Ana səhifə / Kriminal / Universitet tələbəsi dəm qazından öldü – bu ilin acı statistikası…

Universitet tələbəsi dəm qazından öldü – bu ilin acı statistikası…

2018-ci ildə dəm qazı ilə bağlı ən ağır hadisələr martda baş verib: Sumqayıtda bir ailə məhv olub, Bakıda baş redaktor həyatını itirib

Qış aylarının başlanması ilə demək olar ki, hər gün dəm qazı zəhərlənməsi və onun səbəb olduğu ölümlərlə bağlı xəbərlər oxuyuruq.

Son belə hadisə srağagün Astarada baş verib. 18 yaşlı tələbə dəm qazından zəhərlənərək vəfat edib. “Qafqazinfo” xəbər verir ki, 2000-ci il təvəllüdlü, Astara rayon sakini İbrahimzadə Leyla İlşat qızı hamamda çimərkən dəm qazından zəhərlənib.

Belə ki, Lənkəran Dövlət Universitetinin tələbəsi olan L. İbrahimzadə ötən gün bacısı  Roza İbrahimzadənin evinə gedib. Bu zaman bədbəxt hadisə baş verib.  Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin edilib.

“Yeni Müsavat” xatırladır ki, bu il baş verən ən ağır hadisə Sumqayıtda qeydə alınıb. Belə ki, bir ailənin 6 üzvü dəm qazından boğulub. Sumqayıt şəhərində yaşayan 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.

Mart ayının 6-da isə dəm qazı daha iki uşağın ölümünə səbəb olub.  Hadisə Bakı şəhərində baş verib. Dinarə Qüdrətova və Binyamin Qüdrətov qazdan boğularaq vəfat ediblər.

Yenə mart ayında Bakıda tanınmış jurnalist, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimov yaşadığı evdə  dəm qazından boğularaq dünyasını dəyişib. Təkcə mart ayının ilk 10 günündə 14 nəfər dəm qazından boğularaq ölüb.

Oktyabr-noyabr aylarında da qazdan zəhərlənmələr olub. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə oktyabr ayında 12 nəfər, noyabr ayında isə 11 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib.

Toğrul Hidayətzadə və onun həyat yoldaşı Aysel ile ilgili görsel sonucu

Noyabrın 28-də dəm qazından zəhərlənmə  Şamaxıda qeydə alınıb. Dəm qazından 26 yaşlı Nafiz Feyzullayev və onun 21 yaşlı həyat yoldaşı Gülşən Ağayeva boğularaq ölüblər.

Daha bir ər-arvadı isə polislər xilas edib. Dekabrın 2-də Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsinə Yeni Günəşli qəsəbəsi V yaşayış massivi, ev 16, mənzil 33-dən qonşu mərtəbədə yerləşən mənzilə su axması və içəridən xırıltı səslərinin gəlməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə yollanan bölmənin sahə inspektoru polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili polis leytenantı Pünhan Mehdiyev vəziyyətə operativ qiymət verərək evdə olan şəxslərin dəm qazından zəhərlənməsini müəyyən ediblər. Bundan sonra polislər qonşuların iştirakı ilə ikinci mərtəbədə yerləşən mənzilin eyvanındakı pəncərəni qıraraq içəri daxil olublar.

Toğrul Hidayətzadə və onun həyat yoldaşı Aysel ile ilgili görsel sonucu

Bu zaman polislər mənzildə Toğrul Hidayətzadə və onun həyat yoldaşı Ayseli halsız vəziyyətdə aşkar edərək onlara ilkin tibbi yardım göstəriblər. Təcili tibbi yardım gələnə qədər polis kapitanı N.Əzizov dəm qazından zəhərlənən şəxslərə süni nəfəs verərək onları həyata qaytarmağa nail olub. Daha sonra hər iki şəxs 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib.

Bu günlərdə isə Bakıda 10 yaşlı Fateh Mərdanov və  valideynləri dəm qazından zəhərləniblər. Nəticədə evin yeganə övladı Fatehin həyatını xilas etmək mümkün olmayıb.

Statistikaya görə, dəm qazı zəhərlənmələrinin əksəriyyəti hamam otağında baş verir. Bu isə oradakı cihazların düzgün quraşdırılmaması və istifadəçinin mövcud qaydalara əməl etməməsi ilə əsaslandırılır.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən bildirilir ki, onların verdikləri qazın tərkibində heç bir dəyişiklik yoxdur. Qurum rəsmiləri hadisələrdə özlərini günahkar bilməyib qeyd edirlər ki, qazdan boğulmaların əksəriyyətinin səbəbi abonentlərin cihazlarla düzgün davranmamasıdır.

Dəm qazından zəhərlənmələrini qarşısını almaq üçün hər il bu mövzuda xeyli marifləndirici məqalələr yazılsa da, bu faciələrin qarşısını almaq mümkün olmur. Bu səbəbdən hər il onlarla can alan dəm qazı təhlükəsindən yaxa qurtarmaq üçün detektor qoymaq təklif edilir. Bəzi yeni çoxmərtəbəli binalarda mənzil-tikinti kooperativləri evləri qazla bağlı problemləri aşkarlayan detektorla təchiz edirlər. Bu cihazlar həm qaz sızması, həm də dəm qazı yarandığı halda yüksək səslə siqnal verərək əvvəlcə qaz axınını dayandırır. Şirkət rəsmisinin sözlərinə görə, bu cihazlar əlçatandır, hətta onu internetdə də tapıb almaq olar. Belə dedektorların qiyməti 30 manat civarındadır.

Mütəxəssislər  hesab edir ki, bu cihazdan istifadə yetərincə təbliğ olunmur.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …