdiniz, tabe olmayanları gözümçıxdıya saldınız. Belələri hakimiyyətdən çox sizdən mənəvi əzab gördülər, çünki daxilən sizə yaxın olmaq, kömək etmək istəyirdilər.

Gənc siyasi fəallara müraciət edirəm. Əsla bunlarla nəinki mübahisəyə, təmasa belə girməyin, uduzacaqsınız, çünki bunların bu illər ərzində mükəmməl mənimsədiyi intriqaları, dağıdıcılıq qabiliyyətini siz heç vaxt bacarmazsınız. Ona görə də heç nəyə və heç kimə fikir vermədən yolunuza davam edin. Ən əsası keçmişə baxıb, ən faciəli səhvi, qısqanclıq hissini unudun. Nəticə olanda hamınız qəhrəmansınız, yox, bu günkü müxalifətin aqibətini yaşayacaqsınız. Ona görə ümumi iş üçün çalışın, bir birinizin uğuruna sevinin. Bu Vətən hamımızındır”.

A.İsmayılovun bu statusu müxalif fikirli insanlar arasında ciddi narazılıq yaradıb. Onlar müxtəlif arqumentlərlə vəkilə etiraz ediblər. Etiraz edənlərdən biri jurnalist Alı Rza olub. O, aşağıdakı formada öz mövqeyini bildirib: “Düz deyirsiz, Aslan bәy, bacarıqsız müxalifәtdi. 10 ildәn çoxdu Bakıda özünә bir qәrargah tәmin edә bilmir. Götürdüyü qәrargahı әlindәn alıb gah qapısın qaynaqlayırlar, gah partladırlar. Ölkә boyu bircә Şәkinin kәndindә qәrargahı qalmışdı, ordan da vurulub çıxarıldı. Amma siz, maşallah, müstәsna bacarığınız sayәsindә Bakının göbәyindә, Tarqovıda ofis saxlayırsız, hәm dә şәxsi mülkiyyәtiniz olaraq”.

“Azadlıq” qəzetinin mühacirətdə olan daha bir əməkdaşı Natiq Ədilovun A.İsmayılova cavabı isə daha sərt və təhqiramiz tonda olub: “Axır ki, Aslan İsmayılovun da zamanı çatdı. Müxalifətə qarşı kampaniyaya o da qoşuldu və ya qoşdular. Aslan bəy müxalifəti “25 il ərzində heç bir islahata, dəyişikliyə nail ola bilməməkdə” qınayıb. Bununla da son 25 ilin məşəqqətli nəticələrinə görə məsuliyyəti öz aləmində Əliyevlərin çiynindən götürüb qoyub müxalifətin çiyninə. Aslan bəy bilmir ki, 25 ildə islahat aparmaq iqtidarın işi idi? Bilmir ki, 25 ildə yalnız oğrular və korrupsionerlər “nələrəsə” nail olub? Bütün dürüst adamlar isə bu ölkədə nələrinisə itirib?Ailə diktaturasının hökm sürdüyü ölkədə islahatların olmamasına görə bu qədər siyasi məhbusu olan, bu qədər itkilər vermiş müxalifəti qınamaq sadəcə səhv deyil axı. Məqsədli şəkildə xalqı aldatmaq istəyidir.

Aslan bəy cavab verə bilərmi mənim sualıma: Özbəkistanda, Türkmənistanda da dəyişikliklərin qabağını Əli Kərimli ilə Cəmil Həsənli alıb? Bu şərtlər altında sivil üsullarla nələrsə etmək mümkün idisə, nəyə görə Vəkillər Kollegiyasındakı yerini mübarizə ilə geri ala bilməyib? Sizin məntiqlə özü-özünə vəkillik edə bilməyən birinin başqalarına vəkillik etmək fikrinə düşməyə haqqı varmı?

Hər seçkidən sonra elan edirdiz ki, seçildim, mandat almağıma imkan vermədilər. Niyə parlament seçkilərində qələbələrinizi heç vaxt rəsmiləşdirə bilmədiniz? Yalnız zorun hakim olduğu ölkədə belə əsassız qınaqlarla müxalifətə az da olsa zərbə vurmaqla rejimin işinə yaradığınız aydın deyilmi?

Aslan İsmayılov müxalifəti “bu günkü hakimiyyətin formalaşmasında müstəsna roluna” görə tənqid edib. Gülməyin, belə də yazıb. 1993-cü ilin iyun çevrilişi günlərində Heydər Əliyevi müdafiə etmək üçün dəridən –qabıqdan çıxan, Heydər Əliyevə görə Əliyev əleyhdarlarına olmazın sözünü deyən bir şəxs utanmadan müxalifəti indiki hakimiyyətin formalaşmasında roluna görə tənqid edir.

Xub, tutaq ki, Əbülfəz Elçibəyin Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməsini başqa cür yozdun. Hərçənd, rəhmətlik sağlığında bu dəvəti yetərincə izah edib. Çevrilişçilərə qarşı Heydər Əliyevlə koalisiya qurmaq istədiyini, prezidentlik vəzifəsini isə qətiyyən ona vermək istəmədiyini dönə-dönə izah edib. Axı o zaman 1-2 ay öncə dövlət katibi təyin olunmuş Əli Kərimlinin Heydər Əliyevin Bakıya dəvət olunmasına qarşı olduğunu bütün vicdanlı adamlar bilir axı. Bütün bunları bilə-bilə məlumatsız gəncləri çaşdırmaq, müxalifətə şər atmaq 60 yaşlı bir adama heç yaraşmaz.

Yaş demişkən, necə olur ki, siz öz 60 yaşınızda hamıya dərs keçmək, hər şeyi hamıdan yaxşı bilmək iddiasına düşürsüz, ancaq sizdən 7-8 il cavan Əli Kərimlinin artıq vaxtının keçdiyini elan edirsiz? Bilirsiz ki, sizin istiqamət verdiyiniz “yeni qüvvələrin” əksəriyyəti elə Əli Kərimli ilə eyni nəslin adamlarıdır (bu yepyenilərin içində Əli bəydən yaşca böyüklər də var)? Onlar vaxtında tələbə hərəkatı lideri ola bilmədiklərindən, xalq hərəkartında iştirak etmədiklərindən, ömürlərini Əliyevlərlə mübarizədə çürütmədiklərindən “yeni”, “gənc” qalıblar?

Ümumiyyətlə, bu yaş söhbəti gülünc deyilmi? Azərbaycan xalqı 2013-cü ildə indi hədəf seçdiyiniz Cəmil Həsənliyə səs vermədimi? Qonşu İranda Yaşıl inqilabın liderlərinin yaşı 68 və 72 deyildimi? Türkiyədə ana müxalifət lideri Kamal Qılıcdaroğlu 70 yaşının içində deyilmi? 72 yaşlı Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olmasından rejim qorxuya düşməmişdi? Onun qarşısını İlham Əliyev Putinlə birlikdə almadımı? 1993-cü ildə hakimiyyətə çevrilişlə gəlişini dəstəklədiyiniz Heydər Əliyev o zaman 70 yaşını arxada qoymamışdımı?

Aslan bəy, sizi danışdıran təkcə yaxın olduğunuz Paşayevlər klanı deyil. Həm də sizin şəxsi paxıllığınızdır. Sizin siyasi lider olmaq arzunuz olub, bacarmamısınız, bacaranlara paxıllıqdan düşmən kəsilmisiniz. Sizin yaxşı hüquqşünas olmaq arzunuz olub, alınmayıb, bəli, siz “iş görən” vəkil ola bilmisiniz, ancaq hüquq əhli sizi heç vaxt yaxşı hüquqşünas saymayıb, ona görə də ölkənin bütün peşəkar hüquqşünaslarına düşmən kəsilmisiniz. Sizin hörmətli ziyalı olmaq arzunuz olub, ancaq yetərincə müdrük, alicənab ola bilmədiyinizdən bu da sizdə alınmayıb. Hörmətli ziyalılarla yola getməməyiniz də burdan doğur.
Ancaq sosial şəbəkə fəalı, bloqçu olmaq sizdə alınıb, sosial mövzuları yaxşı işləyirsiniz. Sizin Onkoloji mərkəzlə, AZAL-la apardığınız mübarizəni hətta mən də dəstəkləyirəm. Hərçənd ki, AZAL-la mübarizənin də, Onkoloji mərkəzlə mübarizənin də arxasındakı motivin hakimiyyət daxilindəki klanlardan birinin digərini vurması olduğunu hamımız bilirik, ancaq həmin rüşvət yuvalarını vurun, sizinki belə xırda işlərdir. Siyasət, başqalarına yol göstərmək isə sizdə alınmaz. Boşuna cəhd etməyin. Siyasətdə uğur qazanmanın 1-ci şərti müstəqillikdir. Siz isə müstəqil deyilsiz. Hətta Əli Həsənovla davanız da öz təşəbbüsünüz deyil. Çox şükürlər olsun ki, xalqımız ayıq və məlumatlıdır. Reklamla böyütdüyünüz səhifəyə də çox güvənməyin. Hökumətin əlində bir milyon və daha çox adamın bəyəndiyi səhifələr də var. Nə edə bilirlər? Sizin o böyük səhifənin də 3-4 yazılıq canı var. Mənim yazıma görə üzv olduğum partiyanı və Milli Şuranı da şantaj etməyin. Bu dəfə pis ilişmisiz. Sizə söz verirəm, lazım olsa, hətta partiyadan, Milli Şuradan da çıxaram, ancaq siz müxalifəti gözdən salmaqdan əl çəkib, sosial mövzularınıza qayıtmayınca, mən də bildiklərimi xalqımızla bölüşməkdə davam edəcəm”.

Musavat.com

VIPedu.BIZ

Həmçinin oxuyun

Abel Məhərrəmov özünü necə yandırdı? – Prezident rektoru bu səbəbdən qovdu / Sensasiya

Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə …