Azinforum.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şuranın sədri seçilən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şuranın ilk iclasında çıxışı zamanı bildirib ki, yeni yaradılmış Turizm Şurası ölkəmizin turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək. 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün prioritet məsələ “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarət olacaq:

“Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvələrimizi səfərbər etməliyik”.

Əbülfəs Qarayev onu da qeyd edib ki, Yeni il bayramına qədər Azərbaycandakı hotellərin böyük əksəriyyətində yerlər sifariş olunub: “Həmin müştərilər arasında yerli turistlərlə yanaşı, xarici ölkələrdən olan turistlər də var. Xarici turistlər əsasən Gürcüstan, Körfəz ölkələri və İrandandır”.

İclasda şura üzvləri tərəfindən ölkəmizdə turizmin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, görüləcək işlər və nəzərdə tutulmuş layihələr barədə müzakirələr aparılıb.