Şənbə , Oktyabr 20 2018
Ana səhifə / Kriminal / Sumqayıtda 4 nəfərin ölümünə görə 1 vəzifəli şəxs həbs edildi – İkisi axtarışa verildi

Sumqayıtda 4 nəfərin ölümünə görə 1 vəzifəli şəxs həbs edildi – İkisi axtarışa verildi

Cari il iyulun 28-də saat 19 radələrində Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində “DAF” markalı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən çənin partlaması nəticəsində orada usta işləyən Müsü Məlikov, Akif Quliyev, Rövşən Məlikov və avtomobilin sahibi Fərhad Rüstəmovun yanıq xəsarətlərindən ölmələri faktına görə Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, üzərlərinə yanğın təhlükəsizliyinə cavabdehlik vəzifəsi qoyulmuş MMC-nin vəzifəli şəxsləri tərəfindən əməyin mühafizəsi, elektrik qaynaq işləri zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulmaqla bilik və təcrübəsi yoxlanılmayıb, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təchiz olunmamış işçilər qaynaq işlərinə cəlb olunublar.

İş üzrə qaynaq və digər odlu işlərin görüləcəyi ərazidə və binalarda yanğın təhlükəsizliyinə cavabdehliyi öz üzərinə götürmüş MMC-nin baş mühasibi Elçin Salmanov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin, iş üzrə MMC-nin direktoru Səyavuş Qurbanzadə və yanğın təhlükəsizliyinə cavabdeh Hüseyn Kazımov Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarışa veriliblər.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

“Həkimə hər ay 100 manat pul verirdim” – Narkoloji Mərkəz işi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – …