Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Restoranda mənə dedi ki, məsələ pul yox, qız məsələsidir” -Generalın bacanağının məhkəməsi

“Restoranda mənə dedi ki, məsələ pul yox, qız məsələsidir” -Generalın bacanağının məhkəməsi

Hazırda həbsdə olan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun qohumu hakim qarşısına çıxarılıb.
Generalın bacanağı Müsənnif Talıbov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Müsənnif Talıbov Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham edilir.
Bu gün keçirilən prosesdə əlavə şahid qismində Ceyhun Qurbanov ifadə verib.
Ceyhun Qurbanov hazırda həbsdə olan Elçin Qurbanovun qardaşıdır.
Elçin Qurbanov Bakı Şəhər Prokurorluğunun təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri olub. Elçin Qurbanov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O da bu iş üzrə təqsirləndirilərək həbs edilib.
Elçin Qurbanov ötən məhkəmədəki ifadəsində bildirib ki, səhhəti ilə bağlı 2014-cü ildə Türkiyəyə gedən zaman Müsənnif Talıbov onu Amid Hüseynovla tanış edib.
Əlavə edib ki, Müsənnif Talıbov onun həm xalasının oğlu, həm də bacısının həyət yoldaşıdır:
“Türkiyədə xəstəxanaya gedəndə Amid bizə kömək elədi. Sonra Bakıda işdə olan zaman Amid gəldi. Mən də həmin vaxt Bakı Şəhər Prokurorluğunda çalışırdım. Xahiş etdi ki, atası həbsdədir ona hüquqi yardım göstərim. Mən də ona vəkil tutmasını dedim. O, atasının həbsdən azad olunması üçün əfv yazmasına kömək etməyi xahiş etdi. Ona yalnız hüquqi yardım göstərdim.
Sonra Amin Hüseynov mənə zəng edib, hədə-qorxu gəldi ki, guya Müsənnif, oğlu və mən ondan ümumilikdə 30 min pul almışam. Heç nə başa düşmədim, dayanmadan söyüş söyürdü. Mən də telefonu bağladım. Bir qədər keçəndən sonra rəisim otağına çağırıb, Amidin məndən şikayətçi olduğunu bildirdi. Daha sonra barəmizdə cinayət işi başlanıldı və mən həbs edildim”.
Məhkəmədə elan olunub ki, E.Qurbanov barəsində irəli sürülmüş ittihama əsasən, o, Amid Hüseynovun atasını həbsdən azad etdirmək adı ilə ondan 10 min manat pul alıb. E.Qurbanov isə bunun yalan olduğunu, A.Hüseynovun şər-böhtanı əsasında həbs edildiyini söyləyib.
Elçin Qurbanovun qardaşı Ceyhun Qurbanov dindirilən zaman təqsirləndirilən Müsənnif Talıbovun xeyrinə ifadə verib.
O deyib ki, həm qardaşı, həm də Müsənnif Talıbov bu işdə günahsızdır.
“Mənim bu işlərdən xəbərim yox idi. Sonradan xəbər tutdum. Bir gün Amid zəng edib mənimlə görüşmək istədiyini dedi. Mən də düşündüm ki, yəqin pul söhbətinə görədir. Restoranda olanda mənə dedi ki, məsələ pul yox, qız məsələsidir. Nə dediyini başa düşmədim. Sonra dedi ki, bəs Müsənnif öz qızını onlara verəcəkmiş, qohum olacaqlarmış. Bacımın qızı olsa da, bu söhbətlərdən məlumatsız idim. O dedi ki, artıq prinsip məsələsidir və axıra qədər gedəcək. Əvvəlcə Elçini, sonra Müsənnif və oğlunu tutduracağını, bu işin axırına qədər gedəcəyini dedi. Birinci Elçini tutduracaqdı, ona görə ki, o, prokurorluqda işləyirdi. Amid Müsənnifə kömək edə bilməsin deyə Elçini tutduracağını deyirdi. Prinsipə görə etdiyini dedi və axırı da belə oldu”- deyə şahid qeyd edib.
Məhkəmədə əlavə şahidlərin də dindirilməsi başa çatıb. Müsənnif Talıbovun vəkilləri məhkəməyə əlavə vəsatətlər təqdim etmək istədiyini bildirib. Məhkəmə iclası yanvarın 15-nə təxirə salınıb.
Bildirək ki, sərbəst ifadəsində Müsənnif Talıbov heç kimdən pul almadığını, ittihamda yazılanlarla razı olmadığını söyləyib.
Zərərçəkmiş Amid adlı şəxsin torpaq sahəsinin sənədlərində problem olub. Bunu qaydasına qoymaq üçün ona 6 min manat pul verib:
“Sonra Amid Türkiyəyə gedəndə gəlib məndən 500 manat pulunu aldı, 5500 manat isə məndə qaldı. İş düzəlmədi və mən ona dedim ki, gəlib pulunu götürər. Bir qədər keçəndən sonra Amidin atası qəza törətdi. O, mənə atasına yardım etməyimi istədim. Onun xəstəxana xərclərinə Amidin məndə olan 5500 manatından da artıq pul xərclədim”.
Məlumata görə, o, qonşusuna qarşı dələduzluq edib. Belə ki, Talıbov qonşusuna həbsdə olan atasını azad edəcəyini deyib. Daha sonra isə onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədini verib.
İttihama görə, M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən ümumilikdə 30 min manat pul alıb.
Səhətində problem olan M.Talıbovun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, azadlıqdadır.
Xatırladaq ki, general Sübahir Qurbanov “MTN işi” çərçivəsində həbs edilib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib.(musavat.com)

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …