Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Əli Hüseynlinin “Azərbaycan KTMT-də” ideyasına ziddiyyətli baxışlar var…

Əli Hüseynlinin “Azərbaycan KTMT-də” ideyasına ziddiyyətli baxışlar var…

Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri, Azərbaycan Milli Məclisinin Hüquqi məsələlər və dövlət quruculuğu üzrə komitəsinin sədri Əli Hüseynli haqqın-az-a verdiyi son müsahibəsində maraqlı və rezonans doğura biləcək fikirlər səsləndirib.

Xüsusilə də Ə.Hüseynlinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ölkəmizin üzv olmasının nəzərdən keçirilməsinin mümkünlüyü barədə fikirlərini və bu ideyanı dolayısı ilə dəstəkləməsini vurğulamaq olar. Jurnalistin “Hesab edirsiniz, vəziyyət o qədər dəyişib ki, indi biz KTMT-yə daxil ola bilərik?” sualına Ə.Hüseynli belə cavab verib: “Şübhəsiz, ötən əsrin 90-cı illərində mövcud olan vəziyyət hazırda müşahidə etdiyimiz vəziyyətdən köklü şəkildə fərqlənir. 2002-ci ildə KTMT-nin tam dəyərli beynəlxalq təşkilata çevrilməsi barədə qərar qəbul olunub. İndi də KTMT-ni sırf hərbi blok kimi nəzərdən keçirməyə dəyməz. Bu daha çox hərbi təhlükələrdən savayı, təhlükəsizlik problemləri, beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, kibercinayətkarlığa qarşı fəaliyyətlə məşğul olan regional beynəlxalq təşkilatdır.

Son illər Azərbaycan və Rusiya hərbi-texniki sahədə effektiv əməkdaşlığa nail olublar. Ölkəmiz müasir Rusiya silahının iri idxalçısıdır, özü də Ermənistandan fərqli olaraq, buna görə “diri” pul ödəyir. Bu əməkdaşlıq uzunmüddətli xarakter daşıyır, belə ki, silahların yeni partiyalarının alınması ilə yanaşı, bu həm də onların ehtiyat hissələrinin alınmasını, texnikaya texniki xidməti, yerli mütəxəssislərin hazırlanmasını özündə ehtiva edir. Ən müasir hərbi texnikanın alınması üzrə yeni çoxmilyardlıq müqavilələrin imzalanması imkanlarına baxılır.

Bununla birlikdə, həll edilməmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizlik üçün təhlükə olaraq qalır və Cənubi Qafqaz regionunun sonrakı inkişafını ləngidən amil olmaqla yanaşı, regionlararası, o cümlədən Azərbaycan-Rusiya əlaqələrinin də inkişafına təsir edir. Paradoksal vəziyyət yaranır: Ermənistan rəsmən KTMT üzrə Rusiyanın müttəfiqidir və bu müttəfiqlik münasibətləri Rusiyanın üzərinə müəyyən öhdəliklər qoyur. Lakin onun “müttəfiqi” getdikcə daha açıq şəkildə özünün Qərbyönümlülüyünü və NATO xətti ilə qarşılıqlı fəaliyyətin möhkəmlənməsində maraqlı olduğunu nümayiş etdirir.

Azərbaycan isə, mahiyyətcə, Rusiyanın müttəfiqi olsa da, formal olaraq bu statusa malik deyil və bu onu Ermənistanla fərqli vəziyyətə qoyur. Azərbaycanın KTMT-yə qoşulacağı halda isə Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün bu təşkilat üzrə iki tərəfdaş arasında münaqişəyə çevriləcək və bu ona əsas verəcək ki, münaqişənin həlli istiqamətində özünün vasitəçilik səylərini fəallaşdırsın. Həmçinin, bu təşkilatın üzvü olan ölkələr Azərbaycanın ərazi bütövlüyü prinsipini sözsüz dəstəkləyirlər və torpaqlarımızın işğaldan azad olunmasını tələb edirlər.

Daha bir vacib amili nəzərə almaq lazımdır. Zəngilanı, Cəbrayılı, Füzulini işğal edərək, erməni rejimi bu istiqamətdə İranla sərhədə çıxıb və de-fakto Azərbaycan-İran sərhədinin bu hissəsinə anti-Rusiya, Qərbyönümlü Ermənistan tərəfindən nəzarət olunur. KTMT çərçivəsində isə İranla sərhədlərimizin bu hissələrində Azərbaycanın nəzarətini bərpa etmək üçün daha çox imkanlar yaranacaq.

Şübhəsiz ki, bu cür əsaslı amillərlə yanaşı, KTMT-də iştirak həmin təşkilatın üzvü olan ölkələrdə istehsal edilən silahların alınmasında güzəştli qiymətlər kimi iqtisadi üstünlüklərə də malikdir. Eyni zamanda, KTMT üzrə tərəfdaşların aparıcı profil təhsil müəssisələrində hərbi mütəxəssislərin təhsil alması imkanı yaranır. Bu səbəbdən Azərbaycanın KTMT-yə mümkün üzvlüyü ideyasına tam diqqətlə yanaşmağa dəyər”.

Müxbirin “KTMT-də əməkdaşlıq özündə suverenliyimiz üçün təhlükə ehtiva etmirmi” sualını isə komitə sədri belə cavablandırıb: “Məgər Qazaxıstan, Tacikistan, Belarus kimi bizə dost ölkələr bu təşkilatda olduqları uzun illər ərzində suverenliklərini itiriblər? Əksinə, onlar öz müstəqilliklərini yalnız möhkəmləndiriblər. Buna görə də həmin arqumentin heç bir ciddi əsası yoxdur.

Bax, buna görə mən hesab edirəm ki, müasir reallıqları, yeni geosiyasi vəziyyəti, Cənubi Qafqazda Azərbaycanın lider rolunu və ölkəmizin artan hərbi gücünü nəzərə almaqla KTMT-də iştirakımız haqqında məsələni nəzərdən keçirmək məqsədəuyğun olardı.

Axı biz onsuz da hərbi sahədə Rusiya ilə sıx əməkdaşlıq edirik. Əlbəttə, Ermənistan istisna olmaqla, KTMT-nin digər ölkələri ilə də bizim dostluq münasibətlərimiz mövcuddur və təhlükəsizlik sahəsində əməkdaşlıq edilir. Bu mənada da həmin təşkilatda üzvlük bizə KTMT-dəki prosesləri yalnız müşahidə etmək deyil, həm də onlara təsir etmək imkanı yaradacaq. Bunu da nəzərə almaq gərəkdir ki, istənilən ölkə istənilən vaxt bu təşkilatı tərk edə bilər və burada qərarlar konsensus əsasında qəbul edilir. Buna görə də mən ölkəmizin KTMT-də iştirakında hər hansı ciddi təhlükə görmürəm. Həm də bu təşkilatda müşahidəçi ölkə statusundan da başlamaq olar”.

Əli Hüseynli ranqında olan rəsmi şəxsin “ölkəmizin KTMT-də iştirakında hər hansı ciddi təhlükə görmürəm” kimi açıqlamasına ekspertlərin münasibəti necədir?

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbr”ə  bildirdi ki, bu olduqca ciddi mövzudur və buna subyektiv mülahizələr əsasında yanaşmaq doğru olmaz: “Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Bu təşkilat da üzvü olan ölkələrə hər hansı bloka daxil olmağı qadağan edir. Biz yaxın 3 il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcəyik. Bu baxımdan da dediyiniz məsələ yaxın zamanlarda gündəlikdə deyil. Mövzunun gələcəkdə müzakirə edilib-edilməyəcəyi barəsində də mən hər hansı bir məlumata malik deyiləm. Bilirsiniz ki, dünyada iki ciddi hərbi blok var. Onlardan biri də KTMT-dir və bura üz olub-olmamaqla bağlı qərar ciddi müzakirələrdən sonra verilə bilər”.

 

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu olduqca ciddi məsələdir: “Bilirsiniz ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Bu səbəbdən də biz lap əvvəldən sözügedən ittifaqa, xüsusilə də onun hərbiləşdirilmiş qolu olan KTMT-yə ehtiyatlı yanaşmışıq. Üstəlik, həmin təşkilatda Ermənistan da təmsil olunur və onların məsələyə veto qoymaq kimi bir hüququ var. Bu açıqlamadan belə başa düşdüm ki, biz təcavüzkar ölkə ilə eyni hərbi-siyasi bloka girmək istəyirik. Azərbaycan həm də Avropa Birliyi ilə saziş imzalayıb. Düzdür, həmin saziş ikitərəflidir. Yəni kimsə həmin sazişə görə bizə irad tuta bilməz ki, hansısa quruma daxil olmayaq. Amma məsələ burasındadır ki, ortada Ermənistan faktoru var və bu ciddi nəzərə alınmalıdır. Azərbaycanın dünya çapında çəkisi var. Bizim hansısa birliyə girməyimiz həmin qurumun çəkisini artıran amil olar. Biz öz dividendlərimizi boş yerə xərcləməməliyik. Bunun müqabilində hansısa geostrateji dividend əldə etməliyik ki, belə bir addımın doğru atıldığını əsaslandıra bilək. Bizim üçün ən birinci məsələ, təbii ki, işğalçı Ermənistanı torpaqlarımızı azad etməyə məcbur vəziyyətə salmaqdır. Ə.Hüseynli deputat kimi öz fikirlərini ifadə edir, amma dövlətin siyasətində atılan hər bir addım gətirə biləcəyi dividendlərə uyğun hesablanmalıdır. Bu siyasi dividend isə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ola bilər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …