Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / “Müdirlə yola getmirdi, onu incidirdi”- çörək sexinin müdirini öldürənin işi antimagnito.ru

“Müdirlə yola getmirdi, onu incidirdi”- çörək sexinin müdirini öldürənin işi antimagnito.ru

İşlədiyi çörək sexinin müdirini öldürməkdə ittiham edilən gənc hakim qarşısına çıxarılıb. Onun qətli törətdikdən sonra Gəncəyə qaçdığı məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1996-ci il təvəllüdlü Cəfərov İsmayıl Vahid oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Mahir Kərimov deyib ki, taksi sürücüsü kimi fəaliyyət göstərdiyini deyib. O bildirib ki, həmin zaman çörək sexinin yaxınlığında olub.

Mahir Kərimov deyib ki, mərhum Elmar Qasımov onun maşınına əyləşib və təcili xəstəxanaya çatdırılmasını istəyib.

Şahidin dediyinə görə, əvvəlcə Elmar Qasımovun bıçaqlandığını bilməyib.

“Maşına özü əyləşdik. Normal şəkildə də yeriyə bilirdi. Dedi ki, onu xəstəxanaya aparım. Mən də sonra bildim ki, bıçaqlanıb. Qanaxma da görmürsən ki, bıçaqlandığını biləsən. Maşınıma bir damcı da qan düşməyib. Xəstəxanaya çatanda da vəziyyəti yaxşı idi. Sonradan dünyasını dəyişdiyini bildim. Polislər də məni şahid kimi çağırdı”- deyə M.Kərimov qeyd edib.

Məhkəmədə təqsirləndirilən Ismayıl Cəfərovun dayısı Qalib Paşayev də dindirilib.

Onun sözlərinə görə, 29 yaşlı İsmayıl cinayəti törətdikdən sonra ona zəng edib.

“Mən Gəncədə idim. Zəng edib, müdirini bıçaqladığını dedi. Mən də onu yanıma çağırdım. Başqa səhv hərəkət etməsini istəmirdim. Gəncədə polisə özüm məlumat verdim. İsmayılı da aparıb polisə təhvil verdim”- deyə şahid sərbəst ifadəsində söyləyib.

Suallara cavab verən Qalib Paşayev İsmayılla müdiri arasındakı münasibətlərdən də danışıb. O deyib ki, bacısının oğlu müdiri tərəfindən incidildiyini bir neçə dəfə deyib: “Mənimlə tez-tez əlaqə saxlayırdı. Bir neçə dəfə demişdi ki, müdiri ilə yola getmir. İşdə onu sıxışdırır, incidir. Mən də hər dəfə deyirdim ki, yanıma gəl, yola getmirsənsə, işləmə”.

Qətlə yetirilən şəxsin atası, hüquqi varisi şahidin dediklərinə etiraz edib və bildirib ki, hadisədən sonra İsmayılı gizlədiblər. Hüquqi varis bu işdə əli olan digər şəxslərin də məsuliyyətə cəlb edilmələrini istəyib.

Qalib Paşayev mərhumun atasının dediklərinə belə cavab verib: “Gəncədə Nizami rayon polisinə şəxsən özüm məlumat vermişəm. Sonra da İsmayılı apardım. Bakıdan polislər zəng elədi. Mən də onlarla danışdım. Bildirdilər ki, gətirib təhvil verin. Sonra da İsmayılı Bakıya aparıb polisə təhvil verdik”.

Məhkəməyə gəlməyən digər şahidlər barəsində isə məcburi gətirilmə qərarı çıxarılıb.

Növbəti məhkəmə iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Bakı şəhəri, NZS qəsəbəsində baş verib. Çörək sexində çalışan İsmayıl Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb.

İsmayıl Cəfərov ifadəsində müdiri tərəfindən təzyiqlərə məruz qaldığını və işdə olarkən sıxışdırıldığını iddia edib.

O, elan olunmuş ittihamla özünü təqsirli bilib.

Qeyd edək ki, İsmayıl Cəfərov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb. (Musavat.com)

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …