Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Manşet / Əsl “istiqlalçı deputatlar” Naxçıvan Ali Məclisinindəki “demblok” təmsilçiləri olub!

Əsl “istiqlalçı deputatlar” Naxçıvan Ali Məclisinindəki “demblok” təmsilçiləri olub!

“Azərbaycanda ilk dəfə olaraq biz 1990-cı il noyabr ayının 17-də Naxçıvanın adından Sovet Sosialist sözlərini çıxardıq”

Bünyamin Qəmbərli: “Elə həmin gün Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağını Naxçıvan MR-in rəsmi bayrağı kimi elan etdik”

Parlamentin son plenar iclasında “istiqlalçı deputatlar” mövzusu ətrafında kiçik fikir ayrılığı yaranıb. Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib ki, tez-tez mətbuatda “istiqlalçı deputatlar”la bağlı müzakirələr aparılır: “Həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub, onların hamısı ölkənin müstəqilliyinə səs verib.
Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar. Onlar özlərini “istiqlalçı” hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin”.
Deputat bildirib ki, bütün hallarda, bu məsələlərə son qoymaq lazımdır: “Azərbaycanın müstəqilliyinin elan olunmasında 350 deputatın hamısı iştirak edib. Burada insanları ayırmaq olmaz. Bəyəm, kommunist istəmirdi ki, Azərbaycan müstəqil olsun? Oqtay Əsədovdan xahiş edirəm ki, tapşırıq versin, o siyahı açıqlansın”.
Deputat Fərəc Quliyev isə S.Novruzovun mövqeyinə etiraz edib. O qeyd edib ki, yalnız “istiqlalçı deputatlar” SSRİ-nin saxlanmasına etiraz edib, Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər.
Ən maraqlısı isə budur ki, Azərbaycanın müstəqilliyini səciyyələndirən milli dövlət atributları və digər mühüm məsələlərlə bağlı qərarlar ilk olaraq Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilib. Yəni həmin proseslərdə Azərbaycanın tərkib hissəsi olan Naxçıvan öndə gedirdi. Ancaq, nədənsə, “istiqlalçı deputatlar” deyəndə həmin parlamentdə bu cür mühüm qərarların qəbul olunmasında iştirak edən Naxçıvan Ali Məclisinin o vaxtkı millət vəkilləri yada düşmürlər.

Biz bu mövzuda 1990-95-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuş Bünyamin Qəmbərli ilə söhbət etdik. Sabiq millət vəkili “Bakı-Xəbər” qəzetinə  açıqlamasında bildirdi ki, əgər söhbət Azərbaycan Xalq Cumhuriyyətinin varisliyi ilə bağlı atılan addımlardan gedirsə, onda Naxçıvan Ali Məclisinin göstərdiyi səyləri unutmaq lazım deyil: “Bura milli yöndə qərarların qəbul edilməsini aid ediriksə, bu proses Naxçıvandan başlayıb. O vaxtkı Azərbaycan parlamentində Heydər Əliyevə çıxış imkanı verilməyəndə, Naxçıvanda Heydər Əliyev sədr seçildi. Azərbaycan parlamentində SSRİ-nin tərkibində qalmaqla bağlı referendum keçirmək qərarı qəbul ediləndə, Naxçıvan parlamenti həmin referendumu boykot etdi. Azərbaycanda ilk dəfə olaraq biz 1990-cı il noyabr ayının 17-də Naxçıvanın adından Sovet Sosialist sözlərini çıxardıq. Elə həmin gün Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağını Naxçıvan MR-in rəsmi bayrağı kimi elan etdik və qanunvericilik təşəbbüsü ilə Azərbaycan parlamentinə müraciət etdik. Söhbət Xalq Cumhuriyyətinə bağlılıqdan, onların ideyasının yaşadılmasından gedirsə, təbii ki, bu, ilk növbədə, Naxçıvana aid edilməlidir. Həmin vaxt Heydər Əliyev Naxçıvan parlamentinə sədrlik edirdi. O vaxt Naxçıvan parlamentində 37 demokrat deputat vardı. Bu siyahıya Heydər Əliyev də daxil idi. O vaxt orada olan kommunst deputatlar da bizə bu cür qərarların qəbul olunmasında maneçilik törədirdilər. Təbii ki, mən bu məsələdə Azərbaycan parlamentində olan “demblok” təmsilçilərinin də haqqını danmaq istəmirəm. Çünki Azərbaycan Xalq Cumhuriyyətinin varisi Azərbaycan elan oluna bilərdi. Bu qərar da Azərbaycan parlamentində verilməli idi. Bizdən sonra olsa da, bu yöndə kifayət qədər xidmətləri olan millət vəkillərimiz var”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …