Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / MANAT NİYƏ CAN VERİR?

MANAT NİYƏ CAN VERİR?

Azərbaycan hökuməti neft gəlirləri hesabına iqtisadiyyat qurmaq şansını qaçırdı

Azərbaycan hökumətinin son səkkiz-doqquz ildə apardığı iqtisadi siyasətin “bəhrəsi” artıq yetişməkdədir. Ölkə neft bumu dövrünə qədəm qoyduğu dövrlərdən başlayaraq iqtisadiyyat narkotikadan asılı narkoman kimi neft gəlirlərindən asılı vəziyyətdə saxlanıldı. O vaxtdan etibarən hər il dövlət büdcəsinin yarıdan çoxu, bir çox hallarda üçdə ikisi neft gəlirlərindən əldə edilən vəsaitlər hesabına formalaşır. Bunun əsas hissəsini Neft Fondundan transfertlər təşkil edir. Hökumətdən dövlət büdcəsinə bu cür münasibət qısa müddət üçün məqbul sayıla bilərdi. Çünki iqtisadiyyatı qurmaq üçün vəsait lazım idi, onu da Allah yetirmişdi. Lakin bir şərtlə ki, neft gəlirlərindən büdcəyə daxil olan vəsaitlərin əsas hissəsi qeyri-neft sektorunun inkişaf etdirilməsinə, ölkə daxilində iqtisadi qaynaqların yaradılmasına, qalan hissəsi isə əhalinin sosial müdafiə xərclərinə yönəldiləydi. Amma neft gəlirlərinin fontan vurduğu dövr sayılan bu səkkiz-doqquz ildə neft gəlirlərindən dövlət büdcəsinə daxil olan vəsaitlər dövlət investisiya xərcləri adı altında iqtisadi cəhətdən səmərəli olmayan layihələrə xərcləndi. Daha konkret desək, bu vəsaitlər ağına-bozuna baxmadan yol, körpü, keçid, istirahət parkların tikintisinə, metro stansiyalarının təmirinə, binaların üzlənməsinə, bəzi tarixi və yaşayış binalarının təmirinə və sairə səmərəsiz (İqtisadi səmərəsi olmayan) istiqamətlərə xərcləndi.
Bir məqamı də vurğulamağı vacib sayıram ki, bir qayda olaraq dövlət büdcəsi Milli Məclisdə müzakirə edilərkən, büdcə layihəsinin 30-40 faizini təşkil edən sözügedən dövlət investisiya xərclərinin hansı layihələrə xərclənəcəyi heç bir deputata məlum olmayıb. Yəni, millət vəkilləri layihəyə səs verərkən bilməyiblər ki, həmin vəsaitlər hansı layihələrə xərclənəcək. Deputatlar sadəcə konkret rəqəmə səs veriblər. Əslində isə həmin vəsaitlərin hansı layihələrə xərclənəcəyi bəlli olmalı, layihələr parlamentarilərə təqdim edilməli idi ki, onlar da bu layhələrin hansının məsləhətli, hansının lazımsız olduğunu müəyyənləşdirə bilsinlər. Deputatlar ən yaxşı halda həmin layihələrlə ilin sonunda, büdcə icra edildikdən sonra tanış ola bilirlər. Məsələnin bu şəkildə parlamentin müzakirəsinə çıxarılması isə həmin xərclərin böyük əksəriyyətinin korrupsiyaya yem olmasını düşünməyə əsas verir və həmin xərclərin səmərəliliyini şübhə altına alır.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, investisiya xərcləri real sektora deyil, yalnız mücərrəd, səmərəsi çətin ölçülən və ya ölçülə bilməyən, sosial səmərəyə malik olduğu ehtimal edilən layihələrə xərclənir. Məsələn, Bakıda “Səadət” sarayının təmir və yenidən qurulmasına iki ilə 70 milyon manat xərclənirsə, düşünən yoxdur ki, bunun iqtisadi və ya sosial səmərəsi nədən ibarətdir? Ölkə boyu parklar salınır, minlərlə bina öz tikinti smetası dəyərinə bərabər xərc smetası ilə üzlənilir, paytaxtın bir küçəsinə ildə iki-üç dəfə asfalt döşənirsə, bunun səmərəsi barədə düşünmək gərəkir. Çünki sərf edilən vəsaitin mənbəyi tükənməz deyil. Bu gəlirlər neft satışından əldə edilir və bir vaxt neft tükənə bilər. Tükənən mənbədən gələn gəlirlər isə mütləq iqtisadi cəhətdən səmərəli istiqamətlərə xərclənməlidir.
Bütün dunları düşünərək Azərbaycan hökuməti neft gəlirlərindən əldə olunan vəsaitləri yalnız iqtisadi səmərəyə malik sahələrə yatırtmalı idi. Loru dildə desək, neft pulları yalnız büdcəyə pul gətirə bilən, qazanc əldə edilə bilən sahələrə xərclənməli idi ki, ölkənin daxilində iqtisadi qaynaqlar yaransın, ildən-ilə büdcənin neftdən asılılığı həmin qaynaqlar hesabına azaldılsın. Proses bu istiqamətdə gedərdisə, ölkə iqtisadiyyatının daxili istehsalı ilə yanaşı ixracat potensialı da ildən ilə artar, nəticədə manatın dönərli valyutaya çevrilməsi prosesinə start verilərdi. Növbəti illərdə isə artıq manatın saxlanılması üçün xərclənən vəsaitlərə ehtiyac qalmazdı, manat sərbəst dönərli valyutaya çevrilərdi. Çünki valyutanın dönərli olması üçün əsas şərtlərdə biri ölkədən ixrac edilən hazır məhsulların həcmi heç olmasa idxal məhsullarına bərabər olmalıdı. Bİzim isə ixracatımızın 95 faizini neft və neft məhsulları təşkil edir ki, həmin məhsullar da dollara satılır. Elə isə manat Azərbaycanın sərhədləri xaricində kimə lazımdır ki, o dönərli valyutaya çevrilə bilsin? Azərbaycan hökuməti ilk növbədə bu barədə düşünməli idi. Lakin torpaqın altındakı passivlərimiz (neft-qaz potensialı) yerin üzərinə çıxarılaraq aktivləşdirildisə də, o yenidən dəmir-betona, asfalta, daşa-divara çevrilərək yenidən passivlərə çevrildi. Amma doğru variant ondan ibarət idi ki, aktivlərimiz istehsal fondları yaradılmasına sərf edilərək, elə aktiv olaraq qalaydı.
İqtisadiyyatın inkişaf etdirilməsində yuxarıda göstərilən istiqamətlər nəzərə alınmadığına görə, bu illər ərzində milli valyuta dönərli valyutaya çevrilə bilmədi. Əvəzində manat neft gəlirləri hesabına süni şəkildə möhkəmləndirildi. Bütün bu dövr ərzində manat süni nəfəs aparatına qoşularaq koma vəziyyətində saxlanılan orqanizmi xatırladırdı. Artıq hökumətin “oksigen balonu” boşalmaqdadır. Buna görə hökumət hər il milyardlarla vəsait itirirdi. Həmin milyardlar isə neft satışından əldə edilən dollarla idi. Budur, neft tükənməsə də, kəskin şəkildə dəyərdən düşüb. Ona görə də dövlət nə xərclərini əvvəlki səviyyədə saxlaya bilir, nə də manatın ayaqda qalması üçün valyuta bazarına vəsait ata bilir. Bu səbəbdən də manat getdikcə dəyərini itirir. Bu proses neftin qiyməti qalxana qədər davam edəcək. Azərbaycan hökuməti isə artıq neft gəlirləri hesabına ölkə iqtisadiyyatını qurmaq şansını itirdi. Bu şans yenidən gələcəkmi, bu suala cavab vermək çox çətindir.

Akif Nəsirli

Azinforum.az

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın