29 Aprel 2017, Şənbə

“Mənim üçün əsl kişi…” – Sənubər İsgəndərli

22:50 | 11.01.2017
638 dəfə oxundu

“Mənim aləmimdə kişiyə deməməlisən, məsələn, əlimdəki telefon köhnədir, sınıb, ya çatı var. O, özü bunu görməlidir”

Bu sözləri ailem.az-a Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sənubər İsgəndərli deyib.

Müsahibədən kiçik bir hissəni təqdim edirik:

– Sənubər İsgəndərli üçün baxımlı kişi necə olmalıdır?

– Kişi bəlkə də dəblə geyinməyə bilər. Amma səliqə və təmizkarlıq mənim üçün birinci yerdə dayanır. Az danışan kişiləri çox sevirəm. Kişi boş-boş danışmamalıdır. Kişi hissini də, sevgisini də əməli ilə göstərməlidir. Mənim üçün kişinin əməli danışığından daha vacibdir. Dedi-qodu edən kişiləri qətiyyən sevmirəm, onlara nifrət edirəm.

– Bir kişi sizə sevgisini necə sübut edə bilər?

– Əməli ilə. Mənim aləmimdə kişiyə deməməlisən, məsələn, əlimdəki telefon köhnədir, sınıb, ya çatı var. O, özü bunu görməlidir. Təbii ki, imkan daxilində. Mənə görə kişi bütün çatışmazlıqları özü görməlidir, bunu qadın deməməlidir.

– Müasir dövrdə kişilər qadınlardan, qadınlar da kişilərdən şikayət edir. Sizcə, bu balans niyə və nə zaman pozuldu?

– Əvvəllər həyat indiki kimi cah-cəlallı deyildi. Bu yaşayış, bahalı maşınlar, evlər, villalar yox idi, internetdə gözəl yaşayışı reklam etmirdilər. Dəbdəbəli yaşayışı hind filmlərində görərdik. Onun da çox fərqinə varmazdıq. Tamam başqa quruluş idi, başqa düşüncə tərzi idi, ictimaiyyət tamam başqa idi. İndi dünyaya çox açılmışıq. Dünyaya açıldıqca da rifah üçün daha çox mübarizə gedir. Hamı yaxşı yaşamaq istəyir. Hər kəsin də haqqıdır. Sadəcə bunu bir mübarizəyə çevirmək lazım deyil. İndi sözün əsl mənasında mübarizə gedir. Kiminsə rifahı yüksəldikcə paxıllıqlar da çoxalır. Dünya dəyişir, texnika inkişaf edir. Bu, insanları cılızlaşdırmağa doğru aparır. İş yoxdur, yaxşı qız yoxdur, yaxşı oğlan yoxdur – bunların hamısı bir bəhanədir. İstəyən tapar, istəyən görər. İki sevən şəxs bir-birini tapıbsa, onlar mütləq bir-birinə güzəştə gedəcək. Həyatda sevgi varsa, hər şeyin dərmanıdır.