Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Plana görə, meyitlər doğranılaraq, torbalara yığılmalı idi” – AzTV sədrinə qarşı sui-qəsd iddiasının TƏFƏRRÜATLARI

“Plana görə, meyitlər doğranılaraq, torbalara yığılmalı idi” – AzTV sədrinə qarşı sui-qəsd iddiasının TƏFƏRRÜATLARI

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilənlərin növbəti məhkəməsi baş tutub.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılıb. Təqsirləndirilənlər Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdur.

Məhkəmədə cinayət işi üzrə əsas şahid olan Müsabil Namazov ifadə verib. Şahid ifadəsində göstərib ki, Arif Alışanova sui-qəsd barədə ilk dəfə Şamaxıda eşidib.

Şahidin sözlərinə görə, bu haqda ona təqsirləndirilənlərdən Qoçəli deyib: “Gördüm ki, Qoçəli ilə Şücayət nəsə danışırlar. Qoçəli dedi ki, müəllim bura gəlir. Dedilər ki, 600 min pul veririk, bu məsələni həll edərsiz. Sonra silah verdilər. Həmin vaxtlar Arif müəllim Şamaxıya gəldi. Əvvəl müəllim, sonra bir qadın, sonra isə sürücü maşından düşdü. Qoçəliyə dedim ki, bu, qansız işdir. Sui-qəsd ona görə baş tutmadı ki, mən Qoçəliyə yalandan demişdim ki, bunu planlı şəkildə etməliyik, belə sui-qəsd etmək olmaz. Mənə tapşırıq vermişdilər ki, Alışanovla yanaşı, onun yanında olan şəxsləri də güllələyim”.

Şahid bildirib ki, AzTV sədrinə sui-qəsd planının hazırlanması barədə polisə xəbəri özü verib: “Bakıya gəlib sui-qəsd planı hazırlandığını dedim”.

Məhkəmədə hakim şahidə “sizi kimsə öyrətməyib” deyə sual verib. Şahid cavabında “xeyir” deyib.

Şücayət Əkbərovun vəkili də şahidə sual verib: “Əvvəldən razılaşmışdınızasa, sonradan niyə imtina etmisiniz? Əgər prokurorluğu məlumatlandırmaq niyyətiniz vardısa, niyə silahı götürürdünüz?”.

Şahid bunu da planlı şəkildə etdiyini bildirib: “Lazım olsa, Şücayətgili aldadıb tərksilah etmək üçün silahı götürdüm. Plana görə, sui-qəsd baş tutacağı təqdirdə, meyitlər doğranılaraq torbalara yığılmalı idi”.

Bildirək ki, ittiham aktında yazılır ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Rəsmi məlumata görə, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu M.Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.

İttihama görə, M.Namazov dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib. Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10 və 228.3-cü maddələrlə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …