Penitensiar Xidmət Lotu Qulinin lüks otağına aydınlıq gətirdi: “Hansı yolla olubsa…”

Sosial şəbəkələrdə “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifovun həbsxanadakı sonuncu fotosu ciddi müzakirələrə səbəb olub.

Fotoda Lotu Quli lüks kamerada görüntülənib. Başdan ayağa qaraya bürünən “Lotu Quli”nin qara eynək və papaq da taxdığı görünür. İlk növbədə isə diqqəti cəlb edən kameradakı mebel və avadanlıqların kifayət qədər bahalı olmasıdır.

Maraqlıdır, məhbuslara belə lüks kameralar verilə bilərmi? 

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Cebhe.info-ya açıqlamasında deyib ki, Nadir Səlifov adi kamerada saxlanılıb, lüks otaqda olmayıb: “Harada şəkil çəkilib bilmirəm. Ola bilsin ki, vəkil otağında olub. Çünki hamı üçün eyni şəraitli kameradır. Həmin şəxs də o cür kamerada saxalanılıb. Bu, məhbus otağı deyil. Ola bilsin vəkil otağında olanda vəkil onun şəklini çəkib, onu bilmərəm. Hansı yolla olubsa, hər halda kamera deyil”.

Qeyd edək ki,“Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun azadlığa buraxılmağı barədə xəbər yayılıb.

Digər bir xəbərə görə isə o, hazırda Gürcüstandadır. Lotu Quli 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova “qanuni oğru” adı verilib. O, 2005-ci ildə məhkəmə tərəfindən daha 15 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət aləmində nüfuzlu azərbaycanlı “oğru”lardan sayılan “Lotu Quli” Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın “oğru tacını” əlindən alıb. Eyni zamanda, həbsxanada olmasına baxmayaraq, Rafət Əlibayramlinskinin “oğru” adını aldığı “sxodka”larda Skype vasitəsilə iştirak edib. Nadir Səlifov 2021-ci ildə azadlığa çıxmalı idi, ancaq vaxtından əvvəl buraxılıb.