Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Saxtası 100, orijinalı 2000 manat: qol saatlarını necə seçməli?

Saxtası 100, orijinalı 2000 manat: qol saatlarını necə seçməli?

Eyyub Hüseynov: “5 manatlıq saat da, 30 min dollarlıq saat da vaxtı eyni göstərir, bu pulu uşaq evlərinə, ehtiyacı olanlara çatdırmaq daha savab iş olar…”

Qol saatını əvvəllər yalnız zamanı ölçmək üçün istifadə edirdilərsə, hazırda insanlar üçün o, geyimi tamamlayan vazkeçilməz aksesuar funksiyasını daşıyır. İnsanların saatlara olan bu marağını nəzərə alan brend firmalar öz saatlarını müxtəlif dizaynlarda istehsal etməyə başlayıb. Əvvəllər, sadəcə, dəmir və dəri kəmərli saatlar vardısa, indi bu çeşidlər artaraq muncuqlu, gümüşlü, yaylıqlı, ipli, zəncirli olub və meydana yeni brendlər gəlib. 
SSRİ dövründə məşhur olan “Raketa”, “Slava”, “Polyot” kimi saat markaları indi öz yerini “Tissot”, “Romanson” “Sitizen”, “Swatch”, “Garmin”, “Seiko”, “Cartier”, “Oriyent” kimi brendlərə verib. Hazırda paytaxtın istənilən yerində, istənilən brendə və qiymətə məxsus saatlara rast gəlmək mümkündür. Paytaxtda 4 manatdan tutmuş 20 min manatadək satılan saatlar var. Biz də paytaxtda fəaliyyət göstərən saat mağazalarından  bir neçəsinə baş çəkib bu bahalı saatlarla yaxından tanış olduq, onların özəllikləri, alıcılarının olub-olmaması ilə maraqlandıq.
 
İlk olaraq 28 Mall ticarət mərkəzində yerləşən  saat mağazasına baş çəkdik. Burada saatların qiyməti 100 manatdan başlayırdı. Saatların orijinal olduğunu deyən satıcı alıcıların olduğunu deyirdi. Görünüşünə görə çox sadə olann, ancaq 857 manata satılan “Garmin Fenix 3″ firmasının saatının hansı özəlliklərinə görə bu qədər baha olması ilə maraqlandıq. Satıcı bu saatın sırf idmançılar üçün nəzərdə tutulduğunu və bir çox özəlliklərinin olduğunu bildirdi: ”Bu saat bluetooth vasitəsilə smartfonunuzla əlaqəyə girərək gələn zənglər, mesajlar və elektron məktublar barədə sizə bildirişlər verəcək. Bundan başqa, yuxu və yandırılmış kalori miqdarını, nəbz ölçən cihazın köməyi ilə nəbzinizi izləyir. Eyni firmaya məxsus “Grmin Swim” saatı isə sırf üzgüçülər üçün nəzərdə tutulub. Bu saat məsafəni müəyyən edir, ritmi təyin edir, üzərkən əllərin hərəkətinin sayını hesablayır, yanmış kalorini müəyyən edir və sairə. Bu saatın qiyməti isə 288 manatdır”.
Paytaxtda daha bahalı qol saatlarının satıldığı digər brend mağazalara da baş çəkdik. Bu mağazalarda qiymətlər  1000 manatdan başlayırdı. Qiymətlərin yüksək olması onların dərisinin timsah dərisindən olması, kənarlarının qızıl suyuna salınması, suya, zərbəyə davamlı olması və orijinal İsveç saatları olması ilə əlaqələndirilirdi. Satıcı bu cür bahalı saatların alıcılarının daha çox məmurlar və sənət adamları olduğunu dedi. Satıcı ən bahalı saatlardan gün ərzində 2-3 ədəd satdığını deyir. Biz də bu cür alıcılardan birinin bahalı saatlara münasibətini öyrəndik.
Rəşad Əliyev adlı alıcı hədiyyə üçün saat almağa gəldiyini dedi: “Biznesmenəm və ortağım üçün saat hədiyyə etmək istəyirəm. Onun bugünlərdə ad günü olacaq. Düşündüm ki, bir iş adamı üçün ən yaxşı hədiyyə qol saatıdır. Saatların qiyməti bir az baha olsa da cibimə uyğun saat tapdım və alıram. Ucuz saatlar da var. Amma ucuz saat alıb 1 ay taxmaqdansa, bahalı saat alıb bir neçə il taxmaq daha yaxşıdır. Bahalı orijinal saat insanı yarıda qoymaz deyə, düşünürəm”.
Qeyd edək ki, paytaxtın müxtəlif yerlərində ucuz saatlar da var. Maraqlısı odur ki, eyni brend adı daşıyan bu saatlar xarici görünüşünə və dizaynına görə orijinalından faktiki olaraq seçilmir. Bu isə brend mağazalarda satılan saatların doğrudan da orijinal olub-olmaması haqda şübhə yaradır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov brend mağazalarda da saxta saatların ola biləcəyi ehtimalının olduğunu deyir: “Paytaxtda qiyməti 30 min dollar olan saatlar da satılır. Mən həmişə demişəm ki, mobil telefon olan yerdə saat nəyə lazımdır.  Məsələn, mən uzaq yerlərə gedəndə saatı dəqiqləşdirmək üçün saat taxıram ki, bu saatın da qiyməti 5 manatdır. Eyyub Hüseynovun taxdığı 5 manatlıq saatla 30 min dollarlıq saat vaxtı eyni göstərir. Bahalı saata pul verməkdənsə, həmin pulu uşaq evlərinə, ehtiyacı olanlara çatdırmaq daha savab və humanitar iş olar”.
Qurum sədri brend saatlarla bağlı onlara ildə bir-iki şikayət daxil olduğunu söylədi: “Hətta saat ölkəsi olan Cenevrənin özündə də saxta saatlar satılır. Bu işin mahiyyətində isə o durur ki, bahalı saat alıb vuran insanlara başa salmaq istəyirlər ki, saxta saatla orijinal saat eyni vaxtı göstərir. Saatın saxta olması bir aksesuar kimi onun mahiyyətindən irəli gəlir. Təəssüflər olsun, saxta saat satışı bütün dünya ölkələrində var. Məsələn, İtaliyanın çimərliklərində brend saatların saxtaları satış üçün insanlara təklif olunur. Saatların saxta olduğunu sübut etmək üçün bir neçə arqument var. Orijinal və bahalı saat firmaları ölkədə öz bazarlarının təmizlənməsi üçün heç bir iş aparmırlar. Bunlar nə Azad İstehlakçılar Birliyinə, nə dövlət orqanlarına, nə də ki, KİV-lərə müraciət etmirlər. Bu isə o deməkdir ki, özlərinin bu işlə əlaqələri var. Bizim 20 illik təcrübəmiz göstərir ki, hansı bazardan saxta məhsullarının təmizlənməsi üçün iş aparmırsa, firmaların özlərinin bu saxta işlərdə marağı var. Məsəl üçün, parfümeriya biznesində bu çox geniş yer almış məsələlərdən biridir. Brend parfümeriya olsa, öz bazarını təmizləmək üçün iş aparar. Bu, saat biznesinə də aiddir. Brend mağazada belə, saxta saat ola biləcəyi güman edilir”.
 
Ümumiyyətlə, hər zaman dünyada söz sahibi olan siyasətçilər də zamanı məhz bahalı saatlarla ölçməyə üstünlük veriblər. Siyasətçilər arasında ən bahalı saatları ilə İtaliyanın sabiq baş naziri Silvio Berluskoni fərqlənib. O, qiyməti təxminən 600 min dollar olan “Vacheron Konstantin” modelindən istifadə edib. Rusiyanın baş naziri Dmitri Medvedyev İsveçrənin “Breguet” firmasının “Classique Moon Phase” modelinə maraq göstərib ki, bu saatın da qiymət 32 min dollardır. 
Rusiya prezidenti Vladimir Putin vaxtını “Blancpain” firmasının “Leman Aqualung Grande Date” modelinə əsasən qurur. ABŞ prezidenti Barak Obama isə Çin istehsalı olan “Jorg Gray 6500″ idman tipli saat taxır. Qiyməti cəmi 435 dollardır.
 
Günel MANAFLI
Fotolar müəllifindir



Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın