Ana səhifə / Manşet / Akademik, səfir, həm də çaxır alverçisi…

Akademik, səfir, həm də çaxır alverçisi…

Çaxır macərası

Gündəm BDU-nun artıq keçmiş rektoru Abel Məhərrəmovun çaxır macərasıyla dolub-daşır.

İspaniya paytaxtı Madridə Azərbaycanın milli maraqlarına uyğun beynəlxalq tədbir üçün getmiş heyət geri dönüb. Lakin aradan keçən bu müddət ərzində tədbirin özündən deyil, məhz bu şəxsin macəralarından danışılır. Halbuki Abel Məhərrəmovla bərabər çox sanballı və hörmətli bir heyətin qatıldığı Madriddəki o tədbirin mahiyyəti bizim üçün daha önəmlidir.

İşlərin belə getməsi təsadüfi deyil. İlkin yanaşma necə olubsa, nəticə də elə olmalıydı. Yəni qosqocaman bir akademik, Azərbaycan ali təhsil müəssisələrinin flaqmanı olan BDU kimi bir təhsil müəssisəsinin rəhbəri sadəcə xırda ticarətçi təfəkkürüylə davranarsa, elə belə də nəticə olmalıdır. Tam məntiqli bir nəticə özü də.
…Mən tez-tez xaricdə oluram. Müxtəlif yüksək platformalarda Azərbaycan mediasını və QHT sektorunu təmsil edirəm. Ölkəm adına gedirəm, yüksək tribunalardan çıxış edirəm. Dövlətimin və millətimin mənafeləri hər zaman mənim üçün hər şeydən üstün olub, olmağa da davam edəcək. Ona görə də istər lap yaxın, istərsə də lap uzaq ölkələrə gedəndə oturuşuma-duruşuma, davranışlarıma diqqət edirəm. Hətta qalmağa otel də seçəndə çalışıram ki, həm cibimə uyğun olsun, həm də çox ucuz olmasın ki, başqalarının gözündə zəif görsənməyək. Mənimlə səfərdə olanlar bilir və hər zaman təəccüb edir: getdiyim ölkələrdə bazar-dükan bilmərəm.

Gedərkən özümlə ən gərəkli vasitələri götürər, gələrkən də elə onlarla geri dönərəm. Ən yaxşı halda evə bir neçə şokolad qutusu, yaxud da çox xırda və ucuz suvenirlərlə dönərəm. Hətta bəzən elə olur ki, getdiyim tədbir qaldığım oteldə keçirilərsə, oteldən bayıra da çıxmaram. Təyyarədən enib otelə, oteldən də qalxıb təyyarəyə qədər gələrəm. Əlbəttə, istisna hallar da olur. Dostlar gəzinti təklif edir, hardasa birlikdə yeməyə dəvət edir, buna da açığam hər zaman. Demək istədiyim odur ki, özümü gözütox aparar, kənardan baxanların şəxsimi görüb də millətim haqqında pis düşünməsi üçün səbəb vermərəm.

Bütün bunlar heç kimdə təsəvvür yaratmasın ki, çox qapalı, qaraqabaq birisi kimi davranıram. Əsla elə deyil. Lazım gələndə diskotekaya da gedirəm, əylənirəm də. Amma bunu da həddində, uyğun adamlarla, uyğun yerdə edirəm. Ki, kənardan baxanlar bizi ucuz əyləncə ardınca qaçan görməsin. Misal üçün, sonuncu dəfə diskotekaya Astanada, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Dəriğə Nazarbayevanın dəvətilə getmişdim. Özü də hardasa 20 nəfərlik bir heyətlə.

Haşiyə: Ötən il dostlardan biri ilə Fransanın Strasburg şəhərində səfərdəydik. Bu dostumuz tez-tez siqaret çəkirdi. Çəkdiyi siqareti də hara gəldi atırdı. Təbii ki, belə bir davranışa dözə bilməzdim və iradımı həmən bildirdim. Xahiş etdim ki, belə davranmasın. O da cavab verdi ki, görmürsən, burda hamı siqareti hara gəldi atır? Dedim ki, hamı elə ola bilər, amma biz öz millətimizin övladı olaraq belə davranmamalıyıq. Çünki kənardan baxanlar var, ən azından mənim başımdakı papağa görə bizim Azərbaycanlı olduğumuzu bilənlər olacaq. İndi onlar bir Azərbaycanlının küçəyə siqaret atmasını görüb haqqımızda nə düşünərlər?

Bu cür misalları çox çəkə bilərəm. Kanada-ABŞ-dan tutmuş Koreyaya qədər böyük coğrafiyada fərqli millətlərin arasında olmuşam. Hər zaman da bir Azərbaycanlı olaraq özümü yaxşı tərəfdən təqdim etmişəm, dövlətim və xalqım haqqında yaxşı təəssürat yaratmağa çalışmışam.
Ümumiyyətlə isə düşünürəm ki, Azərbaycandan kənara çıxan hər kəs məhz belə davranmalıdır. Əgər söhbət yüksək səviyyəli təmsilçilərdən gedirsə, onlar bizdən qat-qat artıq məsuliyyətli davranmalı, bizə örnək olmalıdır.

O cümlədən də Abel Məhərrəmov kimi akademik və rektorlar. O cümlədən də Abel Məhərrəmovun İspaniyada səfir işləyən oğlu Anar Məhərrəmov da…
Bəlli olur ki, Abel Məhərrəmovun çaxır macərasının bir iştirakçısı və təşkilatçısı da səfir Anar Məhərrəmov imiş. Şəxsən mən belə bir işə təəccüblənirəm. Amma bir çoxları təəccüblənmir. Niyə? Çünki sən demə bu hal adi halmış…
Ən acınacaqlısı isə odur ki, Azərbaycanın bir çox ölkələrdəki səfirləri məhz səfirlikdən başqa hər cür işlə – çox zaman da ticarətlə məşğuldur…

Baş vermiş və hələ də gündəmi məşğul edən bu olay Azərbaycan adına böyük ayıbdır. Əgər bir ölkənin akademiki, səfiri sadəcə xırda tacir təfəkkürlüdürsə, başımıza gələnlərə – dünyanın bizə qarşı ikili standartlarına heç də təəccüb etməməliyik!
Abel Məhərrəmov və oğlu – səfir Anar Məhərrəmovun daşıdıqları yüksək adları bu qədər ucuza mal etməsi bir ölkə üçün həqiqətən də böyük biabırçılıqdır. Belə anlaşılır ki, adamlar var-dövlət, vəzifə sahibi ola bilirlər, amma ona uyğun səviyyəni mənimsəyə bilmirlər…

Abel Məhərrəmov və Anar Məhərrəmov olayından hərəkət edərək Azərbaycan dövləti hər iki şəxsin təmsil etdiyi sahələrdə ciddi təmizləmə və islahat aparmalıdır. Çünki abellər-anarlar tək deyil. Təəssüf ki, əlbəttə…
Sözardı: BDU mənim üçün hər zaman doğma ocaq olub, olacaq da. Hər zaman fəxrlə deyirəm ki, oranın məzunuyam. Abel Məhərrəmovla şəxsən yaxınlığım olmasa da ona az-çox rəğbətim vardı. Mənim gözümdə bu şəxs akademik idi. Amma indi bəlli olur ki, sadəcə bir ucuz ticarətçiymiş…

Sözardına sözardı: Səfir Anar Məhərrəmovun adını ilk dəfə məhz bu qalmaqalla öyrənmiş oldum. Və çox təəssüf! Bir səfirin adı sadəcə çaxır alverinə görə deyil, dövlətinin mənafe və maraqlarını ən yüksək səviyyədə qoruduğuna görə hallanmalıdır…

Azər HƏSRƏT,

Əməkdar jurnalist

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …