Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Qaxda evi yandırılan Qarabağ qazisinin işi yenidən Ali Məhkəmədə – FOTOLAR

Qaxda evi yandırılan Qarabağ qazisinin işi yenidən Ali Məhkəmədə – FOTOLAR

İlqar Cəlilov Ali Məhkəmənin hakiminə etiraz edir; ona dəymiş ziyanın ödənilməsini istəyir

Dekabrın 5-də Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə Qax Elektrik Şəbəkəsinin sabiq rəisi Elşad İdris oğlu Əlimov, onun müavini olmuş Xəlil Nəzir oğlu Bayramovun kassasiya şikayətinə baxılacaq. Bu haqda “Yeni Müsavat”a məlumat verən Qarabağ qazisi, prezident təqaüdçüsü İlqar İbrahimxəlil oğlu Cəlilov deyir ki, qeyd olunan şəxslərin kassasiya şikayətinin qəbuluna etiraz edir: “Bu adamlar məni Qax rayonu, Qaxmuğal küçəsi ev 5-də yerləşən mənzilimin kül olmasına səbəb olan səhlənkarlıq ediblər. Nəticədə mənə 60 min manatdan artıq ziyan dəyib. Məhkəmələr də bu işə baxıblar və qərarlarını veriblər. İlyarım əvvəl Ali Məhkəməyə qədər məsələ qalxıb və qarşı tərəf şikayətini geri götürüb”.

İ.Cəlilovun sözlərinə görə 2017-ci ilin iyununda hakim Hafiz Nəsibov şikayətə baxıb və Elşad İdris oğlu Əlimov, Xəlil Nəzir oğlu Bayramov şikayətlərini geri götürüblər. Şikayətçi hazırda işə hansı əsasla baxıldığını bilmədiyini deyir. Onun sözlərinə görə bu şəxslərin əməllərindən ona külli miqradra ziyan dəyib, hələ də ziyan ödənməyib:

“Mən baş icra məmuru Vilayət Zahirovun qəbulunda olduqdan sonra Elşad İdris oğlu Əlimov, Xəlil Nəzir oğlu Bayramovun evlərinin üzərinə həbs qoyuldu. Bundan sonra mənə 34 min 100 manat ödədilər. Yerdə qalan 20 min manatdan artıq pulu isə ödəmirlər. Mənə verdikləri pulla evimi tikmişəm, üstünü örtdüm. Amma qalanı ödəmirlər ki, evin tikintisini tamamlayım. İndi də 1 il 6 ay sonra şikayət veriblər və Ali Məhkəmənin hakimi Hafiz Nəsibov şikayəti qəbul edib. Buna qəti şəkildə etiraz edirəm”.

İlqar Cəlilovun evi 2015-ci il martın 3-də, səhər 10 radələrində yanıb. Həmin gün İlqar Cəlilovun və digər 6 qonşunun mənzilində qəfildən yanğın baş verib. Evdə olan qonşular yanğının qarşısını ala biliblər. İlqar Cəlilov isə həmin vaxt iş yerində olub, ailə üzvləri də evdə olmayıblar. Yanğın vaxtında söndürülmədiyindən 4 otaqlı ev və həyətdəki qaraj yanaraq kül olub. Hadisədən sonra İlqar Cəlilov öyrənib ki, qonşularında bütün elektrik cihazları partlayıb, yanıb sıradan çıxıb. Evdə olan qonşular elektrik naqillərində baş verən yanğını söndürüblər. İlqar Cəlilov hadisə baş verəndən sonra Bakıya gələrək fövqəladə hallar nazirinin qəbuluna düşüb. Hadisənin elektrik naqillərində gərginliyin normadan dəfələrlə artıq verilməsindən şübhələndiyini söyləyib. Ərizəsində yazıb ki, eyni zamanda 7 evdə yanğının başqa səbəbdən olmasına inanmır. Bu haqda “Yeni Müsavat”ın 2 iyul 2018-ci il tarixli sayında  “Qaxda Qarabağ qazisinin evini yandırıblar, özünü isə ölümlə, həbslə hədələyirlər” http://musavat.com/news/qaxda-qarabag-qazisinin-evini-yandiriblar-ozunu-ise-olumle-hebsle-hedeleyirler_538006.html yazı dərc etmişdik.

İ.Cəlilov deyir ki, ona evinin yanması nəticəsində ümumilikdə 61 min 886 manat  zərər ödənişi haqda qərar çıxarılıb.  Yanğının Qax Elektrik Şəbəkəsinin sabiq rəisi Elşad İdris oğlu Əlimovun, onun müavini olmuş Xəlil Nəzir oğlu Bayramovun səhlankarlığı üzündən baş verməsi təsdiqlənib və hər iki şəxs barəsində 3 il məntəqə tipli cəzaçəkmə müəssisəsinə cəza çəkmə qərarı verilib.

 

 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …