24 İyun 2017, Şənbə

“Lələ Təpə” şirniyyat evinə şirinlik qatan insanlar – Könül Quliyeva

19:49 | 02.06.2017
776 dəfə oxundu

Çoxları kimi mən də istənilən bir ticarət, iaşə və xidmət sahəsinə daxil olarkən ilk növbədə onun adını oxuyuram. Hara və nə üçün daxil olduğumu yəqin etdikdən sonra qərar verirəm. Bəzən isə məhz adlar diqqətimi çəkdiyi üçün həmin yerlə maraqlanıram. Doğrudur, insanlarda olduğu kimi obyektlərində üzərindəki adlar həmişə onlar haqqında dolğun qənaət yaratmağa yetərli olmur.
İnsanlara adları valideynləri verdiyi kimi, iaşə obyektlərinə də onların sahibləri ad seçir. Valideynlərin ad seçimi onların dünyagörüşü, zövqü, bilgisi çərçivəsində olduğu kimi, obyektlərin də adları əsasən onun sahibləri haqqında ilkin qənaət yaratmağa kifayət edir. Adətən ad ilə mahiyyətin arasında fərq olduqda bunun səbəbləri haqqında düşünürəm ki, niyə məhz bu ad seçilib?
Binə qəsəbəsində yaşadığım küçənin çıxışında balaca bir “şirniyyat evi” var idi. Hərdən ürəyim şirniyyat istəyəndə çox yaxın olduğu üçün özümü ora yetirirdim. Bu günlərdə yenə də bir-iki şeylər almaq üçün, həmin mağazaya getdim. Qarşısına çatanda gördüm ki, mağaza artıq bağlanıb. Bir az məyus halda yaxınlıqdakı marketlərin birinə getmək istəyəndə, kənardan məni müşahidə edən bir yaşlı dayı əli ilə sağ tərəfi göstərərək, “qızım bax, orada yeni şirniyyat evi açılıb” – dedi.
Həmin istiqamətə dönəndə gözümə ilk sataşan dükanın adı və üzərindəki şəkil oldu. Ad və şəkilə görə bir anlıq duruxsam da, ürəyimdə dükanın sahibinə rəğbət bəsləyərək yeyin addımlarla ora doğru getdim. İçəridə orta yaşlı, çox da pozitiv aurasi olan satıcı xanımla rastlaşdım. Şirniyyatlara baxa-baxa ürəyimdə düşünürdüm ki, görəsən satıcıdan mağazanın sahibinin kim olduğunu soruşsam ayıb olmaz? Tərəddüdlə, “xanım, mağazanın şəkilini bayır tərəfdən çəkmək olar?” deyə sual verdim. Satıcı xanım “buyurun, əlbətdə olar, ancaq səbəbini bilmək olarmı?” – dedi. Mən, yeni açılmış bu dükana “Lələ Təpə” adının verilməsinin diqqətimi müsbət mənada çəkdiyini və sosial şəbəkələrdən bunu paylaşmaq istədiyimi bildirdim.
Xoş niyyətimdən rahatlanan nurlu simalı bu gözəl xanımı bir az sorğu-suala tutduğum üçün aramızda səmimi münasibət yarandı. Əslən Laçın rayonundan olan Züleyxa xanımla dialoqum qısa olsa da, bəzi fikirlərinə görə rəğbətim də yarandı. Həmin vaxt fürsəti dəyərləndirib dükan sahibinin kimliyini də soruşdum. Satıcı xanım, “müdirimiz Qaçay bəy çox sadə, orta təhsilli sürücüdür və Lerikin Rvarud kəndindəndir” – dedi. Mənim dükanın adını rəğbətlə qarşılamağımdan təəcüblənən və həm də sevinən satıcı xanım bu yaxınlarda şahidi olduğu bir olayı da mənə danışdı.

Deməli, bir müddət öncə Lerikdən bura qonaq gələn Qaçay bəyin orta məktəb müəllimi də bu dükanda olub. Ancaq məndən fərqli olaraq o, bu dükanın adı ilə bağlı çox mənfi münasibət sərgiləyib. Satıcı xanımın dediyinə görə hətta “Lələ Təpə” adına görə öz keçmiş şagirdini xeyli məzəmmət də edib. “Bu, Lerikin hansı kəndidir, niyə bizim belə bir kənddən xəbərimiz yoxdur, sən Lələ Təpə görmüsən, ya orada əsgərliyin keçib, bu nə addır?” kimi suallarla Qaçay bəyin seçimini nəinki tənqid edib, hətta xeyli ələ salıb. O isə ağsaqqal yaşında olan bu orta məktəb müəlliminə çox üzgün halda, “vətəni sevmək üçün onun hər yerində olmaq vacib deyil, mənim üçün uğrunda şəhid verdiyimiz hər qarış torpaq doğmadır”deyərək müəlliminə cavab verib.

Züleyxa xanım Qaçay bəy haqqında çox ürəkdən danışirdı. Onu vətənpərvər, mərd, cəsur bir insan kimi ifadə edirdi. Təmas xəttində olmasa da Daxili Qoşunlarda nümunəvi xidmət keçib. “Onun işçilərə münasibəti, rəftarı hamımızın ürəyincədir. Əsil Azərbaycan kişisinə xas olan bütün müsbət cəhətlər bu insanda cəmləşib. Biz bəzən burada müştərilərə çay və kofe də veririk. Ancaq bizə icazə vermir ki çayı və kofeni kişilərin qarşısına biz aparaq. Deyir ki kim istəyirsə özü gəlib buradan götürər”.
Xanımı dinlədikcə şagirdini məsxərəyə qoyan ali təhsilli ağsaqqal müəllimi ilə öz işçilərinə böyük dəyər verən, hörmətlə yanaşan, vətənini sonsuz məhəbbətlə sevən, orta təhsilli bu zəhmətkeş gənci müqayisə etdim. Müəllimin dediklərinə münasibət bildirmədən qeyd edim ki, aradakı yanaşma fərqinə görə ölkəmizin gələcəyi ilə bağlı xeyli ümidləndim. Gənc nəsilin nümayəndələrinin belə yanaşmasından çox məmnuniyyət və qürur duydum. Züleyxa xanımdan xahiş etdim ki, Qaçay bəyi tanımasam da, ona bir vətəndaş kimi mənim təşəkkürümü çatdırsın. Mağazadan ayrılarkən yol uzunu düşündüm ki, təkcə Qaçay bəyə təşəkkür etməklə kifayətlənməyib, bu olayı bir yazı halında dəyərli oxucularımızın da müzakirəsinə təqdim edim.

Əslində çox zaman işğalda olan torpaqlarımızın adına hansısa obyektlərin üzərində rast gələndə bir qədər məyyusluq hissi keçirirəm. Ərazilərimizin işğal altında qalmasına görə sanki özümü əzilmiş hiss edirəm. O yurdlarımızın adının şəhərdə kiçik obyektlərin üzərində olmasını mənfi qarşılayan insanlara da çox rast gəlirəm. Hətta bəzən onları belə yaşmalarına görə qınamaq da olmur. Tərk etdiyimiz böyük yurdların adını kiçik obyektlərin üzərində görmək kimə xoş görünə bilər ki? Ancaq, üzərində şəhid qanı axıdılmış, ölkəmizin gənc nəsillərinə vətənpərvərlik aşılayan məkanlarımızın adının unudulmaması daha yaxşı haldır. İndi şəhərimizin küçələrində rast gəldiyimiz, heç bir məna kəsb etməyən, dilimizə yatmayan bayağı adlardansa, “Lələ Təpə” kimi deyilişi və yazılışı gözəl olan, mənası vətənpərvərlik aşılayan adları seçməyimiz yaxşı olmazmı?