Mahir üçün yubiley tənqidi – Azər Sarıyev

20:37 | 05.12.2016
3.482 dəfə oxundu

Yubiley yazılarında, adətən, yubliyar haqqında xoş sözlər, təriflər yazılır. Ancaq mən xarakterimə uyğun olaraq, tənqid edəcəyəm.
Mahir çox, həddən artıq, arzuolunmayacaq dərəcədə diqqətcil adamdır. Beləsi ilə yoldaşlıq etmək hər oğulun işi deyil. Heç nə diqqətindən yayınmır. İstər ki, dostunda, yoldaşında hər şey qaydasında olsun, o, hamıdan yaxşı olsun. Ona görə də istədiklərini amansızcasına tənqid edir. Tənqidə bir az da yumor qatanda adamı lap darmadağın edir. İndi gəl beləsi ilə dostluq et.
Həddən artıq dostcanlıdır. Birinə “dost”, “yoldaş” dedisə, onu həyatının bir hissəsi, ciyərinin parası bilər. Dostumuz İbrahimin vəfatından sonra Mahirin nə günə düşdüyünü bir görsəydiniz! Adamın dünyası dağılmışdı, yerlə-yeksan olmuşdu. Özünə gəlməyi xeyli zaman aldı. İndi gəl, belə adama dost ol, sonra get- istər bu dünyada, istər o dünyaya.
Arzu olunmayacaq səviyyədə İNSANdır. Belələrinin bizim zəmanədə və mühitdə yaşaya bilməsi təəccüb doğurur. Bu cürləri barədə “Zəmanə adamı deyil” söylənilir. Mahirkimiləri başa düşməyənlər qeyri-ixtiyari “Axı o, nə istəyir?” sualını verir. Nə istədiyini özü də bilmir. Axı mahirlər istəsələr belə istədiklərini ala bilməyələnlərdəndir. Hansı cəmiyyətdə yaşamalarından asılı olmayaraq. Onlar hər şeyin insancasına, hamının insan olmasını istərlər. İdeal cəmiyyət varmı? Belə cəmiyyət harda?
Nə qədər “arzuolunmaz” olsa da yaxşı ki, belə “qüsur”lu insanlar var və onlardan biri də bizə pay düşüb. Və o bu gün 50 ildir, dözə-dözə yaşayır, sevə-sevə ümid edir ki, bəlkə də düzələr. Ancaq özü çətin “düzələndir”. Mahir, arzu edirəm, 80, 90-da olmasa da heç olmasa, 100 yaşını qeyd edəndə bir az düzəlib dünyaya düz baxasan, onu olduğu kimi qəbul edəsən. Dünyaya gəlişin mübarək!