Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Əli Əliyev: ” Təslim olmayanların özləri elə qalibdirlər”-MÜSAHİBƏ

Əli Əliyev: ” Təslim olmayanların özləri elə qalibdirlər”-MÜSAHİBƏ

Əli Əliyev uzun müddətdir siyasi arenadadır. Onunla jurnalist-siyasətçi kimi təmaslarımız çox olub. Hər zaman hadisələrə dəqiq və rasional münasibəti ilə seçilib. Əli bəy peşəkar siyasətçi kimi istənilən forsmajor vəziyyətə hazır olub və yəqin ki, bu səbəbdəndir 6 aylığı bəhanə edənlərin sırasında yer almır.

Bəli, Əli Əliyevin rəhbəri olduğu Vətəndaş və İnkişaf Partiyası (VİP) seçkilərdə iştirakla bağlı qəti qərar qəbul edib. Ancaq bu qərarın verilməsi bir qədər yubandı. Bütün bu situasiyalar bizi Əli bəylə geniş bir müsahibə ətrafında söhbət etməyə vadar etdi. Beləliklə, müsahibimiz prezidentliyə namizədlik iddiasını ortaya qoyan, müxalif VİP sədri Əli Əliyevdir. Azinforum.az “Bakı-Xəbər” qəzetinə istinadən həmin müsahibəni təqdim edir.

– Namizəd olmağınızla əlaqədar partiyanız yekun qərarı verdi. Qalan işlərlə bağlı hansı addımları atıbsınız? İşləriniz nə yerdədir?

– Bizim qərarımız bir qədər gec əldə olundu – fevralın 18-i, axşam saat 21 radələrində. Ondan sonra müvafiq sənədlərin hazırlanması prosesinə başladıq. Yəqin ki, qeydiyyata düşmək üçün sənədləri MSK-ya təqdim edəcəyik.

– Fərd olaraq sizin seçkidə iştirakınız sual altında deyildi. Çünki bununla bağlı mövqeyinizi bildirmişdiniz. Ancaq partiyanız ən gec qərar verənlərdən oldu. Partiyada nə baş verirdi, niyə bəzi funksionerlər sizin namizəd olmanızı istəmirdilər?

– Prezident seçkiləri bir nəfərin seçiləcəyi bir marafon kimi görünsə də, işin həcmi, çəkilən əziyyət və xərclənən maddi məsrəflərə, əhatə olunan coğrafiyaya görə ən ağır proses sayılır. Bizim 2013-cü il prezident seçkilərində əldə etdiyimiz bir təcrübə var. Həmin vaxt bizim partiyanın üzvləri 107 dairənin ərazisindən imza topladılar. Demək olar ki, Azərbaycanı tam əhatə edə bildik. Çünki ölkədə cəmi 125 dairə mövcuddur. Buna baxmayaraq, MSK haqsızlıq edərək bizim imzalarımızın əksər hissəsini tanımadı. Proses bizim ziyanımıza işlədi. Həm üzvlərimizin psixoloji durumuna pis təsiri oldu, həm də izafi yerə xeyli maliyyə məsrəfi etdik. Mən qurultayımızda bildirmişdim ki, seçkilərdə iştirakın tərəfdarıyam. Ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini ilk proqnozlaşdıran siyasətçilərdən olmuşam. Yəni partiyamız psixoloji olaraq prosesə hazır idi. Ancaq yekun qərarın verilməsi ilə bağlı toplantı mənim İrana etdiyim səfər dönəminə düşdüyü üçün, bir qədər yubanmalı olduq. Seçkidə iştirakla bağlı qərar Məclis tərəfindən verilir. Baxmayaraq ki, qurultayımızın bununla bağlı tövsiyəsi vardı. Həmin Məclis toplantısında rayon təşkilatlarımızda təmsil olunan üzvlərimiz 2013-cü il təcrübəsini əsas gətirərək, seçkidə iştirakdan imtinanı istəyirdilər. Çünki bundan əvvəlki seçkilərdə bütün əziyyət onların üzərinə düşdü və ortada heç bir nəticə olmadı. Həmin toplantıda seçkidə iştirakın tərəfdarı olanlar da az olmayıb. Mənim ölkədə olmadığım və mövqelərin haçalanması səbəbindən iclasın keçirilməsi feralın 18-nə təyin olundu. Mən bütün tərəfləri dinlədim. Hər iki tərəfin əsaslandırması arqumentli idi. Ümumi situasiyanı, partiyanın gələcəyini nəzərə almaqla mən Məclisin yekun qərarına təsir etmək gücündə oldum. Nəticədə biz konsensus yolu ilə seçkilərdə iştiraka razılıq verdik.

– Dediniz ki, seçkilərin vaxtının irəli çəkilməsi sizin üçün sürpriz olmayıb. Hətta əvvəldən belə proqnozlar da veribsiniz. Bu qənaətə gəlmək üçün məlumatlar sizdə hardan idi?

– Gəldiyim qənaəti apardığım təhlillərdən əldə etmişdim. Proseslər 26 sentyabr referendumundan sonra başladı. Bir qədər də hakimiyyətin daxilindən də müəyyən məlumatları ala bilirəm. Bütün bunların uzlaşmasında belə dəqiq qənaətə gəldim. Mən vaxtı avqusta demişdim və hakimiyyətin seçkiyə fərqli namizədlə qatılacağını bildirmişdim. Yeni namizəd olmasa da, seçkidən sonra ölkə idarəçiliyində xeyli dəyişikliklərin şahidi olacağıq.

–  Sizin seçkilərdə iştirak etməyənlərlə bağlı maraqlı fikriniz var. Deyirsiniz ki, onların da mövqeyinə hörmətlə yanaşırsınız. Ancaq sizin də təmsil olunduğunuz müxalif cameənin boykota gedən kəsimi seçkilərdə iştirak edən siyasilərə belə tolerant yanaşmırlar. Onlar bu yolu tutan müxalifləri seçki imitasiyasında, hakimiyyətə yardım etməkdə günahlandırırlar. Bu təzadı necə izah edərdiniz?

– Mən çalışıram ki, opponentlərimin qəbul etdiyi qərarlara, onların atdığı addımlara hörmətlə yanaşım. Bu mənim xarakterim və siyasi davranışımdan irəli gələn tərzdir. Hesab edirəm ki, seçkiyə gedənlərin, boykot yolunu tutanların və ümumiyyətlə, kənardan durub müşahidə edənlərin hamısının özünəməxsus əsaslandırması var. Bizim onların qərarına müdaxilə etmək hüququmuz yoxdur. Bizim partiyanın da seçkidə iştirakla bağlı verdiyi qərar onun özünə məxsusdur. Bizə görə, seçkidə fəal mövqe tutub əhalini maarifləndirmək, hakimiyyətin çatışmazlıqlarını dilə gətirmək daha məqbul yoldur, nəinki kənarda qalmaq. Bizim boykotla bağlı təcrübəmiz var. Bilirik ki, beynəlxalq ictimaiyyət də seçkilərin boykotuna mənfi yanaşır.

– Sizin belə bir fikrinizə də rast gəldik ki, namizədlərin qeydə alınmasından sonra onların arasındakı müxalifət təmsilçiləri ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edə bilərsiniz. Hansı əməkdaşlıq nəzərdə tutulur və bura hansısa namizədin xeyrinə güzəştə getmək kimi halları da daxil etmək olarmı?

– Mən kiminsə xeyrinə namizədliyimi götürəcəyimi düşünmürəm. Çünki bu qərar bizim partiyanın qərarıdır və mən həmin qərarı icra etmək öhdəliyinə malikəm. MSK-ya müraciət edən namizədlər arasında bizim kiminsə xeyrinə namizədliyimizi güzəştə gedəcəyimiz şəxs görmürəm. Həmin namizədlərdən heç biri bizi geriyə addım atmağa sövq edə bilməz. Yalnız o halda kampaniyanı dayandıra bilərik ki, bizim imza toplayanlarımza maneçilik törədilsin, onlara hansısa formada təzyiqlər olsun. Biz bəyan etmişik ki, belə hallar yaşansa, seçkidəki iştirakımızı dayandırmaq məcburiyyətində qalacağıq.

– Prosesin ən çətin mərhələsi məhz imzatoplama ilə bağlıdır. Bunun üçün yalnız maliyyə yox, həm də strukturlaşmış bir təşkilatın olması vacibdir. Çünki imzalar müxtəlif dairələrdən toplanmalıdır. Belə bir gücünüz varmı?

– Bəli, var. Çünki ortada 2013-cü ildə qazandığımız bir təcrübə mövcuddur. Həmin vaxt partiyamız təkbaşına 107 dairədən 44 min 900-ə yaxın imza topladı. Biz partiyanın mərkəzi aparatında imzaları təftiş edib 42600-nü MSK-ya təqdim etdik. Bu iş sırf partiyanın maliyyəsi və daxili resursları hesabına başa gəldi. Belə bir mərhələni keçmişiksə, deməli, təcrübəmiz var. Düzdür, 2013-cü ildən fərqli cəhət ondan ibarətdir ki, hazırda əhalinin siyasi aktivliyi çox aşağıdır. İkinci faktor isə müddətin qısa olması ilə bağlıdır. Sadaladığım mühüm amillər bir qədər fərqli vəziyyətin yarandığına işarə etsə də, optimistik. Çalışacağıq ki, müəyyən addımlarla çatışmazlıqları kompensasiya edək.

– Rəsmi olmasa da, hansısa müxalif partiyalar, onların üzvləri sizə dəstək verəcəkmi?

– Bizim qərarımız qəbul edilmədən əvvəl iki siyasi partiya sədri VİP namizədini dəstəkləyəcəklərilə bağlı mövqe bildiriblər. Prosedur məsələləri yekunlaşandan sonra mən həmin partiya sədrləri və digərləri ilə görüşüb bu məsələni detallı müzakirə edəcəm ki, namizədliyim digər partiyalar tərəfindən də dəstəklənsin. Təbii ki, söhbət müxalifətdə olan partiyalardan gedir.

– Bu yaxınlarda verdiyiniz müsahibələrdən birində deyibsiniz ki, YAP-a və indiki hakimiyyətə uduzmaq niyyətiniz yoxdur. Sizə elə gəlmirmi ki, ən azı qüvvələr balansı baxımından bu çox iddialı bir açıqlamadır? Yəni siz doğrudan da hakimiyyəti udmaq gücündə olduğunuz qənaətindəsiniz?

– Bəli, mən elə bir fikir bildirmişəm. Ancaq bunu tam fərqli aspektdən işlətmişəm. Mən bu məsələdə Azərbaycanın yaxın qonşuları ilə münasibətlərini nəzərdə tutmuşam. Yəni hesab edirəm ki, Azərbaycan hakimiyyəti yaxın qonşumuz olan İranla çox normal münasibətlər qurur. Ancaq müxalifətin bəlli bir kəsiminin İrana münasibəti fərqlidir. Məhz bu kontekstdə Yeni Azərbaycan Partiyasının İran və digər ölkələrlə bağlı yürütdüyü usta siyasətdə onlara uduzmaq niyyətimin olmadığını bildirmişəm. Bunun da geniş əsaslandırmasını verməyə hazıram. Konkret seçkilərə gəldikdə isə, mənə elə gəlir ki, Azərbaycanın real vəziyyətində təslim olmayanların özləri elə qalibdirlər. Bizim seçkilərə getməyimiz də təslim olmaq istəmədiyimizdən irəli gəlir. Təbii ki, resursların hamısının YAP-ın əlində olduğu bir dönəmdə hazırlıq üçün vaxtın kifayət qədər azlığı bizim seçkidəki qələbəmizə inamı bir qədər kövrək edir. Amma hesab edirik ki, təslim olmayan qüvvələrin bu prosesə qoşulması zərurəti var. Bizim fikrimizcə, seçkidən imtina olunması o anlama gələ bilər ki, ölkədəki hakimiyyət dəyişikliyi seçki yolu ilə deyil, başqa üsullarla həyata keçirilir. Bizim partiya belə üsulları qətiyyətlə rədd edir.

-Seçki ərəfəsində İrana səfər etdiniz. Çox maraqlı bir dönəmə təsadüf edən səfər oldu. Bunun sizin seçki təbliğatınıza nə kimi təsiri olacaq?

– Bizim İrana etdiyimiz səfər İran Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub. Partiyamız  bununla bağlı rəsmi dəvət alıb. Qeyd edim ki, səfər təşkil olunanda Azərbaycanda növbədənkənar prezident seçkilərilə bağlı heç bir məlumat yox idi. Bu səfər bizim partiya üçün böyük  avantajdır. Bu baxımdan ki, Azərbaycanın ən yaxın və böyük qonşusu olan bir dövlət müxalifəti təmsil edən partiya ilə əlaqə qurmağa maraq göstərib. Bəllidir ki, İranın hakim Yeni Azərbaycan və dini kəsimi ətrafında birləşdirən partiyalarla əlaqəsi var. Ancaq bizim partiyanın simasında onların bir milliyyətçi müxalif partiya ilə də əməkdaşlığa maraq göstərməsi təqdirəlayiqdir. Biz bunu partiyamızın perspektivinə olan inam kimi dəyərləndiririk. Bu yöndə İran dövləti ilə təmaslarımızı davam etdirəcəyik.

-Sizin belə fikrinz var ki, boykot taktikasını cəmiyyətimiz dadıb. Bununla nə demək istəyibsiniz?

– Siyasi təcrübəmdən çıxış edib bu fikri bildirmişəm. Kim ki, uğurun boykotda olduğunu zənn edirsə, buyursunlar, yollarını davam etdirsinlər. Ancaq mənim qənaətim tamamilə başqadır. Müxalifət öz qərarlarında ardıcıl olmalıdır. Biz 1998-ci ildə qismən boykot qərarı verdik. O dövrdə müxalifətin əhəmiyyətli namizədləri seçkiyə qatılmaqdan imtina etdilər. 2008-ci ildə müxalifətin əsas kəsimi seçkilərlə bağlı boykot qərarı verdi. Ancaq əldə olunan nəticələrin təhlili maraqlı nəticələri ortaya çıxarır. 1998-ci ildə seçkilərə qatılmaq qərarını verən müxalifət namizədlərindən biri seçkilərdən kənarda qalan 5 namizədin taktikasından daha düzgün addım atmış oldu. Fikrimcə, seçkiyə gedən namizədin həmin addımı cəmiyyətdə ciddi oyanışa səbəb oldu. Ancaq eks-prezident, eks-spiker və digər yüksək vəzifəli şəxslərdən ibarət olan boykotçu liderlər həmin addımları ilə geridə qalmış oldular. 2008-ci ildə isə biz tam fərqli mənzərənin şahidi olduq. Həmin vaxt biz belə qənaətdəydik ki, beynəlxalq ictimaiyyət İlham Əliyevə ciddi təzyiq göstərəcək. Lakin şahidi olduq ki, 2008-2013-cü illər ərzində İlham Əliyev öz prezidentliyini maneəsiz davam etdirdi. Bizim qeyri-legitim münasibət bəsləməmizə baxmayaraq, bütün siyasi partiyalar onun qəbul etdiyi sərəncamlar və qərarlara tabe oldu. Hətta 2010-cu ildə onun imzaladığı sərəncamla parlament seçkilərində iştirak etdik. Sonra şahidi olduq ki, dünyanın demokratiya beşiyi sayılan ABŞ-ın prezidenti Vaşinqtonda İlham Əliyevi böyük təmtəraqla qəbul etdi. Bu münasibətlər bir daha sübut edir ki, boykot səmərə verən taktika deyil. Seçkidə iştirak isə partiya və siyasətçilər üçün adi dövrdə olmayan təbliğat aparmaq imkanları yaradır. Buna görə də biz seçkidə iştirak yolunu seçdik.

Müsahibəni hazırladı:
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …