Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Ölkədən xeyli pul çıxarılır

Ölkədən xeyli pul çıxarılır

İstənilən ölkədə milli valyutanın sabitliyi ödəmə balansının durumundan asılıdır. Sadə dillə deyilsə, ödəmə balansı ölkəyə ən müxtəlif kanallarla daxil olan və ölkədən çıxan xarici valyuta axınlarının nisbətini əks etdirir.

Bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev deyib.

İqtisadçı qeyd edir ki, daxil olan valyuta çıxan xarici valyutadan çox olanda milli valyuta ucuzlaşmır, həm də ölkənin valyuta ehtiyatları artır: “Ölkədən çıxan valyuta daxil olan xarici valyutadan çox olanda isə milli valyuta ucuzlaşır, ölkənin valyuta ehtiyatları isə məzənnəni qorumağa xərcləndiyi üçün azalır. Necə ki, son il yarımda Azərbaycanda bu proses müşahidə edilir”.

R.Ağayevin sözlərinə görə, bu ilin yanvarında xaricdən əmtəə idxalı 30 faizədək azalıb: “Çoxları düşünür ki, bu, artıq manatın sabitliyi üçün yetrəlidi. Reallıqda belədirmi?

Əgər idxalın azaldığı şəraitdə ixrac artırsa, yaxud sabit qalırsa, ən azından idxal ixracdan daha üstün sürətlə azalırsa, bu arqument müəyyən qədər əsaslı ola bilər. Doğrudur, 2016-cı ilin yanvarında Azərbaycanın idxalı 131 milyon dollar və ya 23 faiz azalıb, amma ixrac bundan daha çox – 620 milyon dollar və ya təxminən 50 faiz azalıb. Ölkənin idxala xərclədiyi xarici valyutanın azalan hər dolları müqabilində ixracdan qazandığı valyuta təxminən 5 dollar azalıb. Nəticədə ötən ilin yanvarına nisbətən aylıq xarici ticarət balansının müsbət saldosu 3.5 dəfəyədək azalaraq 700 milyon dollardan  215 milyon dollara enib”.

İqtisadçı əlavə edir ki, ticarət balansının müsbət saldosu valyuta bazarında dayanıqlığın təmin edilməsi üçün vacibdir, amma kafi deyil: “Önəmli göstərici cari hesablar balansının saldosudu. Cari hesablar balansına əmtəə axınlarından savayı daha 2 kanalla valyuta hərəkəti daxildir: xidmətlər hesabı və gəlirlər (ilkin və təkrar) hesabı.

Son 5 ilin statistikası göstərir ki, Azərbaycanda həm xidmətlər, həm də gəlirlər hesabının saldosu daima mənfi olub, yəni bu kanallarla ölkədən çıxan valyuta ölkəyə gələn valyutanı üstələyib. Və son 3 illik statistika göstərir ki, bu 2 hesab üzrə orta aylıq kəsir təxminən 500-600 milyon dollar aralığında dəyişib. Lakin həmin illərdə xarici ticarət balansının orta aylıq müsbət saldosunun 1-1.2 milyard dollar olması nəticəsində cari hesablar balansının yekunu müsbət 5-6 milyard dollardan az olmayıb.  Bir vacib faktoru da nəzərdən qaçırmaq olmaz. O dövlətlərdə ki ölkəyə kapital axını ölkədən kapital axınından azdırsa, belə şəraitdə nəinki ticarət balansının, hətta cari hesablar balansının saldosunun müsbət olması da milli valyutanın sabitliyi üçün yetərli olmaya bilər. Bunun üçün vacib olan şərt kapital axınlarının mənfi nisbətinin cari hesablar balansının müsbət saldosundan kiçik olmasıdır. 2015-ci ildə Azərbaycanda biz bu prosesin canlı şahidi olduq. Kapital axınlarının mənfi nisbətinin cari hesablar balansının müsbət saldosunu 9 milyard dollara yaxın üstələdi. Bu nisbət isə məhz Mərkəzi Bankın ehtiyatlarının əriməsi hesabına qapadıldı”.

R.Ağayev bildirir ki, ölkəyə əmtəə idxalı ilə yanaşı xidmət idxalının azalmadığı, xidmət ixracının ən azı əvvəlki səviyyədə qalmadığı, ölkəyə kapital axınının (investisiyalar, kreditlər, depozitlər formasında) ölkədən kənara kapital axınını üstələmədiyi şəraitdə ticarət balansının hazırkı kiçik həcmli müsbət saldosu manatın rahatlaması üçün yetərli deyil: “Bu suallara daha dəqiq cavablar yanvar ayı üzrə tədiyyə balansının göstəricilərinin açıqlanması ola bilərdi. Amma heyif ki, biz bu rəqəmləri may ayından tez görə bilməyəcəyik. O zaman isə geri qayıdıb yanvarı təhlil etməyin əhəmiyyəti qalmayacaq”. bizimyol.info

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın